Hacı Əliyev: “Məqsədimiz vergi ödəyicilərinin ödənişlər barədə vaxtında məlumat almasını təmin etməkdir”
Müsahibimiz Səbail bələdiyyəsinin sədri Hacı Əliyevdir. Səbail bələdiyyəsi yerli büdcə daxilolmalarının artırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində davam etdirilən tədburlər barəsində bələdiyyə sədrinin fikirlərini aldıq. Nəzərə alaq ki, bələdiyyənin vergi xidmətinin səmərəli fəaliyyəti sayəsində ötən ilin doqquz ayı ilə müqayisədə cari ildə yerli vergilərin həcmində 18 faizlik artım müşahidə olunub.
- Bələdiyyənin
vergi xidməti büdcə daxilolmalarının artırılması üçün hansı addımları atır?
- Hacı
Əliyev: Bələdiyyənin əsas vəzifələrindən biri yerli büdcə daxilolmalarının
artırılmasını, yerli vergilərin və ödənişlərin tam və vaxtında yığılmasını təmin
etməkdir. Bu məqsədlə vergi bazasının genişləndirilməsi, vergi ödəyicilərinin
uçotunun dəqiqləşdirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində
ardıcıl tədbirlər həyata keçiririk.
İlk növbədə, bələdiyyə ərazisində
yerləşən torpaq sahələri, yaşayış və qeyri-yaşayış obyektləri, eləcə də vergi
ödəyiciləri barədə məlumatlar dəqiqləşdirilir. Uçotdan kənarda qalmış, lakin
vergiyə cəlb edilməli olan əmlakların müəyyənləşdirilməsi və məlumat bazasının
yenilənməsi büdcə daxilolmalarının artırılması baxımından mühüm əhəmiyyət
daşıyır.
Digər mühüm istiqamət vergi
borclarının azaldılmasıdır. Vaxtında ödənilməmiş vergilər üzrə borclar təhlil
edilir, vergi ödəyicilərinə müvafiq bildirişlər göndərilir və qanunvericiliyə
uyğun olaraq borcların yığılması üçün zəruri tədbirlər görülür.
Eyni zamanda, vətəndaşların ödənişləri
rahat şəkildə həyata keçirməsi üçün elektron xidmətlərdən istifadəyə xüsusi
diqqət yetiririk. Elektron bələdiyyə portalı və mobil tətbiq kimi vasitələr ödəniş
prosesinin sadələşdirilməsinə, vaxt itkisinin azaldılmasına və vergi ödəyicilərinin
xidmətlərdən daha əlçatan formada yararlanmasına imkan verir. Bununla yanaşı,
sakinlər və sahibkarlar arasında maarifləndirmə işləri aparılır. Yerli vergilərin
əhəmiyyəti, ödəniş qaydaları və büdcə vəsaitlərinin bələdiyyə ərazisinin
inkişafındakı rolu barədə məlumatlandırma həyata keçirilir.
Yığım göstəricilərinə də mütəmadi nəzarət
edirik. Aylıq və rüblük daxilolmalar təhlil olunur, nəzərdə tutulan göstəricilərlə
müqayisə aparılır, yığım səviyyəsinin aşağı olduğu istiqamətlər müəyyənləşdirilir
və müvafiq tədbirlər planlaşdırılır. Əsas məqsədimiz şəffaf, səmərəli və müasir
tələblərə cavab verən vergi inzibatçılığı formalaşdırmaqdır.
- Sual:
2027-ci ildən etibarən bələdiyyə vergiləri üzrə bildirişlərin onlayn qaydada təqdim
edilməsi nəzərdə tutulur. Bununla bağlı hansı hazırlıq işləri görülüb və gələcəkdə
hansı addımların atılması planlaşdırılır?
- Hacı
Əliyev: Bələdiyyə vergiləri üzrə bildirişlərin elektron qaydada təqdim edilməsi
vergi inzibatçılığının müasirləşdirilməsi, xidmətlərin əlçatanlığının
artırılması və vətəndaşlarla bələdiyyə arasında operativ əlaqənin qurulması
baxımından mühüm addımdır. Bu istiqamətdə həm hüquqi, həm də texniki hazırlıq
işləri aparılır.
Bildiyiniz kimi, 24 iyun 2025-ci il
tarixli qanunvericilik dəyişikliyi ilə bələdiyyə vergiləri üzrə ödəniş
bildirişlərinin elektron qaydada təqdim edilməsinin hüquqi əsası yaradılıb.
Keçid dövrü çərçivəsində 1 yanvar 2027-ci ilədək bildirişlərin həm elektron, həm
də kağız daşıyıcıda təqdim edilməsinə imkan verilir. Bu müddət elektron sistemə
keçid üçün zəruri hazırlıq işlərinin görülməsinə şərait yaradır.
Bununla yanaşı, Bələdiyyələrin Vahid
İnformasiya Sisteminin yaradılması və dövlət informasiya sistemləri ilə
inteqrasiyası istiqamətində də tədbirlər həyata keçirilir. Nazirlər Kabinetinin
12 mart 2026-cı il tarixli 76 nömrəli qərarı ilə sistemə ötürüləcək və sistemdən
əldə ediləcək məlumatların dairəsi müəyyənləşdirilib. Bu, məlumat mübadiləsinin
sistemli təşkili və bələdiyyələrin informasiya təminatının yaxşılaşdırılması
baxımından əhəmiyyətlidir.
Səbail bələdiyyəsində də vergi ödəyicilərinin
siyahılarının, əlaqə məlumatlarının, torpaq sahələri və daşınmaz əmlakla bağlı
informasiyaların dəqiqləşdirilməsinə diqqət yetirilir. Məlumat bazalarında
mövcud olan boşluqların və təkrar qeydiyyat hallarının aradan qaldırılması
elektron bildirişlərin düzgün ünvana və vaxtında çatdırılması üçün vacib şərtdir.
Hazırda elektron məlumatlandırma
imkanlarından da istifadə olunur. Səbail bələdiyyəsində SMS xidməti aktivdir.
Mülkiyyət barədə məlumatlar müvafiq sistemə daxil edildikdə vətəndaşların
“MyGov” hesablarına bildiriş göndərilməsi də həyata keçirilir. Məlumat
bazasının dəqiqləşdirilməsi istiqamətində işlər tamamlandıqdan sonra SMS
bildirişlərinin daha geniş miqyasda göndərilməsi nəzərdə tutulur.
Növbəti mərhələdə əsas diqqət məlumatların
aktuallığının təmin edilməsinə, elektron bildiriş mexanizmlərinin təkmilləşdirilməsinə
və vətəndaşların bu xidmətlərdən istifadəsinin asanlaşdırılmasına yönəldiləcək.
Məqsədimiz vergi ödəyicilərinin ödənişlər barədə vaxtında məlumat almasını təmin
etmək, inzibati prosedurları sadələşdirmək və büdcə daxilolmalarının səmərəliliyini
artırmaqdır.
Hesab edirik ki, rəqəmsal həllərin tətbiqi bələdiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, şəffaflığın gücləndirilməsinə və sakinlərlə daha çevik ünsiyyətin qurulmasına mühüm töhfə verəcək.
Belediyye.info
Rəylər
0 Rəy