Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-10-2026 , 20:34

135

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Adıgözəlov: “Maştağa bələdiyyəsinin doqquzaylıq büdcə gəlirlərində 50 faizdən çox artım qeydə alınıb”

"Maştağa bələdiyyəsinin 2026-cı ilin ilk doqquz ayı üzrə büdcə gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 214 min 903 manat artaraq 644 min 110 manata çatıb. Artım əsasən əmlak və torpaq vergiləri, eləcə də digər gəlir mənbələri üzrə daxilolmaların yüksəlməsi ilə müşayiət olunub.

Bu gün bələdiyyənin qarşısında duran əsas vəzifələrdən biri yerli büdcə gəlirlərinin artırılması, maliyyə imkanlarının genişləndirilməsi və bu imkanlardan sakinlərin ehtiyaclarının qarşılanması istiqamətində səmərəli istifadə edilməsidir. Maştağa bələdiyyəsi olaraq gəlir mənbələrinin daha dəqiq müəyyənləşdirilməsi, vergi uçotunun təkmilləşdirilməsi və mövcud potensialdan maksimum istifadə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçiririk. Bu məqsədlə Bələdiyyələrin Vahid İnformasiya Sisteminin təqdim etdiyi imkanlardan yararlanmağa xüsusi diqqət yetiririk”.

Bu fikirləri Belediyye.infoya açıqlamasında Sabunçu rayonu Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov bildirib.

Sədr son üç ilin ilk doqquz ayı üzrə maliyyə göstəricilərini müqayisəli şəkildə təhlil edərək qeyd edib ki, bələdiyyənin büdcə gəlirlərində müsbət dinamika müşahidə olunur. Xüsusilə 2026-cı ilin müvafiq dövründə əldə olunan nəticələr əvvəlki illərlə müqayisədə əhəmiyyətli artımın qeydə alındığını göstərir.

Belə ki, Maştağa bələdiyyəsinin büdcə gəlirləri 2024-cü ilin ilk doqquz ayında 391 min 36 manat, 2025-ci ilin eyni dövründə 429 min 207 manat, 2026-cı ilin yanvar-sentyabr aylarında isə 644 min 110 manat təşkil edib.

Beləliklə, 2026-cı ilin ilk doqquz ayında büdcə gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 214 min 903 manat və ya təxminən 50,1 faiz artıb. 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə artım 253 min 74 manat, başqa sözlə, təxminən 64,7 faiz təşkil edib.

Anar Adıgözəlov bildirib ki, büdcə gəlirlərinin artımında əmlak vergisi üzrə daxilolmalar mühüm yer tutur. 2025-ci ilin ilk doqquz ayında fiziki şəxslərdən əmlak vergisi üzrə 227 min 669 manat vəsait daxil olduğu halda, 2026-cı ilin eyni dövründə bu göstərici 367 min 949 manata yüksəlib. Nəticədə əmlak vergisi üzrə daxilolmalar 140 min 280 manat artıb.

Torpaq vergisi üzrə də müsbət dinamika qeydə alınıb. Belə ki, 2025-ci ilin ilk doqquz ayında 57 min 733 manat təşkil edən daxilolmalar 2026-cı ilin müvafiq dövründə 75 min 952 manata çatıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18 min 219 manat artım deməkdir.

Bələdiyyənin digər gəlir istiqamətləri üzrə də artım müşahidə olunub. Kommersiya gəlirləri 29 min 650 manatdan 55 min 561 manata yüksələrək 25 min 911 manat artıb. İcarə gəlirləri isə 27 min 417 manatdan 37 min 485 manata çatıb. Bu istiqamətdə artım 10 min 68 manat təşkil edib.

Göstəricilər bələdiyyənin büdcə daxilolmalarının artırılması istiqamətində vergi yığımlarının və digər gəlir mənbələrinin əhəmiyyətini ortaya qoyur. Bununla yanaşı, əldə olunan nəticələrin davamlılığının təmin edilməsi üçün vergi uçotunun dəqiqliyi, ödəniş intizamının gücləndirilməsi və mövcud gəlir potensialından səmərəli istifadə vacib amillər olaraq qalır.

Gəlirlərin artması yerli problemlərin həlli üçün əlavə imkanlar yaradır

Bələdiyyə sədrinin sözlərinə görə, büdcə gəlirlərinin artırılması yalnız maliyyə göstəricilərinin yaxşılaşdırılması baxımından deyil, həm də yerli özünüidarəetmə orqanının fəaliyyət imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Maliyyə resurslarının artması qəsəbədə abadlıq işlərinin təşkili, məhəllədaxili yolların vəziyyətinin yaxşılaşdırılması, sosial dəstək tədbirlərinin həyata keçirilməsi və sakinləri narahat edən məsələlərin mərhələli şəkildə həlli üçün əlavə imkanlar yarada bilər.

Anar Adıgözəlov vurğulayıb ki, bu istiqamətdə əsas prioritetlərdən biri büdcə gəlirlərinin artırılması ilə yanaşı, həmin vəsaitlərin yerli əhəmiyyətli məsələlərin həllinə yönəldilməsidir.

Bələdiyyə rəhbərliyi gələcək dövrdə də büdcə gəlirlərinin artırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsal imkanlardan istifadənin genişləndirilməsi istiqamətində fəaliyyətin davam etdirilməsini hədəfləyir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər