Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-11-2026 , 00:32

131

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əlfəddin Həsənov: “Sabunçu bələdiyyəsi büdcə gəlirlərini artıraraq paytaxt bələdiyyələri arasında mövqeyini möhkəmləndirir”

Sabunçu bələdiyyəsinin sədri Əlfəddin Həsənovla müsahibə

Son illər yerli özünüidarəetmə orqanlarının fəaliyyətində maliyyə dayanıqlığının gücləndirilməsi, büdcə gəlirlərinin artırılması və mövcud resurslardan səmərəli istifadə olunması əsas prioritetlərdəndir. Bu baxımdan Sabunçu bələdiyyəsinin cari ilin on ayı ərzində əldə etdiyi maliyyə göstəriciləri diqqət çəkir. Belə ki, bələdiyyə büdcə gəlirlərini ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıraraq paytaxt bələdiyyələri arasında mövqeyini yüksəldə bilib.

Mövzu ilə bağlı Sabunçu bələdiyyəsinin sədri Əlfəddin Həsənovla həmsöhbət olduq.

– Əlfəddin müəllim, ilk növbədə, Sabunçu bələdiyyəsinin cari ilin doqquz və on ayı üzrə büdcə gəlirlərində əldə etdiyi nəticələr barədə məlumat verməyinizi istərdik.

– Bildiyiniz kimi, bələdiyyələrin fəaliyyətinin səmərəliliyi, ilk növbədə, onların maliyyə imkanlarından, yerli gəlir mənbələrinin düzgün idarə olunmasından və büdcə daxilolmalarının təmin edilməsindən asılıdır. Sabunçu bələdiyyəsinin vergi xidməti bu istiqamətdə ardıcıl iş aparır.

Cari ilin doqquz ayının nəticələrinə əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcə gəlirlərimizi 23,4 faiz artırmağa nail olmuşuq. Belə ki, ötən ilin müvafiq dövründə 166 min 918 manat təşkil edən büdcə gəlirləri cari ilin doqquz ayı üzrə 205 min 922 manata çatıb. Bu göstərici ilə paytaxtın qəsəbə bələdiyyələri arasında 17-ci yerdə qərarlaşmışıq.

Oktyabr ayının yekunlarına görə isə müsbət dinamika davam edib. 2025-ci ilin oktyabr ayı üzrə 184 min 182 manat təşkil edən büdcə gəlirlərimiz cari ilin on ayı ərzində 225 min 769 manata yüksəlib. Beləliklə, büdcə daxilolmalarında təxminən 23 faizlik artım əldə etmişik. Bu nəticə əvvəlki mövqeyimizlə müqayisədə reytinqdə 14 pillə yüksəlməyimizə imkan verib.

– Bəs büdcə gəlirlərinin artmasına əsasən hansı mənbələr hesabına nail olunub?

– Əldə etdiyimiz büdcə gəlirlərinin əsas hissəsi əmlak və torpaq vergilərindən formalaşır. Bu istiqamətdə vergi ödəyiciləri ilə maarifləndirici işlərin aparılması, mövcud vergi bazasının dəqiqləşdirilməsi, ödəmələrin vaxtında həyata keçirilməsinə nəzarətin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Əsas məqsədimiz yalnız büdcə gəlirlərini artırmaq deyil, eyni zamanda mövcud vergi potensialından daha səmərəli istifadə etməkdir. Bunun üçün ərazidə müvafiq araşdırmalar aparılır, vergi öhdəlikləri barədə vətəndaşlara məlumat verilir və ödəniş intizamının yüksəldilməsi istiqamətində tədbirlər görülür.

– Bələdiyyə büdcəsinin artması yerli əhəmiyyətli məsələlərin həllinə hansı imkanları yaradır?

– Təbii ki, büdcə gəlirlərinin artması bələdiyyənin fəaliyyət imkanlarını genişləndirən əsas amillərdəndir. Yerli gəlirlər nə qədər yüksək olarsa, ərazidə yaşayan sakinlərin sosial və məişət problemlərinin həllinə, abadlıq və quruculuq işlərinə, eləcə də digər yerli əhəmiyyətli layihələrin həyata keçirilməsinə bir o qədər geniş imkan yaranar.

Biz çalışırıq ki, büdcəyə daxil olan vəsaitlərdən səmərəli və məqsədyönlü istifadə edilsin. Çünki bələdiyyənin əsas vəzifələrindən biri sakinlərin gündəlik həyatına müsbət təsir göstərən təşəbbüsləri dəstəkləmək, yerli problemlərin həllində fəal iştirak etməkdir.

– Vergi ödəyiciləri ilə işin təşkili və vətəndaşların bələdiyyə büdcəsinin formalaşmasında iştirakının artırılması istiqamətində hansı addımlar atılır?

– Hesab edirik ki, bələdiyyə ilə sakinlər arasında qarşılıqlı etimad və əməkdaşlıq yerli özünüidarəetmənin uğurunun əsas şərtlərindəndir. Vətəndaşlar bilməlidirlər ki, ödədikləri torpaq və əmlak vergiləri yerli büdcənin formalaşmasına, həmin büdcə isə yaşadıqları ərazinin inkişafına xidmət edir.

Bu baxımdan maarifləndirmə işlərinə xüsusi diqqət yetiririk. Sakinlərlə görüşlər, fərdi söhbətlər və məlumatlandırma tədbirləri vasitəsilə vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsinin əhəmiyyətini izah edirik. Məqsədimiz vergi mədəniyyətini yüksəltmək və könüllü ödənişlərin həcmini artırmaqdır.

– Qarşıdakı dövr üçün əsas hədəfləriniz nələrdir?

– Əsas hədəfimiz əldə etdiyimiz müsbət dinamikanı qorumaq, büdcə gəlirlərinin artımını davam etdirmək və Sabunçu bələdiyyəsinin paytaxt bələdiyyələri arasında mövqeyini daha da yaxşılaşdırmaqdır.

Bu istiqamətdə vergi bazasının genişləndirilməsi, torpaq və əmlak vergilərinin yığım səviyyəsinin yüksəldilməsi, vətəndaşlarla işin daha da təkmilləşdirilməsi və büdcə vəsaitlərindən səmərəli istifadə əsas fəaliyyət istiqamətlərimiz olacaq.

Əminik ki, görülən işlərin davam etdirilməsi nəticəsində qarşıdakı dövrdə daha yüksək göstəricilərə nail ola biləcəyik. Bizim üçün əsas məsələ əldə olunan maliyyə nəticələrinin Sabunçu sakinlərinin rifahına, ərazinin inkişafına və yerli problemlərin həllinə real töhfə verməsidir.

– Sonda sakinlərə mesajınız nə olardı?

– Sakinlərimizi bələdiyyənin fəaliyyətində daha fəal iştirak etməyə, yerli məsələlərin həllində əməkdaşlığa və qanunvericiliklə müəyyən edilmiş vergi öhdəliklərini vaxtında yerinə yetirməyə çağırıram. Bələdiyyənin inkişafı, büdcəsinin möhkəmlənməsi və ərazimizin abadlaşması ümumi səylərimizdən asılıdır.

İnanıram ki, bələdiyyə ilə sakinlər arasında qarşılıqlı etimad və əməkdaşlıq daha böyük uğurların əldə olunmasına şərait yaradacaq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Mətanət Nəsibovaya ağır itki


Bakı
15-09-2026
933