22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günüdür
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il 11
noyabr tarixli sərəncamı ilə hər il noyabrın 22-si ölkəmizdə ədliyyə işçilərinin
peşə bayramı günü kimi qeyd edilir.
Müasir Azərbaycan ədliyyəsinin
təsis edilməsi Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin
elan olunması ilə eyni günə – 1918-ci il mayın 28-nə təsadüf edir. Bu,
Cümhuriyyətin ədliyyə fəaliyyətinə verdiyi xüsusi əhəmiyyətinin göstəricisi
idi. Ötən 107 ildə böyük inkişaf yolu keçən Azərbaycan ədliyyəsi mühüm nailiyyətlər
qazanıb.
Azərbaycan ədliyyəsinin
fəaliyyətinin canlandırılması və təkmilləşdirilməsi ümummilli lider Heydər
Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, 1970-ci
il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyinin
təsis olunması bu mühüm sahənin gələcək inkişafı üçün əlverişli zəmin yaradıb.
Ulu öndərin müstəqil
Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən köklü hüquqi islahatlar nəticəsində
ədliyyə orqanlarının fəaliyyəti müasir dövrün tələblərinə uyğunlaşdırılıb, ölkəmizdə
yeni üçpilləli məhkəmə sistemi bərqərar olub.
Ədliyyə və məhkəmə-hüquq
islahatları Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlətimizin
başçısının 2006-cı il 18 aprel tarixli fərmanı ilə Ədliyyə Nazirliyi haqqında
Əsasnamə təsdiqlənərək ona hüquq-mühafizə orqanı statusu verilib. Habelə,
“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 2006-cı
il 26 may tarixli Qanunu qəbul olunub. Həmçinin, Prezident İlham Əliyev tərəfindən
“Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli Fərman
imzalanıb.
Azərbaycan ədliyyəsinin
davamlı inkişafına dair dövlət proqramları, Prezidentin 2017-ci il fevralın
10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Sərəncam,
2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi
haqqında” Fərman ədliyyə və məhkəmə fəaliyyətində mühüm “yol xəritəsi” olmaqla,
bu sahənin müasir çağırışlara uyğun inkişafını təmin edib. Habelə, vətəndaşların
ədliyyə orqanlarına və məhkəmələrə əlçatanlığının asanlaşdırılmasına, onlara
keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, rəqəmsal innovasiyaların tətbiqinə
geniş imkan yaradıb.
Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə ədliyyə
orqanları ordumuzla həmrəylik nümayiş etdirərək dəstək göstərib, ədliyyə işçiləri
və hakimlər hərbi əməliyyatlarda fəal iştirak edib, Ermənistanın müharibə cinayətlərinin
dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində məqsədyönlü iş
aparıblar.
Ədliyyə Nazirliyi tərəfindən
aparılan mütərəqqi islahatlar davamlı xarakter alıb. Bu gün əhaliyə 40-dək
elektron ədliyyə xidmətləri göstərilir, rəqəmsal innovasiyalar, mobil tətbiqlər
təqdim olunur. Azad olunmuş ərazilərdə səyyar ədliyyə xidmətləri təşkil edilir.
Ədliyyə sahəsində
dövlət siyasətini və idarəetməni həyata keçirən Ədliyyə Nazirliyi qanunların təkmilləşdirilməsində
fəal iştirak edir, eləcə də, əhalinin, sahibkarlıq sahəsində yoxlamaların və
qüvvədən düşmüş sənədlərin reyestrlərini aparır. Vətəndaşlıq vəziyyəti
aktlarının, qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatını həyata keçirir,
penitensiar sistemə rəhbərlik edir, ədalət mühakiməsi əleyhinə və bir sıra digər
cinayətlər üzrə ibtidai istintaqın aparılmasını, notariat fəaliyyətini, məhkəmə
ekspertizalarının keçirilməsini, məhkəmələrin və digər orqanların qərarlarının
icrasını və probasiya nəzarətini təmin edir.
Nazirlik, həmçinin, bələdiyyələrə metodoloji yardım göstərir,
Ədliyyə Akademiyasında ədliyyə və məhkəmə işçiləri, vəkillər, bələdiyyə üzvü və
qulluqçularının və digər hüquqşünasların ixtisasartırmasını, habelə peşə fəaliyyətinə
buraxılışı, ölkəmizin adından hüquqi yardım və əməkdaşlıq haqqında müqavilələrin
bağlanmasını və onların icrasını, beynəlxalq sahədə hüquqi yardım göstərilməsini
təmin edir və digər funksiyaları həyata keçirir.
Bütün bunlar ədliyyə orqanlarının cəmiyyətdə rolu və əhəmiyyətini
göstərməklə nazirliyin çoxşaxəli fəaliyyət sahələrinin arxasında genişhəcmli
konkret işlərin dayandığını göstərir.
Bütün ədliyyə işçilərini peşə bayramları münasibəti ilə təbrik
edirik!
Kamandar ZEYNALOV
Sabunçu rayonu Bilgəh bələdiyyəsinin sədri
Rəylər
1 Rəy
Cabiyev Ramil Nazim
22-11-2025, 1 həftə əvvəl
Bir daha Tabrik ediram kamandar mellim cox gozal insandir Bilgah kandi cox razidir va bizim aila uzvlarida birlikda bir daha tabrik ediram Bayraminiz mubarak
Cavabla