Bələdiyyə institutunun əsas prioritetlərini Ulu öndər Heydər Əliyev müəyyən edib
Bələdiyyə institutunun əsas prioritetlərini Ulu öndər Heydər Əliyev
müəyyən edib
Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik
təcrübəsi, siyasi irsi müstəqil Azərbaycan tarixinin ən mühüm və silinməz səhifələrini
təşkil edir. Bu mənada dövlət başçısı İlham Əliyevin 2023-cü ilin “Heydər
Əliyev İli” elan etməsi haqqındakı tarixi sərəncamı çoxəsrlik Azərbaycan
tarixində xüsusi yeri olan Heydər Əliyevin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin
daha dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar
yaratmaqdadır.
Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə bütün
demokratik dəyərlərə uyğun hazırlanmış Azərbaycan
Konstitusiyası ölkəmizdə genişmiqyaslı demokratik islahatların əsasını
qoymuşdur.
Xüsusi ilə qeyd edilməlidir ki, Azərbaycan Konstitusiyasında yerli
özünüidarəetmə ilə bağlı müddəaları özündə əks etdirən dördüncü fəsli ölkəmiz
üçün yeni olan bələdiyyə institutunun formalaşdırılması üçün əsas prioritetləri müəyyən etmişdir.
Ümummilli lider
deyirdi: “Təbiidir ki, bələdiyyələr ilk dövrdə, ola bilər, öz işlərində çox çətinliklərlə
rastlaşsınlar. Ancaq bunlar da ondan asılı olacaqdır ki, bizim seçicilər bələdiyyələrə
nə qədər dəyərli adamlar seçəcəklər” .
1999-cu ildə ilk bələdiyyə seçkiləri günlərində keçirdiyi
görüşlərin birində Ulu öndər Heydər Əliyev daha sonra qeyd etmişdi: “Bu
gün bir tərəfdən bələdiyyə sisteminə
maraq göstərən vətəndaşlar çoxdur, onlar bu orqanlarda fəaliyyət göstərmək istəyirlər.
Bizim üçün əhəmiyyətlisi budur ki, vətəndaşlarımız dövləti, hökuməti idarə etməyə,
yerli idarəetmə orqanlarında iştirak etməyə həvəs göstərir, biganə deyillər.
Bu, çox müsbət bir haldır. Bu bir tərəfdən ölkəmizdə demokratiyanın varlığını və
onun inkişafını sübut edir, ikinci tərəfdən də, təbiidir ki, bələdiyyələrin
qarşısında böyük vəzifələr, böyük məsuliyyətlər qoyur”.
“Bələdiyyələr Azərbaycanda apardığımız
demokratik proseslərin, demokratik, hüquqi dövlət quruculuğu prosesinin böyük
bir mərhələsi olacaq” fikrinin Ulu öndər
tərəfindən dəfələrlə səsləndirilməsi bu qurumların cəmiyyətdə roluna və
inkişafına necə böyük önəm verməsiylə bağlı idi.
Göründüyü
kimi, dahi Heydər Əliyev yuxarıda söylədiyi fikirlərlə həm bələdiyyə
qanunvericiliyinin əsas istiqamətlərini müəyyən etmiş, həm də yerli orqanların
qarşılaşacağı məqamları və inkişaf istiqamətlərini əvvəlcədən müəyyən etmişdir.
Bu gün demokratik və hüquqi dövlət quruculuğu istiqamətində Ulu Öndərin
layiqli davamçısı möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla
addımlayan müstəqil Azərbaycan Respublikasının nail olduğu ən mühüm demokratik
dəyərlərdən biri də ölkəmizdə formalaşdırlımış yerli özünüidarəetmə
institutunun inkişaf etdirilməsidir.
Ötən dövrdə yerli özünüidarənin təşkilinə xidmət edən 20-dən artıq Qanun, 200-dən
artıq normativ-hüquqi akt qəbul edilərək beynəlxalq tələblərə cavab verən mütərəqqi
qanunvericilik bazası yaradılmışdır.
Bələdiyyələrin səmərəli fəaliyyətini təmin etmək və yerli özünüidarəni həyata keçirmək üçün ən
vacib şərtlərdən biri də Ulu öndərin sağlığında hər daim əhəmiyyət verdiyi məsələlərdən
olan bələdiyyələrin maliyyə - iqtisadi əsaslarının
gücləndirilməsi idi.
Bələdiyyələrin maliyyə-iqtisadi əsaslarının gücləndirilməsi və
ümumilikdə onların fəaliyyətinin təkmilləşdiriməsi üçün ötən dövr ərzində
müvafiq dövlət orqanları tərəfindən kompleks tədbirlər həyata keçirilmişdir və
proses bu gündə davam etməkdədir.
Bu tədbirlərə bələdiyyə büdcələrini lazımi səviyyədə formalaşdırmaq
üçün yerli vergi və ödənişlərin yığılması işinin təkmilləşdirilməsi aid edilir. Məhz bu addımların nəticəsidir
ki, rəhbərlik etdiyim bələdiyyənin ötən il ərzində büdcə gəlirləri 40 faizədək
artmışdır.
Qeyd edim ki, ötən 2022-ci ildə Xətai bələdiyyəsinin illik gəliri
1.289.288 manat təşkil etmişdir. 2021-ci
ilin illik gəliri ilə müqayisədə 421.338 manat çox olmuşdur. Bu rəqəm Bakı şəhərində
formalaşan 53 bələdiyyə sırsında birincilik deməkdir.
Ötən il ərzində bələdiyyənin xərcləri 1.270.114
manat təşkil etmişdir ki, bu da 2021-ci ilin illik xərcləri ilə müqayisədə xərclər
395.540 manat artmışdır.
Bu gün bələdiyyənin vergi xidmətinin əsas vəzifəsi
bələdiyyənin vergi bazasını genişləndirmək təşkil edir. Hazırda hündürmərtəbəli
çoxmənzilli binaların özəlləşmiş mənzilləri kodlaşdırılır, vergiləri
hesablanır. Bu səbəbdən 2023-cü ildə gəlirlərin
bir qədərdə artması gözlənilir.
Bələdiyyənin maliyyəsinin əsasını təşkil edən
vergilərin daha səmərəli toplanmasının təkmilləşdirilməsi, sakinlərin problemlərinin
imkan daxilində həll edilməsi, bələdiyyə torpaqlarının sərhədlərinin dəqiqləşdirilməsi,
bələdiyyənin icarəyə götürdüyü inzibati binanın mülkiyyətə verilməsi, yaxud
yeni ofis binasının tikilməsi, rayon və respublika səviyyəsində keçirilən tədbirlərdə
aktiv iştirak edilməsi kimi məsələlər Xətai bələdiyyəsinin qarşıdakı dövr ərzində
nəzərdə tutduqları işlərin tərkib hissəsidir.
Göründüyü kimi, əsası Ulu öndər tərəfindən qoyulan
bələdiyyə sisteminin daha dərindən
inkişafı və qarşılaşdığı çətinliklərin aradan qaldırılmasında Xətai bələdiyyəsi
də öz töhfəsini verməkdədir.
Ulu öndərin yüz illik yubileyi ilə əlaqədar Xətai bələdiyyəsində
hazırlanan xüsusi proqram bələdiyyə iclasında müzakirə edilərək təsdiq
edilmişdir. Bu gün təsdiq edilmiş proqrama uyğun olaraq bir sıra ciddi layihələr
icra edilməkdədər. Rayon ərazisində müxtəlif
ünvanlarda ağacəkmə aksiyasının keçirilməsi, həmçinin park və məhəllədaxili
ərazilərdə abadlıq işlərinin aparılmasına xüsusi önəm veririk.
Bu günlərdə Xətai bələdiyyəsinin təşəbbüsü ilə bələdiyyə
kollektivinin və könüllülərin iştirakıyla Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilmişdir. Gənc bələdiyyə üzvlərimiz və
qulluqçularımız Ulu öndərin zəngin təcrübəsiylə yaxından tanış olmuşlar.
Xüsusi olaraq qeyd edilməlidir ki, bugün ölkəmizdə
geniş, hərtərəfli quruculuq işləri aparılır və davamlı olaraq bütün sahələrdə
böyük nailiyyətlər əldə olunur.
Ulu öndərin
layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu
durmadan yüksəlir, mövqelərimiz möhkəmlənir.
Xətai bələdiyyəsinin
üzv və qulluqçuları ölkə başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü
siyasətin daha uğurla həyata keçməsi üçün daim öz töhfəsini verməyə hər zaman hazırdır.
Elşad Vəliyev
Xətai bələdiyyəsinin
sədri
Rəylər
0 Rəy