Əziz Zeynalov: “2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan edilməsi milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addımdır”
“Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin öyrənilməsi baxımından əvəzsiz rol oynayır”- bu fikirləri Belediyye.infoya Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.
Sədr qeyd edib ki, dövlətin suverenliyi, bir xalqın özünüidarəetmə, daxili və xarici siyasətində müstəqil qərar vermək hüququnu ifadə edən mühüm anlayışdır.
Sədr bildirib ki, dövlətimizin müstəqillik tarixinin ən mühüm hadisələrindən olan Əsas Qanun məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanıb. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu vasitəsilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında ölkəmizdə müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə təsbit edilib. Belə ki, Konstitusiyada dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, ümumbəşəri dəyərlərə sadiqlik və digər dəyərlər öz əksini tapıb. İlk dəfə olaraq yerliözünüidarəetmə ilə bağlı əsas prinsiplərin ölkənin Əsas Qanununda yer alması da atılan mühüm addımlardan hesab olunur. Əsas Qanunun IV bölməsinin bütovükdə yerliözünüidarəetməyə həsr olunması, üstəlik bələdiyyə sisteminin əsas fəaliyyət prinsiplərinin əsas qanunda xüsusi yer ayrılması bələdiyyələrin fəaliyyətinə yaşıl işıq yandırmış oldu.
Prezident
İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş
referendumla Konstitusiyaya üçüncü dəfə əlavə və dəyişikliklər müxtəlif sahələri
əhatə etməklə, ali dövlət, məhkəmə hakimiyyəti orqanlarının və hətta bələdiyyələrin işinin təkmilləşdirilməsinə,
insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlib.
Beləliklə,
Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə
uyğunlaşdırılıb və bu prosesdə bələdiyyə sisteminin inkişafı da diqqətdən kənarda
qalmayıb. Məhz atılan addımların nəticəsidir ki, bu gün bələdiyyələr cəmiyyətdə öz sözü və çəkisi olan bir quruma çevrilib.
2025-ci
ili “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın dövlətçilik ənənələrini daha da
möhkəmləndirmək məqsədi daşıyır, həmçinin milli suverenliyimizin və
hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addımdır.
Rəylər
0 Rəy