"Yerli demokratiya ideyalara işıq tutan Heydər Əliyev irsi"
Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, demokratik, hüquqi dövlətin yaranması, o cümlədən yerli özünüidarəetmənin, vətəndaş cəmiyyətinin formalaşdırılması məhz ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətləridir.
Ulu öndər vətəndaşların dövlət idarəetməsində iştirakına, onun ən mühüm vasitəsi kimi yerli özünüidarəetmə institutuna daim xüsusi önəm vermişdir. Dahi lider bələdiyyələrin formalaşması prosesində onların işgüzar bir orqana çevrilməsi, yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllində müstəqil rol oynaması üçün qayğı və diqqətini əsirgəməmişdir.
Bu qayğının nəticəsi olaraq ölkəmizdə bələdiyyələrin fəaliyyətə başlaması ilə eyni vaxtda Ulu Öndərin sərəncamı ilə onlara işlərini təşkil etməyə köməklik göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin nəzdində xüsusi qurum yaradılmışdır. Həmçinin bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmini məqsədilə inzibati nəzarət fəaliyyəti ilə bağlı 2003-cü ildə qanun qəbul edilmiş və bu vəzifə də Ədliyyə Nazirliyinə həvalə olunmuşdur.
Cəsarətlə deyə bilərik ki, ölkəmizdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət institutu yerli özünüidarəetmə sisteminin yüksək səviyyədə inkişaf etdiyi Almaniya, Türkiyə və digər ölkələrlə müqayisədə çox liberaldır. Məsələn, bir sıra ölkələrdən fərqli olaraq Azərbaycanda bələdiyyə qərarlarının hüquqi qüvvəyə minməsi inzibati nəzarət orqanının rəyindən asılı deyildir, eləcə də bələdiyyə aktları yalnız onu qəbul etmiş bələdiyyə tərəfindən ləğv edilə və ya məhkəmə tərəfindən etibarsız hesab oluna bilər.
Həmçinin qanunvericiliyimizdə bələdiyyələrin müstəqilliyinin təminatı kimi inzibati nəzarətin nəticələri barədə ölkə parlamentinə illik məruzə təqdim edilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı hər ilin yekunu üzrə Ədliyyə Nazirliyinin məruzəsi Milli Məclisdə geniş müzakirə edilir.
Milli liderin tövsiyəsi, xeyir-duası ilə formalaşan və fəaliyyətə başlayan bələdiyyələr özünəməxsus inkişaf yolu keçərək ölkəmizdə sosial, iqtisadi, ekoloji və digər layihələrin reallaşmasında iştirak etməklə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan quruculuq işlərində əhəmiyyətli rol oynayırlar.
Heydər Əliyev strategiyasını uğurla inkişaf etdirən ölkə Prezidenti İlham Əliyevin fərman və sərəncamları ilə təsdiq olunan müxtəlif dövlət proqramlarında, milli fəaliyyət planlarında yerli özünüidarəetmə sahəsi ilə bağlı mühüm vəzifələr müəyyən edilir. Bütün bunlar bələdiyyə institutunun cəmiyyətin idarə olunmasında rolunun artırılmasını şərtləndirir.
Ədliyyə Nazirliyi də öz fəaliyyət istiqamətlərinə uyğun olaraq Ulu öndərin tövsiyələri, dövlət başçısı İlham Əliyevin tapşırıqlarını əsas götürərək yerli özünüidarəetmə orqanlarının ölkəmizdə aparılan mütərəqqi islahatların ruhuna uyğun daha səmərəli fəaliyyəti üçün tədbirləri davam etdirir.
Qeyd edim ki, dövlətimizin yerli özünüidarəetmənin inkişafına dəstəyinin növbəti təzahürlərindən biri kimi 2019-cu ildə bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardımın hüquqi əsasları gücləndirilərək qanun səviyyəsində təsbit olunmuşdur.
Bələdiyyələrin Ulu öndərin çox dəqiqliklə müəyyənləşdirdiyi hədəflərə doğru irəliləməsi, onların yerli əhəmiyyətli məsələlərin həllində iştirakının genişləndirilməsi üçün mühüm şərtlərdən biri yerli büdcələrin imkanlarının artırılmasıdır. Bu məqsədlə Ədliyyə Nazirliyi tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş gəlir mənbələrindən tam və səmərəli istifadə olunması, o cümlədən yerli vergilər üzrə vergitutma obyektlərinin uçotunun dəqiqləşdirilməsi, vergilərin qanunauyğun hesablanaraq yığılmasının təmin olunması üçün tədbirlər görülür və müsbət nəticələr əldə edilir.
Qeyd edim ki, son iki ildə ümumi yerli büdcə gəlirləri 2020-ci illə müqayisədə üçdə bir dəfə (12,4 milyon manat 35%), o cümlədən yerli vergilərdən daxil olmalar isə 43% (6 milyon manat) artmışdır. Həmçinin ötən ilin yerli büdcə gəlirləri 2014-cü ildən sonra ən yüksək məbləğdə olmuşdur. Bir müsbət məqamı da vurğulayım ki, büdcə gəlirləri ötən illə təxminən eyni səviyyədə olmuş 2013 və 2014-cü illərdə ümumi büdcə gəlirlərinin 50%-ə yaxın hissəsini torpaq satışından əldə olunan vəsait təşkil edirdisə, 2022-ci ildə isə büdcənin əsaslı artımında vergi gəlirləri üstünlük təşkil etmiş, torpaq satışından daxil olmalar 2,5 dəfə azalmışdır.
Bələdiyyə idarəçiliyinin səmərəliliyinin artırılmasının digər mühüm şərti yerli əhalinin ona ictimai etimadının və inamının olmasından, nəticə etibarilə bələdiyyəsini dəstəkləməkdən ibarətdir. Yerli özünüidarəetmənin mahiyyəti yerli əhali ilə sıx təmasda olmaq, onların problemlərinə, müraciətlərinə həssaslıqla yanaşmaqdır.
İnsanlara, öz xalqına qayğılı münasibətin, daim onların rifahı üçün çalışmanın ən bariz nümunəsini biz məhz Ulu öndərin timsalında görmüşük. Bu gün Prezidentimiz cənab İlham Əliyev özünü xalqının xidmətçisi adlandıraraq, hər bir məmurdan insanlara qayğı və diqqətlə yanaşmağı tələb edir.
Ədliyyə Nazirliyi tərəfindən yerli əhəmiyyətli məsələlərin həllində iştirak edən bələdiyyələrin rolunun ictimaiyyətə çatdırılması məqsədilə zəruri tədbirlər görülməsinə diqqət artırılmışdır.
Bələdiyyələr tərəfindən müharibə iştirakçılarının və şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılmasına, xatirəsinin əziz tutulmasına dair görülən işlərlə bağlı ötən il nazirlik tərəfindən ümumiləşdirilmiş məlumat hazırlanmış və müxtəlif kütləvi informasiya vasitələrində yayımlanmışdır. Həmçinin son bələdiyyə seçkilərindən keçən dövr ərzində bir sıra bələdiyyələr tərəfindən yerli əhalinin rifahı naminə görülən işlər barədə nazirliyin metodik dəstəyi ilə broşürlər hazırlanaraq çap edilmiş və sakinlərə paylanılmışdır.
Eyni zamanda yerli özünüidarəetmə institutunun mahiyyəti, bələdiyyələrin yerli əhalinin sosial problemlərinin həlli məqsədilə gördüyü işlər, yerli vergi və ödənişlərin ödənilməsinin əhəmiyyəti və sair məsələlərlə bağlı videoçarx hazırlanaraq nazirliyin sosial şəbəkələrdəki səhifələrində paylaşılmışdır. Qeyd edim ki, bu cür məlumatlar insanlar tərəfindən çox müsbət qarşılanmışdır.
Əhalinin bələdiyyələrlə sıx əlaqələrinin qurulması, özünüidarə işlərində onların getdikcə daha fəal iştirak etmələri, bələdiyyə idarəçiliyinə əhalinin maraq və inamının artması ümummilli lider tərəfindən seçilmiş yolun düzgünlüyünü və dönməzliyini göstərir.
Bugünki tədbirdə vətəndaş cəmiyyəti institutlarının və medianın xeyli sayda təmsilçiləri iştirak edir. Fürsətdən istifadə edərək bələdiyyələrin fəaliyyətinin işıqlandırılmasına diqqətin artırılmasını xahiş edirəm.
Eyni zamanda Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvlərinə yerli özünüidarəetmədə ictimai iştirakçılığa xüsusi önəm verərək Şuranın tərkibində yerli özünüidarəetmə üzrə Komitə yaradılmasına görə minnətdarlığımı bildirirəm.
Azərbaycan xalqı bütün həyatını qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş Ümummilli Liderin əziz xatirəsini daim uca tutur və ehtiramla yad edir.
İnanıram ki, Ulu öndərin adı ilə bağlı olan bu əlamətdar ildə ölkəmizdə yerli demokratiyanın inkişafı, bələdiyyələrin fəaliyyətində səmərəliliyin artırılması sahəsində də diqqətəlayiq uğurlar əldə ediləcəkdir.
Elmin Həsənov
Bələdiyyələrlə İş mərkəzinin rəis müavini
Rəylər
0 Rəy