Osman Quliyev: “Bələdiyyənin maliyyə imkanlarının genişləndirilməsi qarşıdakı dövrün əsas prioritetlərindəndir”
Qaradağ rayonu Qobustan bələdiyyəsinin sədri Osman Quliyev Belediyye.infoya 2027-ci il üçün hazırlanmış büdcə layihəsi barədə məlumat verib.
Sədr
bildirib ki, büdcə layihəsi artıq bələdiyyə iclasında müzakirə olunub. Müzakirələr
zamanı layihəyə bir sıra təklif və düzəlişlərin edilməsi, daha sonra yenidən
işlənərək təqdim olunması qərara alınıb. İlkin proqnozlara əsasən, 2027-ci ildə
bələdiyyə büdcəsinin həcminin 100 min manat olması nəzərdə tutulur.
Osman
Quliyevin sözlərinə görə, növbəti ilin büdcəsi hazırlanarkən ərazidə mövcud
olan sosial ehtiyaclar, kommunal və abadlıq məsələləri, eləcə də bələdiyyənin
qarşısında duran əsas vəzifələr nəzərə alınıb. Büdcə vəsaitlərinin bölgüsündə bələdiyyənin
fəaliyyətinin səmərəli təşkili ilə yanaşı, sakinlərin müraciət və
ehtiyaclarının qarşılanması da əsas istiqamətlər kimi müəyyənləşdirilib.
Büdcə
layihəsində nəzərdə tutulan vəsaitin əhəmiyyətli hissəsinin yerli əhəmiyyətli məsələlərin
həllinə yönəldilməsi planlaşdırılır. Bu çərçivədə aztəminatlı ailələrə sosial dəstəyin
göstərilməsi, maddi imkanı məhdud ailələrdə vəfat edən şəxslərin dəfn və yas mərasimləri
ilə bağlı maddi yardımın ayrılması, qəbiristanlıqların lazımi vəziyyətdə
saxlanılması, mədəni-kütləvi tədbirlərin təşkili, bələdiyyə yollarının təmiri və
ərazinin abadlaşdırılması diqqət mərkəzində olacaq.
Bələdiyyə
sədri qeyd edib ki, maliyyə imkanlarının genişləndirilməsi də qarşıdakı dövrün əsas
prioritetlərindəndir. Bu məqsədlə mövcud gəlir potensialının daha səmərəli qiymətləndirilməsi,
əlavə gəlir mənbələrinin araşdırılması, əmlak və torpaq vergiləri, eləcə də
icarə haqları üzrə daxilolmaların artırılması istiqamətində işlərin gücləndirilməsi
nəzərdə tutulur.
Osman
Quliyevin bildirdiyinə görə, son dövrün göstəriciləri bələdiyyə büdcəsinin gəlirlərində
müsbət dinamikanın olduğunu göstərir. Belə ki, 2025-ci ilin ilk 10 ayında bələdiyyə
büdcəsinə 21 499 manat vəsait daxil olduğu halda, 2026-cı ilin eyni dövründə bu
rəqəm 25 612 manata yüksəlib. Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə
4 113 manat və ya təxminən 19,1 faiz artım qeydə alınıb.
Sədr
vurğulayıb ki, büdcə gəlirlərində əldə olunan artım müsbət göstərici olsa da, bələdiyyənin
maliyyə bazasının daha da möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilməlidir.
Osman
Quliyev əlavə edib ki, 2027-ci ildə də bələdiyyənin fəaliyyətində şəffaflığın təmin
edilməsi, maliyyə vəsaitlərindən təyinatı üzrə və səmərəli istifadə olunması,
eləcə də sakinlərin maraq və ehtiyaclarına uyğun layihə və tədbirlərin həyata
keçirilməsi əsas prinsiplər olacaq.
Belediyye.info
Rəylər
0 Rəy