Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-10-2026 , 21:18

171

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Hacı Əliyev: “Məqsədimiz vergi ödəyicilərinin ödənişlər barədə vaxtında məlumat almasını təmin etməkdir”

Müsahibimiz Səbail bələdiyyəsinin sədri Hacı Əliyevdir.  Səbail bələdiyyəsi yerli büdcə daxilolmalarının artırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində davam etdirilən tədburlər barəsində bələdiyyə sədrinin fikirlərini aldıq. Nəzərə alaq ki, bələdiyyənin vergi xidmətinin səmərəli fəaliyyəti sayəsində ötən ilin doqquz ayı ilə müqayisədə cari ildə yerli vergilərin həcmində 18 faizlik artım müşahidə olunub.

-       Bələdiyyənin vergi xidməti büdcə daxilolmalarının artırılması üçün hansı addımları atır?

-       Hacı Əliyev: Bələdiyyənin əsas vəzifələrindən biri yerli büdcə daxilolmalarının artırılmasını, yerli vergilərin və ödənişlərin tam və vaxtında yığılmasını təmin etməkdir. Bu məqsədlə vergi bazasının genişləndirilməsi, vergi ödəyicilərinin uçotunun dəqiqləşdirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçiririk.

İlk növbədə, bələdiyyə ərazisində yerləşən torpaq sahələri, yaşayış və qeyri-yaşayış obyektləri, eləcə də vergi ödəyiciləri barədə məlumatlar dəqiqləşdirilir. Uçotdan kənarda qalmış, lakin vergiyə cəlb edilməli olan əmlakların müəyyənləşdirilməsi və məlumat bazasının yenilənməsi büdcə daxilolmalarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Digər mühüm istiqamət vergi borclarının azaldılmasıdır. Vaxtında ödənilməmiş vergilər üzrə borclar təhlil edilir, vergi ödəyicilərinə müvafiq bildirişlər göndərilir və qanunvericiliyə uyğun olaraq borcların yığılması üçün zəruri tədbirlər görülür.

Eyni zamanda, vətəndaşların ödənişləri rahat şəkildə həyata keçirməsi üçün elektron xidmətlərdən istifadəyə xüsusi diqqət yetiririk. Elektron bələdiyyə portalı və mobil tətbiq kimi vasitələr ödəniş prosesinin sadələşdirilməsinə, vaxt itkisinin azaldılmasına və vergi ödəyicilərinin xidmətlərdən daha əlçatan formada yararlanmasına imkan verir. Bununla yanaşı, sakinlər və sahibkarlar arasında maarifləndirmə işləri aparılır. Yerli vergilərin əhəmiyyəti, ödəniş qaydaları və büdcə vəsaitlərinin bələdiyyə ərazisinin inkişafındakı rolu barədə məlumatlandırma həyata keçirilir.

Yığım göstəricilərinə də mütəmadi nəzarət edirik. Aylıq və rüblük daxilolmalar təhlil olunur, nəzərdə tutulan göstəricilərlə müqayisə aparılır, yığım səviyyəsinin aşağı olduğu istiqamətlər müəyyənləşdirilir və müvafiq tədbirlər planlaşdırılır. Əsas məqsədimiz şəffaf, səmərəli və müasir tələblərə cavab verən vergi inzibatçılığı formalaşdırmaqdır.

-       Sual: 2027-ci ildən etibarən bələdiyyə vergiləri üzrə bildirişlərin onlayn qaydada təqdim edilməsi nəzərdə tutulur. Bununla bağlı hansı hazırlıq işləri görülüb və gələcəkdə hansı addımların atılması planlaşdırılır?

-       Hacı Əliyev: Bələdiyyə vergiləri üzrə bildirişlərin elektron qaydada təqdim edilməsi vergi inzibatçılığının müasirləşdirilməsi, xidmətlərin əlçatanlığının artırılması və vətəndaşlarla bələdiyyə arasında operativ əlaqənin qurulması baxımından mühüm addımdır. Bu istiqamətdə həm hüquqi, həm də texniki hazırlıq işləri aparılır.

Bildiyiniz kimi, 24 iyun 2025-ci il tarixli qanunvericilik dəyişikliyi ilə bələdiyyə vergiləri üzrə ödəniş bildirişlərinin elektron qaydada təqdim edilməsinin hüquqi əsası yaradılıb. Keçid dövrü çərçivəsində 1 yanvar 2027-ci ilədək bildirişlərin həm elektron, həm də kağız daşıyıcıda təqdim edilməsinə imkan verilir. Bu müddət elektron sistemə keçid üçün zəruri hazırlıq işlərinin görülməsinə şərait yaradır.

Bununla yanaşı, Bələdiyyələrin Vahid İnformasiya Sisteminin yaradılması və dövlət informasiya sistemləri ilə inteqrasiyası istiqamətində də tədbirlər həyata keçirilir. Nazirlər Kabinetinin 12 mart 2026-cı il tarixli 76 nömrəli qərarı ilə sistemə ötürüləcək və sistemdən əldə ediləcək məlumatların dairəsi müəyyənləşdirilib. Bu, məlumat mübadiləsinin sistemli təşkili və bələdiyyələrin informasiya təminatının yaxşılaşdırılması baxımından əhəmiyyətlidir.

Səbail bələdiyyəsində də vergi ödəyicilərinin siyahılarının, əlaqə məlumatlarının, torpaq sahələri və daşınmaz əmlakla bağlı informasiyaların dəqiqləşdirilməsinə diqqət yetirilir. Məlumat bazalarında mövcud olan boşluqların və təkrar qeydiyyat hallarının aradan qaldırılması elektron bildirişlərin düzgün ünvana və vaxtında çatdırılması üçün vacib şərtdir.

Hazırda elektron məlumatlandırma imkanlarından da istifadə olunur. Səbail bələdiyyəsində SMS xidməti aktivdir. Mülkiyyət barədə məlumatlar müvafiq sistemə daxil edildikdə vətəndaşların “MyGov” hesablarına bildiriş göndərilməsi də həyata keçirilir. Məlumat bazasının dəqiqləşdirilməsi istiqamətində işlər tamamlandıqdan sonra SMS bildirişlərinin daha geniş miqyasda göndərilməsi nəzərdə tutulur.

Növbəti mərhələdə əsas diqqət məlumatların aktuallığının təmin edilməsinə, elektron bildiriş mexanizmlərinin təkmilləşdirilməsinə və vətəndaşların bu xidmətlərdən istifadəsinin asanlaşdırılmasına yönəldiləcək. Məqsədimiz vergi ödəyicilərinin ödənişlər barədə vaxtında məlumat almasını təmin etmək, inzibati prosedurları sadələşdirmək və büdcə daxilolmalarının səmərəliliyini artırmaqdır.

Hesab edirik ki, rəqəmsal həllərin tətbiqi bələdiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, şəffaflığın gücləndirilməsinə və sakinlərlə daha çevik ünsiyyətin qurulmasına mühüm töhfə verəcək.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şəhid atası ziyarət olunub

Bakı
02-09-2026
779