Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-11-2026 , 19:54

107

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Murad Muradov: “Şəffaflıq, hesabatlılıq və sakinlərin maraqlarının qorunması Səfikürd bələdiyyəsinin fəaliyyətinin əsas prinsipləridir”

Goranboy rayonu Səfikürd bələdiyyəsinin 2025 və 2026-cı illərin yanvar–oktyabr ayları üzrə büdcə gəlirlərinin müqayisəsi yerli özünüidarəetmə orqanının maliyyə fəaliyyətində müsbət dinamikanın formalaşdığını göstərir.

Bu barədə Belediyye.infoya məlumat verən Səfikürd bələdiyyəsinin sədri Murad Muradov bildirib ki, 2025-ci ilin ilk 10 ayında bələdiyyənin büdcə gəlirləri 22 684 manat təşkil etdiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici 174,2 faiz artıb.

Sədrin sözlərinə görə, gəlirlərin artması, ilk növbədə, torpaq, əmlak və icarə haqlarının yığılması istiqamətində görülən işlərin, mövcud gəlir mənbələrindən daha səmərəli istifadə olunmasının və maliyyə intizamının gücləndirilməsinin nəticəsidir.

Qeyd olunub ki, 2026-cı ilin yanvar–oktyabr aylarında bələdiyyənin büdcəsinə torpaq vergisindən 12.043 manat, əmlak vergisindən 11.486 manat, bələdiyyə mülkiyyətinin icarəsindən 16.248 manat, bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən 7.747 manat, ianələrdən 3.037 manat, digər gəlirlərdən isə 3.629 manat vəsait daxil olub.

Bu göstəricilər bələdiyyənin öz gəlir imkanlarının genişləndiyini və yerli büdcənin maliyyə potensialının artdığını təsdiqləyir.

2027-ci il üçün nəzərdə tutulan hədəflərdən danışan Murad Muradov bildirib ki, qarşıdakı ildə əsas məqsəd əldə edilmiş müsbət nəticələri qorumaq, büdcə gəlirlərini daha da artırmaq və kəndin inkişafı üçün əlavə maliyyə imkanları yaratmaqdır.

Bələdiyyə iclasında müzakirəyə çıxarılan 2027-ci il üzrə büdcə layihəsində Səfikürd bələdiyyəsinin gəlirlərinin ümumilikdə 79 860 manat olması nəzərdə tutulur.

Bu məbləğin gəlir mənbələri üzrə bölgüsü aşağıdakı kimidir:

Torpaq vergisi – 11 810 manat;

Əmlak vergisi – 10 810 manat;

Bələdiyyə mülkiyyətinin icarəsindən – 20 010 manat;

Bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən – 24 230 manat;

Dotasiya – 9 100 manat;

Stasionar olmayan səyyar ticarət, ictimai iaşə və digər xidmət sahələrinə görə ödənişlər – 3 900 manat.

2027-ci il üçün müəyyənləşdirilən bu hədəflər bələdiyyənin gəlir bazasının genişləndirilməsinə, mövcud resurslardan səmərəli istifadəyə və maliyyə imkanlarının artırılmasına xidmət edir.

Murad Muradov vurğulayıb ki, bələdiyyə fəaliyyətinin əsas göstəricisi yalnız büdcəyə daxil olan vəsaitlərin həcmi deyil, həm də həmin vəsaitlərin kəndin inkişafına, abadlıq işlərinə, sosial məsələlərin həllinə və sakinlərin rifahının yüksəldilməsinə nə dərəcədə töhfə verməsidir.

“Bu istiqamətdə torpaq və əmlak vergilərinin uçotunun dəqiqləşdirilməsi, vergi borclarının azaldılması, icarə münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi, yeni gəlir mənbələrinin müəyyənləşdirilməsi və büdcə vəsaitlərinin şəffaf istifadəsi əsas fəaliyyət istiqamətlərimiz olacaq.

Hər bir sakinin bələdiyyənin fəaliyyətinə göstərdiyi diqqət və dəstək bizim üçün böyük əhəmiyyət daşıyır. Vergi və digər yerli ödənişlərin vaxtında həyata keçirilməsi kəndimizin ümumi inkişafına verilən mühüm töhfədir.

Bizim üçün şəffaflıq, hesabatlılıq və sakinlərin maraqlarının qorunması bələdiyyə fəaliyyətinin əsas prinsipləridir”, – deyə Murad Muradov qeyd edib.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şəhid ailəsi ziyarət olundu

Region
06-11-2026
232