Yerli büdcə daxilolmalarında müsbət dinamika müşahidə olunur: BƏLƏDİYYƏ SƏDRİ YAZIR
Biləsuvar bələdiyyəsinin qarşıya qoyduğu əsas vəzifələrdən biri yerli büdcə gəlirlərinin artırılması, vergi ödəyiciləri ilə işin daha səmərəli təşkili, şəffaflığın təmin olunması və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Bu istiqamətdə son illər bir sıra tədbirlər həyata keçirilir, müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməklə bələdiyyə fəaliyyətinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.
Görülən işlərin nəticəsi olaraq yerli büdcə
daxilolmalarında müsbət dinamika müşahidə olunur. Belə ki, 2024-cü ildə büdcə
daxilolmaları 149 min 760 manat, 2025-ci ildə 156 min 256 manat, 2026-cı ilin
oktyabr ayına olan məlumata əsasən isə 158 min 256 manat təşkil edib.
Beləliklə, 2024-cü illə müqayisədə 2026-cı ilin
oktyabr ayınadək büdcə daxilolmaları 8.496 manat artıb. Bu göstərici yerli gəlirlərin
artırılması istiqamətində görülən tədbirlərin əhəmiyyətini və bu sahədə işlərin
ardıcıl davam etdirilməsinin vacibliyini göstərir.
Büdcə gəlirlərinin artırılması məqsədilə torpaq və əmlak
sahələrinin uçotunun dəqiqləşdirilməsi, vergi ödəyiciləri haqqında məlumatların
yenilənməsi, mövcud vergi borclarının müəyyənləşdirilməsi və onların ödənilməsi
istiqamətində müvafiq tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır. Eyni
zamanda, əhali arasında maarifləndirmə işlərinin aparılması, vətəndaşlara vergi
öhdəliklərinin izah edilməsi və ödəniş intizamının gücləndirilməsi də diqqət mərkəzində
saxlanılır.
Bu istiqamətdə Bələdiyyələrin Vahid İnformasiya
Sisteminin (BVİS) imkanlarından istifadə olunur. Elektron informasiya sistemləri
məlumatların daha dəqiq uçotunun aparılmasına, vergi öhdəliklərinin izlənilməsinə,
mövcud məlumatların sistemləşdirilməsinə və iş proseslərinin daha operativ təşkilinə
şərait yaradır. Rəqəmsal həllərin tətbiqi bələdiyyə fəaliyyətində səmərəliliyin
və şəffaflığın artırılmasına xidmət edir.
Vətəndaşların elektron xidmətlərə çıxış imkanlarının
genişləndirilməsi baxımından elektron bələdiyyə portalının yaradılması da mühüm
yeniliklərdəndir. Portal vasitəsilə vətəndaşlar elektron qaydada şəxsi
hesablarına daxil olaraq vergi obyektləri, hesablanmış vergi məbləğləri və həyata
keçirdikləri ödənişlər barədə məlumat əldə edə bilərlər. Bu imkan vətəndaşların
zəruri məlumatları bələdiyyəyə birbaşa müraciət etmədən əldə etmələrini
asanlaşdırır, vaxta qənaət etməyə və xidmətlərdən daha rahat istifadə etməyə şərait
yaradır.
Növbəti mərhələdə rəqəmsallaşma istiqamətində işlərin
davam etdirilməsi nəzərdə tutulur. 2027-ci ildən etibarən vergi tədiyə
bildirişlərinin elektron qaydada təqdim olunması da planlaşdırılır. Bunun üçün
vergi ödəyicilərinə aid məlumatların dəqiqləşdirilməsi, əlaqə məlumatlarının
yenilənməsi və əhalinin elektron xidmətlərdən istifadə qaydaları barədə məlumatlandırılması
xüsusi əhəmiyyət kəsb edir. Elektron bildirişlərin tətbiqi vətəndaşların vergi
öhdəlikləri barədə vaxtında məlumatlandırılmasına və ödəniş prosesinin daha
rahat təşkilinə kömək edəcək.
İnanıram ki, müasir texnologiyaların tətbiqi, uçot və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də vətəndaşlarla işin düzgün təşkili yerli büdcə gəlirlərinin artırılmasına mühüm töhfə verəcək. Biləsuvar bələdiyyəsi bundan sonra da büdcə daxilolmalarının artırılması, şəffaflığın gücləndirilməsi və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcək.
İlqar Abbasov
Biləsuvar bələdiyyəsinin sədri
Rəylər
0 Rəy