Aqil Heydərov: “Müasir texnologiyaların tətbiqi yerli büdcə gəlirlərinin artırılmasına mühüm töhfə verəcəkdir”
Bu dəfə suallarımızı Saatlı bələdiyyəsinin sədri Aqil Heydərov
cavablandırıb.
- Bələdiyyənin
vergi xidməti büdcə daxilolmalarının artırılması üçün hansı addımları atır?
- Saatlı Bələdiyyəsinin vergi xidməti yerli büdcə
daxilolmalarının artırılması, vergi bazasının genişləndirilməsi və vergi
uçotunun dəqiqləşdirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirir. Bu
məqsədlə torpaq və əmlak vergisi üzrə məlumatlar dəqiqləşdirilir, daşınmaz əmlakların
uçotunun təkmilləşdirilməsi və vergi ödəyiciləri haqqında məlumatların
aktuallığının təmin edilməsi istiqamətində müvafiq işlər görülür.
Eyni zamanda, vergi borcu olan vətəndaşlara
SMS vasitəsilə bildiriş və xəbərdarlıqlar göndərilir. Vergi ödəyicilərinin öhdəlikləri
barədə vaxtında məlumatlandırılması, ödəniş intizamının gücləndirilməsi və
vergi uçotunun düzgün aparılması yerli büdcə gəlirlərinin artırılmasına xidmət
edən əsas tədbirlərdəndir.
Əsas məqsədimiz mövcud vergi potensialından
səmərəli istifadə etmək, vergi bazasını dəqiqləşdirmək və bələdiyyənin maliyyə
imkanlarını gücləndirməkdir.
- Son iki
ildə hansı yeniliklər tətbiq edilib?
- Son iki ildə Saatlı Bələdiyyəsinin vergi xidmətində
rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsinə və vergi
inzibatçılığının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilib. Bu istiqamətdə tətbiq
olunan əsas yeniliklərdən biri vergi borcları barədə SMS bildirişlərinin göndərilməsidir.
Bu üsul vətəndaşlarla operativ əlaqə qurmağa, məlumatlandırma prosesini sürətləndirməyə,
kağız daşıyıcılardan istifadənin azaldılmasına, eləcə də vaxt və əmək sərfinə qənaət
etməyə imkan verir.
Bununla yanaşı, vətəndaşlara məxsus
daşınmaz əmlaklar üzrə mülkiyyət hüququnu təsdiq edən sənədlər müvafiq
informasiya bazasından ödənişli əsaslarla əldə edilir və həmin məlumatlar Bələdiyyələrin
Avtomatlaşdırılmış Məlumat Sisteminin (BAMS) bazasına daxil olunur. Xüsusilə
2026-cı il ərzində bu istiqamətdə işlər intensivləşdirilib, əmlak məlumatlarının
dəqiqləşdirilməsinə və vergi uçotunun təkmilləşdirilməsinə diqqət artırılıb.
Digər mühüm yenilik BAMS sisteminin
imkanlarından istifadə etməklə vətəndaşların öz adlarına rəsmiləşdirilmiş mobil
telefon nömrələrinin müəyyənləşdirilməsidir. Bu, əlaqə məlumatlarının dəqiqləşdirilməsinə
və vergi ödəyicilərinin SMS vasitəsilə daha operativ məlumatlandırılmasına şərait
yaradır.
Həyata keçirilən tədbirlər vergi
inzibatçılığının səmərəliliyinin artırılmasına, məlumat bazasının təkmilləşdirilməsinə
və vətəndaşlarla kommunikasiyanın daha çevik təşkilinə xidmət edir.
- 2027-ci
ildən vergi bildirişlərinin elektron qaydada təqdim edilməsi ilə bağlı hansı
addımlar atılıb və ya atılacaq?
- Vergi bildirişlərinin elektron qaydada təqdim
edilməsinə keçidlə əlaqədar Saatlı bələdiyyəsində mövcud rəqəmsal imkanlardan
istifadə olunur. Bu prosesin səmərəli təşkili üçün vergi ödəyicilərinə aid məlumatların,
daşınmaz əmlakla bağlı qeydlərin və əlaqə vasitələrinin dəqiqləşdirilməsinə
xüsusi diqqət yetirilir. Əmlak məlumatlarının BAMS sisteminə daxil edilməsi və
mobil telefon nömrələrinin müəyyənləşdirilməsi elektron məlumatlandırma
mexanizminin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Növbəti mərhələdə elektron bildirişlərin təqdim
edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, məlumat bazasının daim yenilənməsi
və vətəndaşların yeni qaydalar barədə məlumatlandırılması istiqamətində işlərin
davam etdirilməsi nəzərdə tutulur.
Elektron bildiriş sisteminə keçidin əsas məqsədi
kağız sənədləşməni minimuma endirmək, inzibati xərcləri azaltmaq, vaxta qənaət
etmək və vətəndaşların vergi öhdəlikləri barədə vaxtında məlumatlandırılmasını
təmin etməkdir. Bununla yanaşı, elektron məlumatlandırmanın ödəniş intizamının
gücləndirilməsinə və yerli büdcə daxilolmalarının artırılmasına müsbət təsir
göstərəcəyi gözlənilir.
Saatlı bələdiyyəsi bundan sonra da rəqəmsallaşma
imkanlarından səmərəli istifadə etməklə vergi uçotunun təkmilləşdirilməsi, şəffaflığın
artırılması və yerli özünüidarəetmənin maliyyə imkanlarının gücləndirilməsi
istiqamətində fəaliyyətini davam etdirəcək. İnanırıq ki, müasir
texnologiyaların tətbiqi, vergi ödəyiciləri ilə əlaqələrin gücləndirilməsi və
uçot sisteminin təkmilləşdirilməsi yerli büdcə gəlirlərinin artırılmasına və bələdiyyə
xidmətlərinin daha səmərəli təşkilinə mühüm töhfə verəcək.
Belediyye.info
Rəylər
0 Rəy