Təmizlik işçilərini bələdiyyənin üzərinə kim qaldırıb? CİDDİ
Son günlər
mediada Sumqayıt şəhərində təmizlik işçilərinin iki aydır əməkhaqqı ala bilmədikləri
üçün şəhər bələdiyyəsinin binası qarşısında toplaşaraq əməkhaqlarını tələb etmələri
ilə bağlı məlumatlar yayılıb.
Məsələnin
diqqətçəkən tərəfi isə ondan ibarətdir ki, əməkhaqqı tələbi məhz həmin işçilərin
çalışmadığı, onlarla əmək münasibətlərində olmayan bir qurumun – Sumqayıt bələdiyyəsinin
qarşısında səsləndirilib.
Bələdiyyə
tərəfindən verilən açıqlamada vətəndaşların yanlış istiqamətləndirildiyi
bildirilib. Bununla yanaşı, etiraz iştirakçılarının özlərinin paylaşdıqları
videomateriallara diqqət yetirdikdə, kifayət qədər böyük insan kütləsinin bələdiyyə
binası qarşısına yönləndirilməsi və hadisənin məhz bu istiqamətdə cərəyan etməsi
müəyyən suallar doğurur.
Ən sadə və
məntiqli sual isə budur: İnsan necə ola bilər ki, əmək müqaviləsi ilə
çalışmadığı, əməkhaqqının ödənilməsinə görə hüquqi və maliyyə öhdəliyi
daşımayan bir qurumdan əməkhaqqı tələb etsin? Bu qədər insanın heç olmasa bir nəfəri
belə özünə sual verməyibmi ki, biz əməkhaqqımızı hansı qurumdan alırıq, işə qəbulumuz
hansı təşkilat tərəfindən həyata keçirilib və əmək münasibətlərimiz kiminlə rəsmiləşdirilib?
Axı söhbət
Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat
Birliyinin işçilərindən gedir. Onların əməkhaqqının ödənilməsi ilə bağlı məsuliyyət
də müvafiq işəgötürən qurumun üzərinə düşür. Bəs elə isə əməkhaqqı tələbinin
ünvanı niyə bələdiyyə olmalıdır?
Bəli,
bunlar kifayət qədər düşündürücü suallardır.
Uzun illərdir
bələdiyyə sektorunun inkişafı, qarşılaşdığı problemlərin həlli və yerli
özünüidarəetmə institutlarının cəmiyyətdə nüfuzunun artırılması istiqamətində
çalışan, bu sahədə müəyyən təşəbbüslərlə çıxış edən bir şəxs kimi baş verən
hadisə ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirməyi özümə borc hesab
edirəm.
İlk növbədə
qeyd etmək istəyirəm ki, Sumqayıt bələdiyyəsi ölkə bələdiyyələri arasında bir
neçə ildir büdcə daxilolmalarının həcminə və həyata keçirdiyi layihələrin
miqyasına görə ön sıralarda, bir çox göstəricilər üzrə isə lider mövqedə qərarlaşan
bələdiyyələrdəndir. Eyni zamanda, şəhərdə bələdiyyə ilə yerli icra hakimiyyəti
arasında formalaşmış əməkdaşlıq münasibətləri də diqqətəlayiq təcrübə hesab
oluna bilər.
Məhz bu
baxımdan Sumqayıt bələdiyyəsinə qarşı yönəlmiş və onun fəaliyyətini, məsuliyyət
dairəsini cəmiyyət qarşısında yanlış təqdim edən bu cür yanaşmanı yolverilməz
hesab edirəm.
Burada bir
məqamı da xüsusi vurğulamaq lazımdır. Sumqayıt bələdiyyəsinin bu gün əldə
etdiyi mövqeyə gəlməsində, cəmiyyətdə çəki və nüfuz qazanmasında Sumqayıt Şəhər
İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rolunu danmaq mümkün deyil. Məhz bələdiyyənin
ilk sədri kimi onun bu qurumun formalaşmasına və inkişafına verdiyi töhfələr
danılmazdır.
Sonrakı
dövrdə də bu diqqət və əməkdaşlığın davam etməsi təsadüfi deyil. Son iki ilə
yaxın müddətdə bələdiyyənin həyata keçirdiyi layihələrin açılışlarında iştirak
etməsi, cari ilin əvvəlində bələdiyyələrin hesabat yığıncağında çıxış edərək şəhərdə
fəaliyyət göstərən üç bələdiyyəyə tövsiyələrini verməsi bu münasibətlərin
institusional xarakter daşıdığını göstərir.
Təsadüfi
deyil ki, ölkəmizdə bələdiyyə-icra hakimiyyəti münasibətlərindən danışarkən Səbail,
Yasamal, Xətai, Nərimanov, Nəsimi və Binəqədi rayonları ilə yanaşı, Sumqayıt şəhərində
formalaşmış əməkdaşlıq modelini də nümunə kimi qeyd etmişik. Çünki yerli
özünüidarəetmə orqanlarının inkişafı üçün qarşıdurma deyil, qarşılıqlı anlaşma,
səlahiyyətlərə hörmət və birgə fəaliyyət əsas şərtlərdəndir.
Bütün
bunları nəzərə aldıqda, baş verən hadisə istər-istəməz müəyyən şübhələr və
suallar yaradır. Görəsən, kimlərsə şəhərdə formalaşmış bələdiyyə-icra hakimiyyəti
münasibətlərinə kölgə salmaq, qurumlar arasında süni qarşıdurma görüntüsü
yaratmaq niyyətindədir? İşçilərin narazılığının əsl ünvanı bəlli olduğu halda
onların başqa bir qurumun qarşısına yönləndirilməsi hansı məqsədə xidmət edir?
Bu, sadəcə məlumatsızlığın nəticəsidir, yoxsa arxasında başqa maraqlar dayanır?
Əlbəttə,
konkret faktlar olmadan kimisə ittiham etmək doğru olmazdı. Lakin hadisənin
başvermə şəraiti və ictimaiyyətə təqdim olunma forması bu sualların
araşdırılmasını zəruri edir. Eyni zamanda, istisna etmirəm ki, baş verənlər
siyasi rəhbərliyin məlumatı və razılığı olmadan hansısa şəxslərin təşəbbüsü ilə
həyata keçirilib.
İnanıram
ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu məsələyə
aydınlıq gətirəcək, hadisənin əsl səbəblərinin araşdırılmasına və məsuliyyət
daşıyan şəxslərin müəyyən edilməsinə lazımi diqqət göstərəcəkdir.
Məsələnin
digər və daha vacib tərəfi isə hüquqi müstəvidədir.
Bu hadisəyə
rəvac verənlərə, ilk növbədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21
aprel 2005-ci il tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq
Qaydaların 1.4-cü bəndini xatırlatmaq istərdim.
Həmin bənddə
ərazilər üzrə təmizlik və kommunal xidmətlərin həyata keçirilməsinə məsul
qurumlar müəyyən edilib. O cümlədən:
Azərbaycan
Respublikası Prezidentinin 2022-ci il 2 iyul tarixli 1735 nömrəli Fərmanı ilə
müəyyən edilmiş ərazilərdə – “Təmiz Şəhər” ASC;
2025-ci il
29 avqust tarixli 492 nömrəli Fərmanla müəyyən edilmiş ərazilərdə – müvafiq
publik hüquqi şəxslər;
digər ərazilərdə
isə yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları.
Bu hüquqi
çərçivə onu göstərir ki, ərazilərdə təmizlik və kommunal-təsərrüfat işlərinin təşkili
ilə bağlı məsuliyyət müvafiq səlahiyyətli qurumların üzərinə düşür. Bələdiyyənin
öz inzibati ərazisində təmizlik işlərini həyata keçirməsi tələbi isə yalnız
qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində irəli sürülə bilər.
Bələdiyyənin bu işlərə təşəbbüslə qoşulması, iməciliklərin təşkilində iştirak
etməsi və ya aidiyyəti qurumlarla əməkdaşlıq etməsi mümkündür. Lakin bu, həmin
xidmətlərin həyata keçirilməsinə görə bələdiyyənin avtomatik olaraq məsuliyyət
daşıması demək deyil.
Odur ki, hər
hansı qurumun öz üzərinə düşən öhdəlikləri başqa bir qurumun üzərinə yönəltməsi,
yaxud əmək münasibətlərində olmadığı şəxslərin əməkhaqqı tələblərinin ünvanı
kimi bələdiyyənin təqdim edilməsi nə hüquqi, nə də məntiqi baxımdan əsaslandırıla
bilər.
Digər tərəfdən,
burada bir məqamı da unutmamalıyıq: əməkhaqqını vaxtında ala bilməyən işçilərin
narazılığı tamamilə başadüşüləndir. Heç bir halda insanların əməyinin
qarşılığını tələb etmək hüququ şübhə altına alına bilməz. İki ay ərzində əməkhaqqının
ödənilməməsi ciddi problemdir və bununla bağlı aidiyyəti qurumlar müvafiq
izahat verməli, yaranmış borcun ödənilməsi üçün konkret tədbirlər görməlidirlər.
Lakin
işçilərin haqlı sosial tələbi ilə həmin tələbin yanlış ünvana yönəldilməsini
bir-birindən fərqləndirmək lazımdır. İşçilərin hüquqlarının müdafiəsi başqa
qurumun nüfuzuna və fəaliyyətinə kölgə salmaq hesabına həyata keçirilməməlidir.
Xüsusilə də
ölkəmiz üçün əlamətdar olan Zəfər Günü ərəfəsində kommunal təsərrüfat sahəsində
çalışan insanların iki aylıq əməkhaqqını ala bilməməsi, bununla yanaşı, onların
hansısa formada başqa qurumun qarşısına yönləndirilməsi ən azı məsuliyyətsizlikdir.
Bu cür hallar həm işçilərin sosial vəziyyətinə, həm də şəhərdə formalaşmış
sağlam əməkdaşlıq mühitinə mənfi təsir göstərir.
Mən hesab
edirəm ki, bu hadisəyə yalnız əməkhaqqı tələbi kontekstində yanaşmaq düzgün
olmazdı. Burada həm əmək münasibətlərinin düzgün qurulması, həm qurumların səlahiyyət
və məsuliyyət sərhədlərinə hörmət edilməsi, həm də ictimai rəyin hansı istiqamətə
yönəldilməsi məsələsi var.
Bir daha
vurğulamaq istəyirəm ki, bələdiyyələrin inkişafı, onların cəmiyyətdə nüfuzunun
artması və yerli problemlərin həllində daha fəal iştirak etməsi üçün dövlət
qurumları arasında sağlam əməkdaşlıq mühiti olduqca vacibdir. Bu mühitin
formalaşdığı yerdə süni qarşıdurmalara, yanlış yönləndirmələrə və məsuliyyətin
bir qurumdan digərinə ötürülməsinə yer olmamalıdır.
Sonda bir
daha sualıma qayıdıram: Təmizlik işçilərini bələdiyyənin üzərinə kim qaldırıb və
bununla hansı məqsəd güdülüb?
Düşünürəm
ki, bu suala aydınlıq gətirilməsi, işçilərin əməkhaqlarının ödənilməsi və hadisənin
əsl səbəbkarlarının müəyyənləşdirilməsi hər kəsin marağında olmalıdır.
Fəaliyyətinə
hər zaman hörmətlə yanaşdığım Zakir Fərəcovun bu məsələyə də prinsipial münasibət
bildirəcəyinə və şəhərdə formalaşmış müsbət bələdiyyə-icra münasibətlərinə kölgə
salmağa çalışan hallara aydınlıq gətiriləcəyinə inanıram.
P.S. Bəzi media təmsiçilərindən də xahiş edirəm ki, bu hadisədə bələdiyyənin adını yersiz yerə hallandırmasınlar.
Vüqar Tofiqli
Rəylər
0 Rəy