Nərmin Mehdiyeva: Məqsədimiz vətəndaş - bələdiyyə münasibətlərində daha müasir idarəetmə mexanizmini tətbiq etməkdir»
Qanunvercilikdə edilən dəyişikliyə görə, 2027-ci ildən vergi bildiarişləri elektron qaydada təqdim edilməlidir. Bununla bağlı Sumqayıt Bələdiyyəsində hazırlıq işləri davam etdirilir.
Sumqayıt Bələdiyyəsi sədrinin müavini Nərmin Mehdiyeva bildirib ki, bu yeniliyin tətbiqinə hazırlıq məqsədilə Sumqayıt Bələdiyyəsi tərəfindən artıq bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Bu istiqamətdə əsas prioritetimiz vergi ödəyicilərinin vahid məlumat bazasının dəqiqləşdirilməsi, mövcud uyğunsuzluqların aradan qaldırılması və elektron bildirişlərin ünvan sahiblərinə düzgün və vaxtında çatdırılmasının təmin edilməsidir.
İlkin mərhələdə bələdiyyənin elektron informasiya sistemində mövcud olan vergi ödəyicilərinə dair məlumatlar təhlil edilib, fərdi identifikasiya nömrələrində (FİN) səhvlər və uyğunsuzluqlar aşkarlanan şəxslər müəyyənləşdirilib. Həmin vətəndaşlara sifarişli poçt göndərişləri vasitəsilə rəsmi bildirişlər ünvanlanaraq şəxsiyyətlərini təsdiq edən sənədlərlə bələdiyyəyə müraciət etmələri xahiş olunub. Məqsəd şəxsiyyət vəsiqəsi məlumatlarının dəqiqləşdirilməsi, vergi ödəyicilərinin düzgün identifikasiyası və yenilənmiş məlumatların bələdiyyənin elektron informasiya sisteminə daxil edilməsidir.
Sədr müavini qeyd edib ki, eyni zamanda, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə məlumat mübadiləsi və inteqrasiya çərçivəsində əldə olunan məlumatlar əsasında vergi ödəyicilərinin əlaqə vasitələrinin yoxlanılması istiqamətində də işlər aparılır. Xüsusilə telefon nömrələri yanlış, natamam və ya aktuallığını itirmiş vətəndaşlar müəyyən edilərək müvafiq siyahılar hazırlanıb. Hazırda həmin şəxslərin əlaqə nömrələrinin, FİN-lərinin və şəxsiyyət vəsiqəsi məlumatlarının dəqiqləşdirilməsi prosesi mərhələli şəkildə davam etdirilir.
Qeyd etmək istərdim ki, bu tədbirlər yalnız texniki xarakter daşımır. Elektron bildiriş sisteminin səmərəli fəaliyyəti, ilk növbədə, məlumat bazasının düzgünlüyündən və etibarlılığından asılıdır. Məlumatlarda mövcud olan hər hansı uyğunsuzluq bildirişlərin ünvan sahiblərinə çatdırılmasında çətinlik yarada bilər. Məhz buna görə də elektron sistemə keçiddən əvvəl məlumat bazasının mümkün qədər tam və dəqiq formalaşdırılmasına xüsusi diqqət yetiririk.
Növbəti mərhələdə məlumatların yenilənməsi, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması və elektron bildiriş mexanizminin texniki hazırlığının tamamlanması istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur.
Əsas məqsədimiz 2027-ci ildən elektron bildiriş sisteminə keçidi sadəcə kağız bildirişlərin rəqəmsal formatla əvəzlənməsi kimi deyil, vergi ödəyicilərinin uçotunun təkmilləşdirilməsinə, məlumatların operativ və düzgün çatdırılmasına, eləcə də vətəndaşlarla bələdiyyə arasında daha şəffaf, çevik və əlçatan münasibətlərin qurulmasına xidmət edən müasir idarəetmə mexanizmi kimi həyata keçirməkdir.
Belediyye.info
Rəylər
0 Rəy