İcra başçısı bələdiyyənin inzibati binasına gəlirsə…
Qaradağ Rayon İcra Hakimiyyətinin yeni təyin edilən başçısı Natiq Əliyevin keçirdiyi səyyar görüşlərdən sonra bələdiyyələrin fəaliyyəti ilə yaxından tanış olması təqdirəlayiq hal hesab edirəm. Az müddət ərzində aktiv şəkildə müxtəlif ərazilərdə yerləşən Qobustan, Sahil, Lökbatan qəsəbələrində keçirdiyi görüşlərdən sonra artıq ənənəvi olaraq bələdiyyənin inzibati binasını ziyarət etməyi, hətta sədr və kollektivlə görüşməsi, bələdiyyənin fəaliyyətlə bağlı onu maraqlandıran sualların verilməsi, sonda isə bələdiyyənin fəaliyyətinə dəstək verməyə hazır olduğunu bəyan etməsinin özü indiki vaxtda az-az rast gəlinən hadisələrdəndir. Rayonun əvvəlki siyasi rəhbərindən fərqli olaraq əhali ilə birbaşa təmasda olmağa üstünlük verilməsi, xüsusəndə bələdiyyə sədrləri və kollektivləri ilə görüşlərin keçirilməsi təqdir ediləsi məqamdır.
Sözsüz ki, bu gün Qaradağ bələdiyyələrinin üzləşdiyi problemlərin həllində
icra başçısının istər vergi yığımına müsbət təsiri, istər inzibati ərazi
daxilində bələdiyyənin çəki və nüfuzunun artmasına müəyyən dəstəyi ola bilər. Ancaq siyasi rəhbərin bu dəstəyini qazanmaq üçün
isə gərək bələdiyyələrdə fəaliyyətlərinə yenidən baxmalı, mövcud nöqsanları,
xüsusəndə yaradılan “intriqaları” aradan
qaldırmağa çalışmalı və büdcə gəlirlərində artıma nail olmalıdırlar.
Bu gün icra başçısı bələdiyyənin inzibati binasına gəlirsə və
öz dəstəyini göstərməyə hazır olduğunu bəyan edirsə, demək, siyasi rəhbərin bu
addımı alqışa layiqdir. Güman edirəm ki, RİH-də çalışan digər məmurlarda siyasi rəhbərin
bu fikirlərinə realda dəstək versələr
inanıram ki, rayonda formalaşan bələdiyyələrin
bəzilərində olan DSMF borclarının bağlanılmasına, bəzi bələdiyyələrdə mövcud
olan “intriqaların” aradan qaldırılmasına, ətalət basmış bəzi bələdiyyələrdə hərəkətliliyə
səbəb olacaqdır.
Hər halda indiki halda elə də ciddi səlahiyyət sahibi olmayan icra
başçılarının bu hərəkəti sayəsində Qaradağ bələdiyyələri də təcrübəsi yayıla biləcək bir səviyyəyə çata
biləcəklər.
Bütün hallarda həm siyasi rəhbərə, həm də bələdiyyələrə fəaliyyətlərində
uğurlar arzulayıram.
Vüqar Tofiqli
Rəylər
0 Rəy