Suraxanı bələdiyyələrinin gəlirləri 27 faiz artıb: Əmircan ən yüksək artım tempinə nail olub
Suraxanı rayonunun bələdiyyələri cari ilin ilk on ayında yerli gəlirlərin artırılması baxımından müsbət nəticələr əldə ediblər. Təqdim olunan statistik göstəricilərə əsasən, rayonda fəaliyyət göstərən beş bələdiyyənin hamısında ötən ilin müvafiq dövrü ilə müqayisədə maliyyə daxilolmalarının artması müşahidə olunub. Artımın miqyası isə bələdiyyələr üzrə fərqli olub.
Hesabat dövründə ən yüksək artım Əmircan bələdiyyəsində qeydə
alınıb. Ötən ilin ilk on ayında 71 682 manat gəlir əldə edən bələdiyyə cari
ilin eyni dövründə bu göstəricini 118 398 manata çatdırıb. Beləliklə, Əmircan bələdiyyəsinin
gəlirləri 65 faiz artıb. Bu nəticə Suraxanı rayonunun bələdiyyələri arasında ən
yüksək artım tempi kimi diqqət çəkir.
Maliyyə daxilolmalarının ümumi həcminə görə isə Qaraçuxur bələdiyyəsi
ön sıralardadır. Belə ki, ötən ilin yanvar-oktyabr aylarında 372 997 manat təşkil
edən gəlirlər cari ilin eyni dövründə 421 921 manata yüksəlib. Bununla da bələdiyyə
48 924 manat əlavə gəlir əldə edərək artım tempini 13 faizə çatdırıb.
Rayonun digər iri bələdiyyələrindən olan Hövsan da hesabat
dövrünü müsbət göstəricilərlə başa vurub. Bələdiyyənin gəlirləri 272 403
manatdan 348 332 manata yüksəlib. Bu, 75 929 manat əlavə maliyyə vəsaiti və 28
faizlik artım deməkdir. Belə nəticə Hövsan bələdiyyəsinin gəlir bazasının
genişlənməsi baxımından əhəmiyyətli göstəricidir.
Yeni Suraxanı və Bülbülə bələdiyyələri də artım tempinə görə
diqqət çəkirlər. Yeni Suraxanı bələdiyyəsinin gəlirləri 77 636 manatdan 98 189
manata yüksələrək 26 faiz, Bülbülə bələdiyyəsinin daxilolmaları isə 144 114
manatdan 179 067 manata çataraq 24 faiz artıb. Xüsusilə Bülbülə bələdiyyəsinin əldə
etdiyi nəticə onun gəlir həcminin də əhəmiyyətli dərəcədə genişləndiyini göstərir.
Ümumi rəqəmlərə nəzər saldıqda Suraxanı rayonunun beş bələdiyyəsinin
2026-cı ilin ilk on ayında birlikdə 1 milyon 165 min 907 manat maliyyə vəsaiti əldə
etdiyi məlum olur. Ötən ilin eyni dövründə isə bu göstərici 938 min 832 manat təşkil
edib. Beləliklə, bir il ərzində ümumi daxilolmalar 227 min 75 manat artıb. Bu
da təxminən 24,2 faizlik yüksəliş deməkdir.
Suraxanı rayonunun bələdiyyələri üzrə statistik mənzərənin
maraqlı tərəfi ondan ibarətdir ki, gəlirlərin artımı bütün bələdiyyələri əhatə
edir. Əmircan və Hövsan bələdiyyələri artım tempinə görə seçildiyi halda,
Qaraçuxur və Hövsan maliyyə daxilolmalarının ümumi həcminə görə fərqlənirlər.
Bu göstəricilər rayonun bələdiyyələri arasında həm gəlir potensialı, həm də
yığım dinamikası baxımından fərqli mənzərənin formalaşdığını göstərir.
Ümumilikdə, beş bələdiyyənin heç birində azalma qeydə
alınmaması və rayon üzrə ümumi gəlirlərin 24 faizdən çox yüksəlməsi müsbət
tendensiya kimi qiymətləndirilə bilər. Bununla belə, əldə olunan nəticələrin
davamlı olması üçün yerli vergi mənbələrinin tam müəyyənləşdirilməsi, torpaq və
əmlak vergisi üzrə uçotun dəqiqləşdirilməsi, vergi ödəyiciləri ilə işin gücləndirilməsi
və yığım mexanizmlərinin təkmilləşdirilməsi vacibdir.
Suraxanı rayonunun bələdiyyələri üzrə ilin ilk on ayının nəticələri göstərir ki, yerli gəlirlərin artırılması istiqamətində müəyyən irəliləyiş əldə olunub. İlin yekununda bu müsbət dinamikanın qorunub saxlanılması və xüsusilə Əmircan bələdiyyəsinin yüksək artım tempini davam etdirib-etdirməyəcəyi diqqət mərkəzində olacaq.
Rəylər
0 Rəy