Gördüyümüz hər bir iş bələdiyyənin tarixinə yazıldı
Yarım il öncə Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun, ölkə parlamentinin deputatları, dövlət və ictimai orqanlarının, təsərrüfat rəhbərləri və mətbuat nümayəndələri qarşısında Sumqayıt Bələdiyyəsinin 2025-ci ildə fəaliyyətinin əsas nəticələrinə dair çıxış etmişdim. Xatırlatmaq istərdim ki, hesabatımızda bələdiyyənin 2025-ci ildə fəaliyyəti əsasında icra olunmuş çox saylı layihələr şəhər ərazisinin ehtiyacına cavab vermişdir. Sumqayıt Bələdiyyəsi 2025-ci ildə ölkə bələdiyyələri arasında 1-ci olmuşdur. Fəaliyyətimizi təhlil edərək biz 2026-cı il üçün bələdiyyənin əsas hədəflərini müəyyən etmişdik. Artıq yarım il arxada qaldı və bu gün biz hesabat dövründə fəaliyyətimizi qiymətləndirməliyik və bu ilin sonunadək qarşımızda duran vəzifələri müəyyən etməliyik.
Qeyd etmək istərdim ki,
2026-cı ilin
birinci yarısında Azərbaycan Respublikasının ictimai-siyasi həyatında
mühüm hadisələr baş vermişdir. Ölkəmizdə iri miqyaslı beynəlxalq forumlar
keçirilmişdir. Artıq Azərbaycan bütün
dünyada qlobal dialoq məkanı kimi qəbul olunur.
Bu da onunla bağlıdır ki, ayrı-ayrı mötəbər beynəlxalq təşkilatlar Azərbaycan
Respublikasında uzunmüddətli sabitliyi, cəmiyyətin tolerantlığını, möhkəm həmrəylik
mühitini və davamlı inkişafı nəzərə
almaqla özlərinin mühüm tədbirlərinin ölkəmizin ev sahibliyi ilə keçirilməsinə
üstünlük verirlər. Eyni zamanda bu proseslər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq arenada ildən ilə inamla artan
nüfuzundan xəbər verir.
Böyük
uğurla baş tutan COP29-dan sonra ölkəmiz daha bir qlobal tədbirə ev
sahibliyi etmişdır. 2026-cı il 17-22 may
tarixində Bakı şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) keçirilmişdir. Dünyanın nəzərləri
yenidən Azərbaycana yönəldilmiş, müasir dövrdə qlobal şəhərsalma çağırışları
ölkəmizdə müzakirə olunmuşdur. Forumda şəhərsalma üzrə səslənmiş yeni bilik və
baxışlar insanların yaşadıqları məkanlarının yaradılması, qurulması və müasir
üslublar əsasında inkişaf etdirilməsi ilə
bağlı tərtib edilmiş platformanın
sabahın şəhərlərinin inkişafında müstəsna rolu olacaqdır.
Forumun
nəticiləri müvafiq ərazilərin inkişafında bələdiyyələrin də qarşılarında
keyfiyyətcə yeni vəzifələri ortaya qoyur. Bu baxımdan Sumqayıt Bələdiyyəsi fəaliyyət proqramlarının
tərtib edilməsi zamanı Forumun qarşımıza qoyduğu vəzifələri nəzərə almalıdır.
Bu istiqamətdə ilkin addım kimi Sumqayıt
Bələdiyyəsi 2026-cı ildə ərazidə uzlaşdırılmış və şəhərsalma tələblərinə cavab
verən layihələrin icrasına başlamışdır. Bu ilin mart ayında təməli qoyduğmuz layihə əsasında
el arasında Yaşıl dərə adlandırılan Yeni
Yaşayış Massivinin ərazisində 3 min
kv.metrə yaxın sahədə yaşıllıq zonası yaradılmışdır. Ərazidə uşaqlar
üçün əyləncə “adaları” təşkil edilmiş, böyüklər üçün isə istirahət guşələri
yaradılmışdır. Bununla yanaşı layihə əsasında ətraf ərazidə və yollarda da təmir,
yaşıllaşdırma və işıqlandırma işləri aparılmışdır. Ulu Öndər Heydər Əliyevin
anadan olmasının 103-cü ildönümü münasibətilə Yaşıldərə yaşayış massivində yaradılmış
istirahət guşəsi 8 may tarixində təntənəli şəkildə sakinlərin istifadəsinə
verilmişdir.
Sumqayıt
Bələdiyyəsinin qarşısında duran yeni hədəflər bələdiyyənin işinin təşkilində də
yeni yanaşmalar tələb edir. Son bir il ərzində
bələdiyyə üzvləri və icra aparatının əməkdaşları üçün müasir işgüzar şərait
yaradılmışdır. Lakin bir neçə səbəbdən bələdiyyənin hazırki inzibati binası
bizim tələblərimizi təmin etmir. Bir
müddət davam edən bələdiyyənin yeni məkanda
yerləşdirilməsi söhbətləri artıq yekunlaşmışdır. Bələdiyyəmizin yeni ünvanı şəhərimizin
bulvarında inşa edilmiş binada olacaqdır. Aldığımız 1700 kv.metr sahədə layihə və
tərtibat işləri aparılmaqdadır. Ümid edirik ki, növbəti toplantılarımızdan biri
bələdiyyənin müasir ofisində baş tutacaqdır.
Şəhərimizin
mühüm mədəniyyət ocaqlarından biri olan “Muğam və Yaradıcılıq Mərkəzi” 2019-cu
ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə
istifadəyə verilmişdir. Sonradan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab
Zakir Fərəcovun Sumqayıt Bələdiyyəsinə göstərdiyi etimad nəticəsində Muğam Mərkəzi
bələdiyyənin mülkiyyətinə verilmişdir. Bu münasibətlə Sumqayıt Şəhər İcra
Hakimiyyətinin rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk. Muğam və
Yaradıcılıq Mərkəzində ilk rəsmi tədbir 21 yanvar 2026-cı il tarixində
keçirilmiş və həmin gün Sumqayıt Bələdiyyəsinin 2025-ci ilin fəaliyyətinə dair
hesabat iclası təşkil olunmuşdur.
Cari ilin ötən dövrü ərzində Mərkəz şəhərin ictimai-mədəni həyatında
mühüm rol oynayaraq 15-dən artıq müxtəlif tədbirə ev sahibliyi etmişdir. Burada
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş tədbirlər,
15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş tədbir, 1 İyun – Uşaqların Beynəlxalq
Müdafiəsi Günü münasibətilə təşkil olunmuş proqramlar, eləcə də digər ictimai və
mədəni tədbirlər yüksək səviyyədə keçirilmişdir.
Əldə olunan uğurlarla yanaşı,
Sumqayıt Bələdiyyəsi fəaliyyətini şəhərin inkişafına xidmət edən digər mühüm
istiqamətlər üzrə də uğurla davam etdirir. Bu istiqamətdə Sumqayıt Şəhər İcra
Hakimiyyəti ilə qarşılıqlı etimada və səmərəli əməkdaşlığa əsaslanan birgə fəaliyyət
xüsusi əhəmiyyət kəsb edir. Qeyd etmək istərdim ki, Sumqayıt Şəhər İcra
Hakimiyyəti ilə Sumqayıt Bələdiyyəsi arasında formalaşmış səmərəli əməkdaşlıq şəhərin
sosial-iqtisadi inkişafına mühüm töhfə verməkdədir. Şəhərin abadlaşdırılması və
quruculuq işlərinin həyata keçirilməsi, sahibkarlıq subyektlərinin fəaliyyətinə
nəzarət, qanunsuz tikililərin və sənədsiz istifadə olunan torpaq sahələrinin
aşkarlanması, özbaşına tikililərin və sənədsiz istifadə olunan torpaq sahələrinin
aşkarlanması, şəhər ərazisində küçə ticarətinin tənzimlənməsi istiqamətində
müvafiq tədbirlər həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində səkilərdə
və piyadaların hərəkətinə maneə yaradan qanunsuz küçə ticarəti halları aradan
qaldırılmış, keçidlərin sərbəst və təhlükəsiz istifadəsi təmin edilmişdir. Eyni
zamanda, şəhərin estetik görünüşünün qorunması, sanitariya vəziyyətinin
yaxşılaşdırılması və ictimai asayişin təmin edilməsi məqsədilə aidiyyəti
qurumlarla birgə müvafiq tədbirlər davam etdirilmişdir. Eləcə də digər aktual məsələlərin
həlli istiqamətində hər iki qurum arasında qarşılıqlı koordinasiya və tərəfdaşlıq
münasibətləri uğurla davam etdirilir. Bu əməkdaşlıq nəticəsində şəhərdə
qanunçuluğun təmin edilməsi, abadlıq işlərinin genişləndirilməsi və vətəndaş məmnunluğunun
artırılması istiqamətində mühüm nəticələr əldə olunmuşdur.
Sumqayıt Bələdiyyəsinin bir uğurlu layihəsi haqqında da məlumatı
sizin diqqətinizə təqdim edirəm. Sumqayıt Bələdiyyəsi beynəlxalq əlaqələrin
inkişaf etdirilməsinə də xüsusi önəm verir. Hazırda bələdiyyəmiz xarici ölkələrin
dörd bələdiyyəsi ilə dostluq və əməkdaşlıq münasibətlərini uğurla davam
etdirir. Bildiyiniz kimi Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt Bələdiyyəsində
dünyanın bir neçə şəhərləri ilə partnyor əlaqələrin yaranmasında önəmli təcrübə
toplanmışdır. Bu yaxınlarda, may ayının 16-dan 22-dək, Türkiyə Respublikasının
Samsun Böyük şəhər Bələdiyyəsinin sədri Halit Doğanın dəvəti ilə mənim rəhbərliyim
altında bələdiyyənin nümayəndə heyəti qardaş ölkənin Qara dəniz sahilində yerləşən
şəhərə səfər etmişdir.
Nümayəndə heyətinin tərkibində Sumqayıt Bələdiyyəsinin üzvü də
iştirak etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti 19 May – Atatürkü Anma, Gənclər
və İdman Bayramı münasibətilə keçirilən rəsmi tədbirlərdə iştirak etmiş, eyni
zamanda Samsun valisi Orhan Tavlı və Samsun Böyükşəhər Bələdiyyəsinin sədri
Halit Doğan tərəfindən qəbul edilmişdir. Görüşlər zamanı mövcud əməkdaşlıq əlaqələrinin
inkişafı, yerli özünüidarəetmə sahəsində təcrübə mübadiləsi və gələcək birgə fəaliyyət
istiqamətləri müzakirə olunmuşdur. Səfərin
proqramı çox maraqlı və məlumatlı idi. Yekunda biz Samsun Valisi Orhan Tavlını
və Samsun Böyük şəhər Bələdiyyəsinin sədri Halit Doğanı cari ilin noyabr ayında
Sumqayıt şəhərində keçirilməsi nəzərdə tutulmuş “Şəhər Günü” bayram tədbirlərinə
dəvət etdik. Ayrıca qeyd etmək istərdim ki, bizim müraciətimizə diqqət göstərən
qardaş bələdiyyənin rəhbəri Halit Doğan Seyid Mir Həmzə Nigarinin məzarının
ziyarət edilməsi üçün Amasya şəhərinə səfər etməyimizə şərait yaratmışdır. Beynəlxalq
əlaqələrin daha da genişləndirilməsi və təcrübə mübadiləsinin gücləndirilməsi məqsədilə
gələcəkdə təşkil olunacaq rəsmi səfərlərdə də Sumqayıt Bələdiyyəsinin üzvlərinin
nümayəndə heyətinin tərkibində təmsil olunmasını məqsədəuyğun hesab edirik. Bu,
bələdiyyə üzvlərinin beynəlxalq təcrübə qazanmasına, yerli özünüidarəetmə sahəsində
bilik və bacarıqlarının artırılmasına, eləcə də şəhərlərarası əməkdaşlıq əlaqələrinin
daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcəkdir.
Yeri gəlmişkən, 2026-cı ilin birinci yarımilliyi ərzində Sumqayıt Bələdiyyəsinin
üzvləri qəbul edilən qərarların icrası, şəhərin sosial-iqtisadi inkişafı,
abadlıq-quruculuq işləri və bələdiyyənin fəaliyyət istiqamətləri üzrə həyata
keçirilən tədbirlərdə yaxından iştirak etmiş, bələdiyyənin fəaliyyətinə göstərdikləri
etimada, fəallığa və dəstəyə görə onlara səmimi təşəkkürümüzü bildiririk.
Sumqayıt
Bələdiyyəsinin 2026-cı ilə yerli sosial müdafiə , yerli sosial və iqtisadi
inkişaf, yerli ekoloji proqramları çərçivəsində çoxsaylı və şəhər ərazisinin müxtəlif sahələrini əhatə edən layihələr icra
edilmişdir. Bu günki hesabata hazırlaşaraq
biz belə bir qərara gəlmişik ki, yuxarıda qeyd etdiyimiz layihələr
haqqında məlumatları sizin diqqətinizə
müavinlərim çatdıracaq. Hesabatın müzakirəsi zamanı səslənəcək və təqdim ediləcək müraciətləri nəzərə alaraq bələdiyyənin
inkişaf proqramlarına daxil edilməsi məsələsinə bələdiyyənin növbəti
iclaslarında baxılacaqdır.
Bələdiyyənin fəaliyyət proqramının təməli
onun yerli büdcəsidir. Sumqayıt Bələdiyyəsinin 2026-cı ilə yerli büdcəsinin gəlirləri
və xərcləri 2 milyon 500 min manat
səviyyəsində müəyyən edilmişdir. İlin əvvəlindən büdcənin icrası ilə bağlı
apardığımız işlər nəticəsində vergi ödəyici bazası genişləndirilmiş və dürüstləşdirilmişdir.
Bununla yanaşı vergilərin toplanılması işində informasiya texnologiyaların tətbiq
olunmuş, vergilərdən yayınan fiziki şəxslərlə
mübahisələrin hüquqi müstəvidə həlli təmin edilmişdir. Sadaladığımız amillər bələdiyyə büdcəsinin
inkişafının əsas səbəbləri olmuşlar. Belə
ki bu ilin birinci yarısında büdcəyə 1 milyon 640 min manat vəsait
daxil olmuşdur. Bu da proqnoz tapşırığından 30 faiz çox deməkdir. Yerli büdcənin
mədaxil hissəsinin əsas tədiyyələri - fiziki şəxslərdən torpaq və əmlak
vergisi, bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən gəlirlər
üzrə proqnoz tapşırıqları artıqlaması ilə yerinə yetirilmiş və ötən ilin birinci yarısının nəticələri ilə müqayisədə
böyük artım əldə edilmişdir.
2026-cı ilin birinci yarısı geridə qaldı. Gördüyümüz hər bir iş bələdiyyənin tarixinə yazıldı. Lakin ilin proqramını son qədər yerinə yetirmək üçün biz uzun və ağır yol dəf etməliyik. Hədəflərimiz bəllidir. İli uğurla başa vurmaq üçün başlıca vəzifəmiz yerli büdcənin yerinə yetirilməsindən və vergi tutma bazasının genişləndirilməsindən ibarətdir. Güman edirəm ki, bizim bələdiyyə üzvlərimiz, icra aparatının əməkdaşları bu vəzifələrin öhdəsindən uğurla gələcəklər.
Adil Xudadatov
Sumqayıt bələdiyyəsinin sədri
Rəylər
0 Rəy