Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-06-2026 , 18:48

243

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Bir neçə gün əvvəl  “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi olaraq Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsi çərçivəsində növbəti görüşüm Masallı bələdiyyəsinin inzibati binasında baş tutmuşdu.

Bundan bir müddət əvvəl də Masallı bələdiyyələrin iştirakı ilə geniş tərkibdə keçirilən görüşdə bələdiyyələrin fəaliyyəti ilə bağlı fikirlərimı bölüşmüşdüm.

İki günlük bu səfər çərçivəsində isə maddi-mədəni irsin  bələdiyyələr tərəfindən öyrənilməsinin vəziyyəti ilə bağlı rayonun bir sıra bələdiyyələri ilə görüşlər keçirdim, həmçinin rayondakı tarix-diyarşünaslıq müzeyini ziyarət etdim. (Muzeylə bağlı təəssüratlarımı növbəti yazıda qeyd edəcəyəm.) Bu yazı da isə əsasən rayonda formalaşan bələdiyyə-icra münasibətlərinə  toxunacağam.

Beləliklə, Masallı şəhər, Boradigah, Yeddioymaq, Təklə, Kolatan bələdiyyələrinin sədrləri ilə ayrı-ayrılıqda keçirdiyim görüşlərimdə bələdiyyələrin həyata keçirdikləri layihələr barəsində, üzləşdikləri çətinliklər barədə geniş fikir mübadiləsi apardım.

Sözsüz ki, əsas diqqətimi bələdiyyə-icra münasbətlərinə və özündə qədim tarixi daşıyan Masallı rayonunda bələdiyyələrin maddi-mədəni irsə göstərdikləri dəstəyə yönəltmişdim.  (Bələdiyyələrin maddi-mədəni irsə göstərdikləri dəstəklə bağlı təəssüratlarımı növbəti yazıda qeyd edəcəyəm)

Görüşdüyüm və inzibati binalarında olduğum bələdiyyə sədrləri ilə, habelə bələdiyyə qulluqçuları ilə birbaşa və dolayısı ilə etdiyim söhbətlərdən  gəldiyim nəticəyə görə, rayonda icra hakimiyyəti orqanının rəsmiləri, xüsusəndə rayonun siyasi rəhbəri bələdiyyələrin inkişafına hər bir halda maraqlıdır. Siyasi rəhbər hər bir sədrə seçicilərlə əlaqələrin qurulmasına ciddi fikir verməyi, vətəndaş məmnunluğunun təmin edilməsinə çalışmağı, mövcud problemlərin həllinə maraqlı olmaqla yanaşı oturduqları inzibati binanın bələdiyyənin adına layiq olmasını və ən vacibi isə büdcə gəlirlərini daim artırmaq barədə düşünməyi hər zaman tövsiyə edib. Hətta siyasi rəhbərin bələdiyyələrə müəssisə yaratmaları ilə bağlı çəkdiyi strateji yol xəritəsi deyərdim ki, ölkədə bəlkə də bir ilk idi. Hazırda rayonda formalaşdırılan 18 bələdiyyənin üçü artıq müəssisənin yaradılması ilə bağlı hüquqi prosedurlar üzərində işləyir və prosesin yaxın günlərdə başa çatacağı gözlənilir. Yaradılacaq hər bir müəssisənin uğurlu olması isə onun qoyulacaq “bönövrədən” çox asılı olacaq.

2025-ci ilin yanvarında  birləşdirmədən sonra formalaşan bələdiyyə sədrilərin  demək olar ki, 17-si yeni seçilənlərdir. Onların təcrübəsi az olsa da, işgüzarlığı ilə seçilmələri artıq özünü göstərməkdədir. Məhz bu işgüzarlığın nəticəsidir ki, Masallı şəhər bələdiyyəsinin büdcə gəlirində ciddi artım müşahidə olunub. Belə düşünmək olar ki,  Masallıda 25 il ərzində bələdiyyənin fəaliyyəti hiss olunmayıb. Ötən ilədək kiçik bir otaqda oturan Masallı bələdiyyəsi bu gün səkkiz otaqlı, təmirli, hər bir şəraitlə təmin olunmuş inzibati binada fəaliyyət göstərir. Ən maraqlı məqam isə binanın girişinə yazılan sözdür: “Giriş qapısını açıq saxlamayın, kondinsioner işləyir” Altsözlük bu cümlə əslində dərin bir  məna daşıyır. Yəni bu cümlə “bələdiyyə kollektivi ilə yanaşı, ən əsası xidmət etdiyi seçicilərini düşünür” kimi də yozula bilər.

Ziyarətində olduğum Boradigah, Kolatan və Yeddioymaq bələdiyyələrində də təxminən eyni vəziyyət idi. Müasir, rəqəmsallaşmış, təmirli, göz öxşayan binalarda fəaliyyət göstərməyin özü bir çəkidir, özü bir nüfuzdur.

Siyasi rəhbərin bilavasitə təşəbbüsü ilə qəsəbənin Mədəniyyət evinin Boradigah bələdiyyəsinin balansına verilməsi, binanın görkəminin dəyişməsi diqqətimdən yayınmadı. Ən maraqlı və diqqəti çəkən məqam ondadır ki, qəsəbədə olarkən  bələdiyyə binasının soruşduğum səkkiz nəfər sakinin hər birinin bələdiyyənin binasının yerini tanıması, hətta izahlı şəkildə yerini göstərməsi oldu. Bu  ondan xəbər verir ki, Boradigah bələdiyyəsi sakinlərlə işləyir. Onu da əlavə edim ki, Masallı bələdiyyəsində olduğu kimi, Boradigah bələdiyyəsində də  "həyat" 2025-ci ilin fevralından başlayıb. Və bunu sakinlərdə təsdiq edir.

Beləliklə, Masallı rayonunda bələdiyyə-icra münasibətlərinin sivil münasibətlər üzərində qurulmasında siyasi rəhbərin xüsusi  xidmətinin olması danılmazdır.

Bu gün 18 bələdiyyənin  16-sının hər hansı bir quruma borcunun olmaması, son ilyarım ərzində on yaxın bələdiyyənin bu borcunun bağlaması, bu gün isə yalnız ikisinin Qəriblər və Viləş bələdiyyəsinin DSMF borcunun qalması, bütün hallarda bələdiyyələrin öz işlərinə məsuliyyətlə yanaşmasından, ən əsası isə  RİH rəsmilərinin bu prosesə təkan verməsi danılmaz faktdır. Hazırda qalan iki bələdiyyədə borcun bağlanması ilə ciddi iş aparılır.

Uzun illər bələdiyyə sahəsi ilə bağlı təhlil apardığımdan, bu sahə ilə bağlı ciddi informasiya  bazasına malik olduğumdan etiraf edim ki, Masallı rayonunda formalaşan bu münasibət həqiqətən təcrübəsi yayıla biləcək bir səviyyədədir.

Bütün hallarda hər iki tərəfə uğurlar arzulayır, birgə fəaliyyət nəticəsində daha böyük layihələrə və ilklərə  imza atacaqlarına inanıram.

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
242

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
434

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
608

Sabiq icra başçısı dünyasını dəyişib

Gündəlik Xəbərlər
15-05-2026
651