Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-11-2026 , 01:06

99

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Tural Ağammədov: “Torpaq sahələrinin satış qiymətlərinin süni şəkildə artırılması alıcılar üçün əlavə maliyyə yükü yaradır.”

Masallı bələdiyyəsində növbəti ilin büdcə layihəsinin müzakirəsi aparılıb. Qarşıdakı dövrdə əsas diqqətin bələdiyyə yollarının saxlanılmasına, sosial yardımların göstərilməsinə və ərazidə abadlıq işlərinin davam etdirilməsinə yönəldilməsi nəzərdə tutulur. Eyni zamanda, büdcə gəlirlərinin artırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, əmlak və torpaq sahələrinin uçotunun dəqiqləşdirilməsi istiqamətində yeni yanaşmalar müzakirə edilir.

2026-cı ilin yanvar-oktyabr ayları üzrə büdcə daxilolmalarının ötən ilin eyni dövrü ilə müqayisəsi də diqqətçəkən nəticələr ortaya qoyur. Belə ki, torpaq və əmlak vergisi, mehmanxana ödənişləri, eləcə də icarə haqları üzrə daxilolmalarda əhəmiyyətli artım qeydə alınıb.

Mövzu ilə bağlı Masallı bələdiyyəsinin sədri Tural Ağammədovla söhbət etdik.

– Tural müəllim, ilk növbədə bilmək istərdik, növbəti ilin büdcə layihəsinin müzakirəsi keçirilibmi? Qarşıdakı il üçün hansı istiqamətlər əsas prioritet kimi müəyyənləşdirilib?

– Bəli, Masallı bələdiyyəsində növbəti ilin büdcə layihəsinin müzakirəsi aparılıb. Büdcənin hazırlanması zamanı ilk növbədə ərazinin mövcud ehtiyacları, sakinlərin müraciətləri və bələdiyyənin üzərinə düşən vəzifələr nəzərə alınır. Bizim üçün əsas məsələ maliyyə vəsaitlərinin düzgün planlaşdırılması və mövcud imkanlardan səmərəli istifadə edilməsidir.

Növbəti ildə də bir neçə istiqaməti əsas fəaliyyət prioritetimiz kimi müəyyənləşdirmişik. Bunlardan birincisi bələdiyyə yollarının saxlanılması və onların vəziyyətinin yaxşılaşdırılmasıdır. Yol infrastrukturu sakinlərin gündəlik həyatına birbaşa təsir göstərən sahədir. Buna görə də yolların təmirə ehtiyacı olan hissələrinin müəyyənləşdirilməsi, mövcud yolların saxlanılması və imkanlar daxilində abadlaşdırılması diqqət mərkəzində olacaq.

İkinci mühüm istiqamət sosial yardımlardır. Bələdiyyə olaraq aztəminatlı ailələrin, sosial müdafiəyə ehtiyacı olan şəxslərin müraciətlərinə həssas yanaşırıq. İmkanlarımız çərçivəsində bu kateqoriyadan olan sakinlərə dəstək göstərilməsi gələn ilin büdcəsində də nəzərdə tutulan istiqamətlərdəndir.

Üçüncü istiqamət isə abadlıq və yaşıllaşdırma işləridir. Yaşayış mühitinin yaxşılaşdırılması, ərazilərin səliqə-sahmana salınması və ictimai məkanların daha əlverişli vəziyyətə gətirilməsi daim diqqət tələb edən məsələlərdir.

Təbii ki, bütün bu işlərin həyata keçirilməsi büdcənin real maliyyə imkanlarından asılıdır. Ona görə də xərclərin planlaşdırılmasında həm zəruriliyi, həm də əhalinin gündəlik ehtiyaclarına təsiri əsas götürülür.

– Növbəti il üçün büdcə gəlirlərinin hansı həcmdə olacağını proqnozlaşdırırsınız?

– İlkin hesablamalarımıza əsasən, gələn il büdcə gəlirlərinin təxminən 400 min manat civarında olmasını planlaşdırırıq. Bu, hazırkı proqnozlara əsaslanan göstəricidir və gəlirlərin faktiki həcmi il ərzində daxilolmaların səviyyəsindən asılı olacaq.

Burada vacib məqam ondan ibarətdir ki, büdcə gəlirlərinin artırılması sadəcə rəqəmlərin yüksəlməsi demək deyil. Bu, bələdiyyənin öz səlahiyyətləri çərçivəsində daha çox məsələyə maliyyə ayırması, sosial ehtiyaclara daha geniş dəstək göstərməsi və ərazidə abadlıq işlərini genişləndirməsi üçün əlavə imkanların yaranmasıdır.

Biz çalışırıq ki, gəlirlərin formalaşdırılması ilə xərclərin planlaşdırılması arasında düzgün tarazlıq yaradaq. Büdcə nə qədər real və əsaslandırılmış proqnozlar üzərində qurularsa, il ərzində qarşıya qoyulan vəzifələrin icrası da bir o qədər səmərəli olar.

– Bəs büdcə gəlirlərinin artırılması üçün hansı addımların atılması nəzərdə tutulur? Bu istiqamətdə hansı məsələlər müzakirə edilib?

– Büdcə gəlirlərinin artırılması bizim üçün mühüm vəzifələrdən biridir. Çünki bələdiyyənin maliyyə imkanları genişləndikcə əhaliyə göstərilən xidmətlərin keyfiyyətini yüksəltmək və yerli əhəmiyyətli məsələlərin həllinə daha çox vəsait yönəltmək mümkün olur.

Bu istiqamətdə iki əsas məsələ üzərində dayanmışıq.

Birincisi, çıxarışı olan əmlak və torpaq sahələrinin bələdiyyənin müvafiq məlumat bazasına işlənməsidir. Ərazidə mövcud olan, lakin uçot və məlumat bazalarında tam əksini tapmayan əmlak və torpaq sahələrinin müəyyənləşdirilməsi vacibdir. Məlumatların dəqiqləşdirilməsi vergi ödəyicilərinin uçotunun təkmilləşdirilməsinə, vergitutma obyektlərinin düzgün müəyyənləşdirilməsinə və büdcəyə daxilolmaların artmasına xidmət edəcək.

İkinci istiqamət vergi yığımına nəzarətin gücləndirilməsidir. Vergi öhdəliklərinin vaxtında və düzgün yerinə yetirilməsi üçün maarifləndirmə və nəzarət tədbirlərinin əhəmiyyətini nəzərə alırıq. Məqsəd yalnız yığımları artırmaq deyil, eyni zamanda vergi intizamını möhkəmləndirmək, mövcud qanunvericiliyin tələblərinə uyğun şəffaf və sistemli uçot mexanizmi formalaşdırmaqdır.

Hesab edirik ki, bu tədbirlər ardıcıl şəkildə həyata keçirildikdə büdcənin gəlir bazasının möhkəmlənməsinə müsbət təsir göstərəcək.

– Gəlin, konkret rəqəmlərə nəzər salaq. 2025-ci ilin yanvar-oktyabr ayları ilə 2026-cı ilin eyni dövründə büdcə daxilolmaları arasında hansı fərqlər var?

– Təqdim etdiyimiz on aylıq göstəricilərin müqayisəsi büdcə gəlirlərinin əsas mənbələri üzrə əhəmiyyətli artımın olduğunu göstərir. Xüsusilə torpaq və əmlak vergilərindən daxilolmalarda nəzərəçarpan yüksəliş qeydə alınıb.

Belə ki, 2025-ci ilin yanvar-oktyabr aylarında torpaq vergisi üzrə 15 min 543 manat daxil olmuşdusa, 2026-cı ilin eyni dövründə bu rəqəm 55 min 954 manata çatıb. Göründüyü kimi, daxilolmalar 40 min 411 manat artıb və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 dəfədən çox yüksəlib.

Əmlak vergisi üzrə də müsbət dinamika müşahidə olunur. 2025-ci ilin ilk on ayında bu mənbədən 71 min 486 manat vəsait daxil olduğu halda, 2026-cı ilin eyni dövründə daxilolma 117 min 360 manat təşkil edib. Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 min 874 manat və ya təxminən 64,2 faiz artım əldə olunub.

Mehmanxana ödənişlərindən daxilolmalar da iki dəfədən çox yüksəlib. Əgər 2025-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 2 min 311 manat idisə, cari ilin eyni dövründə 5 min 610 manata çatıb. Bu, 3 min 299 manat və ya 142,7 faiz artım deməkdir.

İcarə haqları üzrə daxilolmalarda da müsbət dəyişiklik var. 2025-ci ilin ilk on ayında cəmi 256 manat təşkil edən bu göstərici 2026-cı ilin eyni dövründə 2 min 290 manata yüksəlib. Başqa sözlə, 2 min 34 manat əlavə vəsait daxil olub.

Ümumilikdə, sadaladığımız dörd gəlir mənbəyi üzrə 2025-ci ilin yanvar-oktyabr aylarında büdcəyə 89 min 596 manat daxil olmuşdu. 2026-cı ilin eyni dövründə isə bu məbləğ 181 min 214 manata çatıb. Beləliklə, bir il ərzində daxilolmalar 91 min 618 manat artıb. Faiz ifadəsində bu, təxminən 102,3 faiz yüksəliş deməkdir. Yəni torpaq vergisi, əmlak vergisi, mehmanxana ödənişləri və icarə haqları üzrə büdcə daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artıb.

Hesab edirəm ki, bu rəqəmlər bələdiyyənin gəlir mənbələrinin genişləndirilməsi və mövcud imkanlardan daha səmərəli istifadə istiqamətində aparılan işlərin əhəmiyyətini göstərir. Əlbəttə, bu dinamikanı qoruyub saxlamaq və daha da yaxşılaşdırmaq üçün qarşıdakı dövrdə də fəaliyyətimizi davam etdirməliyik.

– Xüsusilə əmlak və torpaq vergisi üzrə artım diqqət çəkir. Bu nəticələri hansı amillərlə əlaqələndirirsiniz?

– İlk növbədə, vergi ödəyicilərinin uçotunun dəqiqləşdirilməsi və vergi yığımına diqqətin artırılması mühüm əhəmiyyət daşıyır. Büdcə gəlirlərinin formalaşmasında hər bir vergi mənbəyinin öz yeri var. Əmlak və torpaq vergisi isə bələdiyyənin gəlir bazasının əsas hissəsini təşkil edən istiqamətlərdəndir.

Bizim yanaşmamız ondan ibarətdir ki, ərazidə mövcud olan əmlak və torpaq sahələri barədə məlumatlar mümkün qədər dəqiq və dolğun olmalıdır. Çıxarışı olan mülkiyyət obyektlərinin məlumat bazasına daxil edilməsi, vergi öhdəliklərinin müəyyənləşdirilməsi və ödənişlərə nəzarətin gücləndirilməsi gəlirlərin artırılması baxımından vacibdir.

Əldə olunan nəticələr bu istiqamətdə işlərin əhəmiyyətini göstərir. Məsələn, torpaq vergisi üzrə daxilolmaların bir il ərzində 40 min manatdan çox artması diqqətəlayiq göstəricidir. Əmlak vergisində isə artım təxminən 46 min manatdır. Bu iki mənbə üzrə ümumi artım 86 min 285 manat təşkil edir.

Beləliklə, dörd gəlir mənbəyi üzrə qeydə alınan 91 min 618 manatlıq ümumi artımın böyük hissəsi məhz torpaq və əmlak vergilərinin payına düşür. Bu da həmin istiqamətlərdə aparılan uçot və yığım işlərinin bələdiyyə büdcəsi üçün nə qədər əhəmiyyətli olduğunu bir daha ortaya qoyur.

– Bəs mehmanxana ödənişləri və icarə haqları üzrə artımı necə qiymətləndirirsiniz?

– Bu iki istiqamət üzrə də müsbət dinamika var. Mehmanxana ödənişlərinin 2 min 311 manatdan 5 min 610 manata yüksəlməsi həmin mənbədən daxilolmaların əhəmiyyətli dərəcədə artdığını göstərir.

İcarə haqları üzrə artım isə daha yüksək faizlə ifadə olunur. Əvvəlki ilin ilk on ayında 256 manat olan daxilolma cari ilin eyni dövründə 2 min 290 manata çatıb. Burada 2 min manatdan artıq əlavə gəlir əldə olunub.

Əlbəttə, bu gəlir mənbələrinin ümumi büdcədəki xüsusi çəkisi torpaq və əmlak vergiləri ilə müqayisədə azdır. Lakin hesab edirik ki, büdcənin gəlir mənbələrinin şaxələndirilməsi də vacibdir. Hər bir istiqamət üzrə uçotun düzgün aparılması və qanunvericiliyə uyğun daxilolmaların təmin edilməsi ümumi maliyyə imkanlarına müsbət təsir göstərir.

– Bununla yanaşı, 2026-cı ildə bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən əldə olunan vəsaitin ötən illə müqayisədə təxminən üç dəfə azaldığı bildirilir. Bu azalmanın səbəbi nədir?

– Bəli, bu istiqamətdə əvvəlki illə müqayisədə azalma müşahidə olunur. 2026-cı ildə bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən daxil olan vəsait təxminən üç dəfə azalıb.

Bu halın əsas səbəblərindən biri İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq sahələrinin satış qiymətlərinin artırılması ilə əlaqədardır. Torpaq sahələrinin satış qiymətlərinin süni şəkildə alıcılar üçün əlavə maliyyə yükü yaradır. Nəticədə satış imkanları və bu əməliyyatlardan bələdiyyə büdcəsinə daxil olan vəsait azalır.

Burada bir məqamı xüsusi vurğulamaq istərdim: bələdiyyə gəlirlərinin dayanıqlı şəkildə artırılmasını yalnız torpaq və digər əmlakın özgəninkiləşdirilməsi hesabına təmin etmək düzgün yanaşma deyil. Bizim əsas məqsədimiz müntəzəm gəlir mənbələrinin gücləndirilməsidir. Torpaq və əmlak vergilərinin yığılması, icarə münasibətlərinin düzgün uçotu və vergi intizamının möhkəmləndirilməsi uzunmüddətli perspektivdə daha dayanıqlı maliyyə bazası yarada bilər.

– Deməli, büdcənin gəlir hissəsinin artırılması ilə yanaşı, xərclərin səmərəli idarə olunması da əsas məsələlərdən biridir. Bu baxımdan hansı prinsipləri əsas götürürsünüz?

– Tamamilə doğrudur. Büdcə gəlirlərinin artması vacibdir, amma həmin vəsaitlərin düzgün istiqamətlərə yönəldilməsi də eyni dərəcədə əhəmiyyətlidir.

Biz büdcə vəsaitlərinin istifadəsində əhalinin gündəlik ehtiyaclarını əsas götürməyə çalışırıq. Yol təsərrüfatının saxlanılması, sosial dəstək tədbirləri və abadlıq işləri bu baxımdan ön plandadır.

Məsələn, bələdiyyə yollarının vəziyyəti ilə bağlı sakinlərin müraciətləri diqqətlə nəzərdən keçirilməlidir. Hansı ərazidə daha çox ehtiyac varsa, maliyyə imkanları çərçivəsində həmin məsələnin həllinə üstünlük verilməlidir. Eyni zamanda, sosial yardımların göstərilməsində müraciətlərin mahiyyəti və ailələrin ehtiyacları nəzərə alınmalıdır.

Abadlıq işləri də yalnız görünüşün yaxşılaşdırılması kimi qiymətləndirilməməlidir. Səliqəli, təmiz və rahat yaşayış mühitinin yaradılması əhalinin həyat keyfiyyətinə birbaşa təsir edir.

Əsas prinsipimiz odur ki, büdcə xərcləri real ehtiyaclara uyğun müəyyənləşdirilsin və hər bir manatın istifadəsində səmərəlilik təmin olunsun.

– Son olaraq, Masallı bələdiyyəsinin qarşıdakı dövr üçün əsas hədəfləri nədən ibarətdir?

– Əsas hədəfimiz bələdiyyənin maliyyə imkanlarını genişləndirmək, gəlir mənbələrini daha düzgün uçota almaq və bu imkanları sakinlərin ehtiyaclarının ödənilməsinə yönəltməkdir.

2026-cı ilin ilk on ayının göstəriciləri bir sıra gəlir mənbələri üzrə müsbət dinamikanın olduğunu göstərir. Dörd əsas istiqamət üzrə daxilolmaların 89 min 596 manatdan 181 min 214 manata yüksəlməsi bu baxımdan əhəmiyyətlidir. Lakin biz bu nəticələrlə kifayətlənmək niyyətində deyilik. Vergi bazasının dəqiqləşdirilməsi, yığım intizamının gücləndirilməsi və mövcud maliyyə resurslarının səmərəli idarə olunması istiqamətində işləri davam etdirməliyik.

Gələn il üçün təxminən 400 min manatlıq büdcə gəliri proqnozumuz da bu məqsədlərə xidmət edir. İstəyimiz odur ki, formalaşan maliyyə imkanları real işlərdə öz əksini tapsın: yolların saxlanılmasında, sosial ehtiyacların qarşılanmasında, ərazilərin abadlaşdırılmasında və sakinləri narahat edən yerli məsələlərin həllində.

Bizim üçün ən vacib nəticə bələdiyyənin fəaliyyətinin insanların gündəlik həyatında müsbət dəyişiklik yaratmasıdır. Bunun üçün gəlirlərin artırılması ilə yanaşı, şəffaflıq, məsuliyyət və səmərəli idarəetmə prinsiplərini əsas tutaraq fəaliyyətimizi davam etdirəcəyik.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər