Qoşqar Məmmədov: “Bələdiyyənin əsas vəzifəsi seçicilərin təklif və təşəbbüslərini reallaşdırmaqdır”
Bu gün Gəncə şəhəri Nizami bələdiyyəsinin əsas fəaliyyət istiqamətlərindən biri seçicilərin irəli sürdüyü təklif və tövsiyələrin bələdiyyə iclaslarında müzakirə olunması, onların həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsidir. Bələdiyyənin başlıca məqsədi sakinlərin müraciətlərinə həssas yanaşmaq, mövcud problemlərin həllinə nail olmaq və yerli əhəmiyyətli məsələlərin həllində vətəndaş iştirakını təmin etməkdir.
Bu fikirləri Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədov
bildirib.
Sədr qeyd edib ki, hazırda bələdiyyənin vergi xidməti
Bələdiyyələrin Vahid İnformasiya Sisteminin təqdim etdiyi imkanlardan səmərəli
istifadə etməklə büdcə gəlirlərinin artırılması istiqamətində məqsədyönlü iş
aparır. Görülən tədbirlərin nəticəsi olaraq, ötən ilin müvafiq dövrü ilə
müqayisədə büdcə gəlirlərində 2,2 dəfə, yerli vergilərin daxilolmalarında isə 7
faiz artım qeydə alınıb. Bu göstəricilər kollektivin birgə və sistemli fəaliyyətinin
nəticəsidir.
Qoşqar Məmmədovun sözlərinə görə, yerli büdcə layihəsi
bələdiyyə iclasında geniş müzakirə olunub, üzvlərin hər biri öz təklif və
mülahizələrini səsləndirib. Müzakirələrin nəticəsində təsdiq edilən builki büdcənin
xərclərində sosial istiqamətlərə xüsusi üstünlük veriləcək. Belə ki, şəhid ailələrinin,
qazilərin və aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması,
onların müraciətlərinin diqqətdə saxlanılması prioritet məsələlərdən biri
olacaq.
Sədr vurğulayıb ki, bələdiyyənin inzibati ərazisində
yaşayan şəhid və qazi ailələri, eləcə də sosial dəstəyə ehtiyacı olan sakinlər
daim diqqət mərkəzindədir. Bu istiqamətdə həyata keçirilən tədbirlər bundan
sonra da davam etdiriləcək.
Nizami bələdiyyəsinin diqqət yetirdiyi mühüm məsələlərdən
biri də ərazidə yerləşən Şəhidlər xiyabanının abadlaşdırılması və qorunmasıdır.
Xiyabanın girişində möhtəşəm tağın inşa edilməsi, böyükölçülü xatirə lövhəsinin
yenilənməsi, ərazinin layihəyə uyğun olaraq tamet daşlarla döşənməsi və ümumi
abadlıq işlərinin aparılması bu istiqamətdə görülən işlərdəndir. Xiyabanın daim
səliqəli və ziyarətə hazır vəziyyətdə saxlanılması da bələdiyyənin nəzarətindədir.
Vergi inzibatçılığının müasirləşdirilməsi də
qarşıda duran əsas vəzifələrdəndir. Növbəti ildən vergi bildirişlərinin onlayn
qaydada təqdim olunması nəzərdə tutulduğundan, vergi xidməti artıq indidən
hazırlıq işlərinə başlayıb. Bu məqsədlə vergi ödəyiciləri barədə məlumatlar dəqiqləşdirilir,
mövcud məlumat bazası təhlil olunur, təkrarçılıq və mümkün uyğunsuzluqların
aradan qaldırılması istiqamətində tədbirlər görülür. Məqsəd yeni sistemə keçid
zamanı hər hansı çətinliyin yaranmasının qarşısını almaq və xidmətin
operativliyini təmin etməkdir.
Qoşqar Məmmədov bildirib ki, büdcə gəlirlərinin
artırılması üçün kollektiv bütün imkanlarını səfərbər edib. Çünki bələdiyyənin
maliyyə imkanlarının genişlənməsi yerli əhəmiyyətli problemlərin həlli,
infrastrukturun yaxşılaşdırılması və sakinlərin ehtiyaclarının qarşılanması
baxımından mühüm əhəmiyyət daşıyır. Əldə olunan vəsaitlərin əsas məqsədi də məhz
seçicilərin müraciətlərində qaldırılan məsələlərin həllinə yönəldilməsidir.
Bununla yanaşı, sədr bəzi hallarda bələdiyyə
mülkiyyətinin özgəninkiləşdirilməsi prosesində müəyyən çətinliklərin
yarandığını da diqqətə çatdırıb. Xüsusilə əmlakın qiymətləndirilməsi ilə bağlı
ortaya çıxan mübahisəli məqamlar bəzən vətəndaşlarla bələdiyyə arasında
anlaşılmazlıqlara səbəb olur. Onun sözlərinə görə, bu kimi məsələlərin
qanunvericiliyin tələblərinə uyğun, şəffaf və obyektiv şəkildə həlli həm bələdiyyənin,
həm də vətəndaşların maraqlarına xidmət edir.
Sədr Gəncə Şəhər İcra Hakimiyyəti ilə əməkdaşlıq məsələsinə
də toxunaraq bildirib ki, qurumlar arasında münasibətlər konstruktiv əməkdaşlıq
prinsipləri əsasında formalaşıb. Bələdiyyə hər zaman icra hakimiyyətinin dəstəyini
hiss edir və bu əməkdaşlıq şəhərin inkişafı, yerli problemlərin həlli, sakinlərin
rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qoşqar Məmmədov sonda qeyd edib ki, Nizami bələdiyyəsi
bundan sonra da fəaliyyətini sakinlərin maraqları, onların müraciət və təklifləri
əsasında quracaq. Əsas məqsəd büdcə imkanlarından səmərəli istifadə etməklə
sosial layihələrin həyata keçirilməsinə, abadlıq işlərinin genişləndirilməsinə
və seçiciləri narahat edən problemlərin mərhələli şəkildə həllinə nail
olmaqdır.
Belediyye.info
Rəylər
0 Rəy