Xətai rayonunda “Zirvəyə aparan İşıq” tədbiri keçirilib
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Xətai
Rayon İcra Hakimiyyəti və Xətai Rayon Bələdiyyəsinin birgə təşkilatçılığı ilə
“Zirvəyə aparan İşıq” adlı tədbir keçirilib.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq
Quluyev, Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyev, Milli Məclisin
deputatları Qüdrət Həsənquliyev, Zahid Oruc, Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva,
Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, məktəb direktorları, müəllimlər,
şəhid ailələrinin üzvləri, rayon ağsaqqalları və ziyalılar iştirak ediblər.
Çıxış edən Rafiq Quluyev müəllimləri peşə bayramı münasibətilə
təbrik edərək, təhsilin ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən
biri olduğunu bildirib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi ilə təhsil müəssisələrinin yenilənməsi, müasir standartlara
uyğunlaşdırılması və təhsil imkanlarının genişləndirilməsi istiqamətində həyata
keçirilən tədbirlərdən danışıb.
Qeyd olunub ki, Xətai rayonunda da təhsil müəssisələrinin
maddi-texniki bazasının gücləndirilməsi, məktəb və uşaq bağçalarının əsaslı təmiri,
müasir avadanlıqlarla təmin olunması istiqamətində ardıcıl işlər görülür.
Rayonun təhsil göstəricilərinə toxunan Rafiq Quluyev
bildirib ki, 2025–2026-cı tədris ilində orta məktəbi bitirən 4 544 məzundan 3
018-i ali təhsil müəssisələrinə qəbul olub, 61 məzun 650-dən yuxarı bal
toplayıb, 9 məzun isə məktəbi qızıl medalla başa vurub.
Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyev çıxışında müəllimlik
peşəsinin cəmiyyətin gələcəyinin formalaşmasında mühüm rolunu vurğulayıb. O
bildirib ki, insanın həyatında ilk bilikləri verən, dünyagörüşünün
formalaşmasına təsir göstərən müəllimin xüsusi yeri var və bu səbəbdən müəllim əməyinə
hörmət hər zaman yüksək olmalıdır.
Elşad Vəliyev qeyd edib ki, dövlət tərəfindən təhsilə göstərilən
diqqət və yaradılan müasir imkanlar müəllimlərin üzərinə düşən məsuliyyəti daha
da artırır. O, Xətai rayonunda təhsilin inkişafı istiqamətində görülən işlərin
və əldə olunan nəticələrin sevindirici olduğunu bildirib.
Bələdiyyə sədri tədbirin Xətai Rayon İcra Hakimiyyəti ilə Xətai
Rayon Bələdiyyəsinin birgə əməkdaşlığının növbəti nümunəsi olduğunu
vurğulayaraq, müəllimlərin əməyinin belə bir tədbirlə qiymətləndirilməsindən məmnunluğunu
ifadə edib. O, “Zirvəyə Aparan İşıq” tədbirinin səmimi və xoş ab-hava ilə yadda
qaldığını, müəllimlərə göstərilən diqqətin onların fəaliyyətinə mənəvi dəstək
olduğunu qeyd edib.
Digər çıxışlarda da ölkəmizdə təhsilin inkişafı, müəllimlərin
sosial müdafiəsinin gücləndirilməsi və təhsil müəssisələrinin müasir tələblərə
uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb.
Sonda pedaqoji fəaliyyətində fərqlənən və yüksək nəticələr əldə
edən müəllimlərə qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olunub.
Xətai Rayon İcra Hakimiyyəti və Xətai Rayon Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbir müəllim əməyinə göstərilən ehtiramın və təhsilə verilən yüksək dəyərin ifadəsi kimi yadda qalıb.
Rəylər
0 Rəy