Xankəndi Forumu: məsuliyyət hissi və QHT sektorunun strateji inkişaf istiqamətləri
Xankəndidə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumuna dəvət alanda düşünmədən “hə” cavabını verdim. Və səbrsizliklə bazar gününü gözləməyə başladım. Üç gün mənə sanki üç ilə bərabər oldu. Günlər bir-birini çox ləng əvəz etsə də, nəhayət bazar günü gəldi.
***
Yüksək
səviyyədə təşkil edilən səfər başlağıc nöqtəsinə yaxınlaşırdı. Doğma Ağdamı keçirik. Köçürülməsinə başlanılmış Xıdırlı
kəndində həyat sanki qaynayırdı. Əsgəran qala
divarlarının üst tərəfindən çəkilən yeni, müasir, göz oxşayan yolu keçib,
Xocalıya çatırıq. Avtobuslar sağa dönüb Ballıca kəndinə yön alır. İlk olaraq ağacəkmə aksiyası baş tutmalı idi. QHT sektorunun bütün rəsmiləri
artıq burada idi.
Mən də
uzun illərin dostu Osman Gündüzlə birgə “Eldar şamı”nı əkib, aqrotexniki qulluq
da göstərdik.
Amma fikrim
Xankəndidə idi. Artıq avtobuslar bu şəhərə tərəf yan alanda xəyalım məni 1987-ci
noyabr ayına apardı. Keçmiş SSRİ-nin tarixi günlərindən biri olan Böyük Oktyabr Sosialist İnqiliabın 70-ci
ili tamam olurdu. Bayram ərəfəsində isə məktəblilərin bir həftəlik payız tətili
olurdu. Məndə kəndimizdə müəllim işlədiyimdən fürsətdən istifadə edib Xankəndinə
gəldim.
Dəqiq
yadımdadır ki, noyabrın dördü idi. Ağdam “soyustransına” gəlib, “İkarius” avtobusu ilə yarım saata şəhərin
avtovağzalına çatdım.
Şəhərdə
adi payız günlərindən biri idi. Bazara dəydim, rus ustası Saşaya verdiyim “su motonu” alıb
geri avtovağzala döndüm. Bu səfərimdə üç saata yaxın şəhərdə oldum. Sanki hiss
edirmiş kimi, şəhəri payi- piyada bir xeyli
gəzdim. Hətta avtovağzalın yanındakı beşmərtəbədə olan kitab mağazasından F.Dostoyevsikinin iki əsərini
də aldım. Bu mənim şəhərə sonuncu səfərim idi.
Sonuncu
səfərimdə şəhərdəki insanların soyuqluğu,
üstəlik büruzə verilməsə də, amma hiss
edilən “aqresiya” yaddaşımda dərin iz buraxdı. Şəhər o şəhər deyildi. İnsanları
tamam dəyişmişdi, başqalaşmışdı sanki. Üç
adamdan söz soruşurdun, ancaq biri cavab verirdi. Bir tərəfdən payızın ilıq
soyuğu, digər tərəfdən əhalinin o dövrdə mənim üçün anlaşılmaz olan bu münasibəti diqqətimi çəkdi. Nə isə...
Artıq
Xankəndidəyik. Yenə payız günlərindən biri. Şəhər bu dəfə öz qonaqlarını ürək açıqlığı ilə qəbul edirdi. Sanki
gəlişimizə sevinmişdi. İki gün ərzində havanın
günəşli olması, arada duman gəlsə də, tez bir zamanda yoxa çıxması ilə sanki bizə şəhərin necə mükəmməl bərpa edildiyini
göstərirdi.
***
Beləliklə,
Xankəndidə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan QHT-lərinin
Əməkdaşlıq Forumu rəsmi açılışla işə başladı. İlk dəfə idi ki, QHT
Agentliyinin Bakıdan kənarda təşkil etdiyi
tədbirdə iştirak edirdim.
Adminstrasiyanın
sektor müdiri Tural Əliyevin, o cümlədən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin
icraçı direktoru Aygun Əliyevanın çıxışlarında ölkədə QHT- lərin strateji inkişaf
istiqamətlərinə yer verilməsi, bir sıra rəqəmlərin ürəklə çəkilməsi, etiraf
edim ki, vətəndaş cəmiyyətinin bir nümayəndəsi olaraq bizim də üzərimizə məsuliyyət
yükü qoyurdu.
Az
müddət ərzində bu sektorda aparılan islahatlar göstərir ki, biz artıq daha geniş
müstəvidə sözümüzü deməli, sözçülükdən real fəaliyyətə keçib ortalığa daha
ciddi layihələr qoymalıyıq. Hər halda etiraf etməliyik ki, az müddət ərzində çox iş görülüb. Ancaq görüləsi işlərdə hələ çoxdur. Hər kəs bu
forumda səslənən fikirlərdən özünə aid olanını götürdü.
Adminstrasiyanın
sektor müdiri Tural Əliyev çıxışında bəzi neqativə, buraxılan səhflərə ötəri də
olsa toxunsa da, “suvenrenliyimizin bərpasından
sonra ölkəmizin daha geniş şəkildə tanıdılmasında QHT sektoru da öz sözünü deməlidir”,
fikri ciddi siqnal idi. Səslənən fikirlər
həmdə QHT-lərin strateji inkişaf proqramının
əsas qayəsi idi.
Beləliklə,
forumun təşkilatçılarına təşəkkür etməyi özümə borc bilirəm. Ən xirda detalı belə
nəzərə alan təşkilatçılar tənqidə “yer qoymamışdılar”.
Agentlik,
azsaylı kollektivi ilə, həqiqətən çox böyük iş görmüşdü. Sadəcə əhsən deyirəm.
Və
sonda inanmaq istəyriəm ki, biz -QHT təmsilçiləri Forumda qaldırılan məsələlərə diqqətlə
yanaşıb, üzərimizə düşən məsuliyyəti hiss edərək, bu sektorunun inkişafına öz töhfəmizi verəcəyik.
Vüqar
Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri
Rəylər
0 Rəy