Hacı Əliyev: “Son üç ilin birinci rübündə bələdiyyənin ümumi büdcə gəlirlərində 75 faizədək artım olub”
“Hər bir bələdiyyənin
fəaliyyəti onun büdcədaxilolmalarından çox asılıdır. Bu gəlirlərin artması isə
bələdiyyənin vergi-uçot sisteminin mövcud vəziyyəti ilə bağlıdır. Əgər bələdiyyə
vergi-uçot sistemini düzgün səmtdə qura
bilibsə, demək gəlirlərin artma ehtimalı yüksəlir, nəticədə seçicinin
qaldırdığı problemin də həlli sürətlənir”- bu fikirləri Belediyye.infoya Səbail
bələdiyyəsinin sədri Hacı Əliyev deyib.
Sədrin
sözlərinə görə, fəaliyyətimizlə nümunəvi bələdiyyələr sırasında olmaq üçün bələdiyyə kollektivi var qüvvəsi ilə
çalışır. Məhz bu fəaliyyətin nəticəsidir ki,
son illərdə Səbail bələdiyyəsi üzrə vergi və digər yığımlar üzrə müsbət artım
dinamikası müşahidə olunur.
Son
bir neçə ilin birinci rübünə aid əldə olunan büdcə gəlirlərinə toxunan sədr 2023–2026-cı illərin I rübü üzrə bələdiyyə
yığımları illər üzrə artım müşahidə edilib. Belə ki, 2024-cü ildə yığımlar
2023-cü illə müqayisədə 66 759 manat artaraq ümumi olaraq 32 % yüksəlmişdir. Yəni 2023-cü ilin birinci
rübündə 208.900 manat büdcə gəliri 2024-cü ildə 275.659 manatadək artıb. 2025-ci ildə artım tempi davam edərək əvvəlki
illə müqayisədə 89.925 manat və ya 32,62% təşkil etmişdir. Yəni büdcə gəliri 275.659
manatdan 365.585 manatadək yüksəlib. 2026-cı ildə isə artım dinamikası sabitləşərək
2025-ci illə müqayisədə 1 999 manat və ya 0,55% artım qeydə alınmışdır. Belə
ki, əvvəlki ildə 365.585 manat olduğu halda cari ildə bu rəqəm 367.584 manat olub. Büdcə daxilolmalarının təhlili
göstərir ki, son üç ildə bələdiyyənin ümumi büdcə gəlirlərində 75 faizədək artım olub.
Hacı
Əliyev qeyd edib ki, hesabat dövründə daxilolmaların strukturuna baxdıqda əsas
payın əmlak vergisindən daxil olduğu görünür. Belə ki, əmlak vergisi üzrə
daxilolmalar 2024-cü ilin I rübündə 84.848 manat, 2025-ci ilin I rübündə 171.570
manat və 2026-cı ilin I rübündə 182.657 manat təşkil etmişdir. Bu isə son üç ildə əmlak vergisinin yığımında
116 faizlik artım olub. Torpaq vergisi üzrə daxilolmalar isə 2024-cü
ilin I rübündə 5.450 manat, 2025-ci ilin I rübündə 7.866 manat və 2026-cı ilin
I rübündə 5.492 manat olmuşdur.
Bələdiyyə
mülkiyyətinin icarəsindən daxilolmalar 2024-cü ilin I rübündə 3.000 manat təşkil
etmiş olsa da, 2025-ci ilin I rübündə və 2026-cı ilin I rübündə isə bu istiqamət
üzrə daxilolma qeydə alınmamışdır.
Mehmanxana,
sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişlər
2024-cü ilin I rübündə 164.637 manat, 2025-ci ilin I rübündə 169.486 manat və
2026-cı ilin I rübündə 159.688 manat
olmuşdur.
Nəqliyyat
vasitələrinin dayanacaqları üçün daxilolmalar 2024-cü ilin I rübündə 17.396
manat, 2025-ci ilin I rübündə 16.662 manat və 2026-cı ilin I rübündə 18.141
manat təşkil etmişdir.
Küçə
(divar) reklamlarının yayımı üzrə daxilolmalar 2024-cü ilin I rübündə 327
manat, 2025-ci ilin I rübündə daxilolma qeydə alınmamış, 2026-cı ilin I rübündə
isə 1.605 manat olmuşdur.
Ümumilikdə,
hesabat dövründə bələdiyyə yığımlarında nəzərəçarpacaq artım müşahidə olunub.
Bələdiyyə sədri bildirib ki, vergi yığımlarının artırılması istiqamətində görülən işlər daha sistemli şəkildə təşkil olunmuşdur. Bu çərçivədə mövcud rəqəmsal imkanlardan, xüsusilə Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminin (BAMS) imkanlarından fəal istifadə edilir, eyni zamanda elektron icra mexanizmlərinin tətbiqi yığımların səmərəliliyini artıraraq büdcə daxilolmalarına müsbət təsir göstərir.
Belediyye.info
Rəylər
0 Rəy