Tərk edilmiş zaman: Qədim kəndlərin donmuş yaddaşı
Dünyanın hər hansı bir dağ yamacında, ya da unudulmuş bir düzənliyində
boşalmış evlərin pəncərələrindən içəri baxdıqda gördüyümüz şey sadəcə tozlu döşəmələr
deyil, bütöv bir sivilizasiyanın nəfəsidir. Tərk edilmiş kəndlər bəşəriyyətin
“donmuş yaddaşı”dır.
Bu, artıq
sadəcə bir məqalə
deyil, İsmayıllının dumanlı
dağlarında zamanın sükuta qərq
olmuş öz keçmişi
ilə üzləşdiyi bir
“Yaddaş ağısı”dır. Sizin gözlərinizlə
o kəndin küçələrində gəzərək, elmi və fəlsəfi həqiqətləri bu kədərli mənzərəyə toxuyuram.
İsmayıllının sərt, lakin vüqarlı
coğrafiyasında, dumanın içindən
boylanan vüqarlı
dağ kəndlərindən birinin
astanasında dayanarkən, adamı
ilk vuran şey
hava deyil, zamanın
ağırlığıdır. Bir vaxtlar
yüzlərlə ailənin qaynar
nəfəsi ilə isinən
bu küçələr, evlər təbiyətin
dağıdıcı gücü qarşısında acız qalıb. İndi
isə qarşımda duran
mənzərə, bəşəriyyətin həm ən böyük
dramı, həm də təbiətin sükutla qazandığı qələbədir. Mənim
gördüklərim sadəcə xarabalıq deyil, bu zamanın təsiri ilə
dağılmış və məhvə
məhkum olmuş mədəniyyətin
pəncərəsidir.
Tərk edilmiş bu kəndin astanasından içəri addım atdığım an, sanki iki
dünyanın toqquşmasına şahidlik edirəm: biri insan əli ilə qurulan nizam, digəri
isə təbiətin qarşısıalınmaz xaotik gözəlliyi.
Gördüklərim sadəcə xarabalıq deyil, gözlərim önündə divarların
arasından inadla boy
atan ağaclar var.
İnsan gedən kimi təbiət
öz mülkiyyət hüququnu
bərpa etməyə başlayıb.
Bu, sosioloqların dediyi
sadəcə bir köç deyil, “mədəniyyətin geri çəkilməsi”
prosesidir. Bir vaxtlar yüzlərlə
ailələrin istisindən qızınan
o daşlar indi
mamırların yaşıl məxməri
ilə örtülüb. İnsanlar
bir yeri tərk
edəndə özləri ilə
birlikdə ləhcələrini, ağıllarını,
mətbəx mədəniyyətlərini və
qonşuluq ənənələrini də
aparırlar. Təbiət sanki insanın
buraxdığı yaraları müalicə
edir, beton və kərpicin kəskin
künclərini yaşıllıqla yumşaldır.
Zamanın axarı bəzən
elə bir nöqtəyə
çatır ki, orada
saatlar dayanır, divarlar
dil açır, amma kimsə
onları dinləmir. Biz buna “tərk edilmiş məkanlar” deyirik.
Arxeologiya elmi üçün tərk edilmiş
bir məkan xəzinədir.
Amma bu xəzinə
qızıl və ya
gümüşdən deyil, yaşanmışlıqdan ibarətdir. Bir evin
küncündə qalmış qırıq
saxsı qab və
ya paslanmış kotan,
o dövrün iqtisadiyyatından, ailə strukturundan və
gündəlik qayğılarından xəbər
verir.
Arxeoloqlar bu vəziyyəti
“maddi mədəniyyətin sükutu”
adlandırırlar. İnsan əli
bir əşyadan çəkildiyi
an, o əşya
öz funksiyasını itirir
və bir simvola
çevrilir.
Tərk edilmiş kəndlərdəki
o ağır sükut,
əslində orada vaxtilə
mövcud olmuş həyatın
nə qədər gur və mənalı
olduğunun sübutudur.
Artıq o ev
“yaşayış sahəsi” deyil, “xatirə abidəsi”dir. Divarların
çatlarından sızan külək
səsi, keçmişin pıçıltısı kimi qəbul edilir. Bu, bizə sübut edir ki,
insan əməyi olan hər bir
daş və hər
bir ağac zamanla ruh qazanır.
Bu kəndlərdə gəzərkən
əslində fiziki dünyadan çıxıb, mənəvi bir arxivin
içində addımlayıram.
Tərk edilmiş bu kənddə mən
sadəcə daş və
divar görmürəm. Mən burada
itirilmiş bir insanlıq layihəsi görürəm. Təbiət öz haqqını geri alır; ağaclar divarları parçalayır,
mamırlar məktəb pilləkənlərini örtür.
Elm buna bərpa
deyə bilər, amma
ruhumuz buna “fəna” deyir.
Mənim gördüyüm bu mənzərə bizə
bir sual verir:
Biz şəhərlərin səs-küyündə
daha xoşbəxtikmi, yoxsa
bu dağ kəndlərində
qoyub gəldiyimiz o “sadə
həqiqətləri” axtarırıq?
Bu kəndlərin ruhları bizi lənətləmir,
onlar sadəcə bizə acıyırlar. Çünki biz köklərimizi tərk
etməklə əslində gələcəyimizi
tərha qoymuşuq.
Tərk edilmiş kəndlər
təbiətin səbri qarşısında
insanın nə qədər
tələskən olduğunun güzgüsüdür.
Elm bizə deyir
ki, insan müdaxiləsi dayandığı
andan etibarən təbiət öz mühəndislik işinə
başlayır. Bu proses
bir məhv olma
deyil, əslində yenidən
inteqrasiyadır. Təbiət insan
tərəfindən tikilmiş divarları
qucaqlayır, onları mamırlarla bəzəyir
və öz ekosisteminə qatır. Bu mənzərə bizə təkəbbürdən uzaqlaşmağı və kainatın
bir parçası olduğumuzu xatırladan ən böyük elmi-fəlsəfi dərsdir.
Adətən biz zamanı “keçmiş”
və “indi” deyə
iki hissəyə ayırırıq.
Lakin tərk edilmiş
kəndlərdə “üçüncü bir
zaman” - dayanıqlı sükut
zamanı mövcuddur. Bura nə
tamamilə keçmişə aiddir, nə də indiki zamana tabedir. Bu məkanlar zamanın
axarından qopmuş adalar kimidir.
Fizika qanunlarına görə
zaman həmişə irəliyə
doğru axır (t > 0). Lakin
tərk edilmiş bir kəndə daxil
olduğunuzda, subyektiv zaman
anlayışı dəyişir. Elm
adamları bunu “donmuş zaman”
effekti adlandırırlar.
İnsan ayağı çəkilən
yerdə mədəniyyət “muzeyləşir”.
Artıq orada yeni
bir hadisə baş
vermir, hər şey
keçmişin enerjisi ilə
qidalanır.
Bu kəndlər bizə
göstərir ki, insan
olmadan zamanın mənası
yoxdur. Saat divarda
asılı qalsa da,
onu quran əl
yoxdursa, o sadəcə bir metal
parçasıdır.
Hər bir evin
divarı illərlə orada
yaşanan sevincləri, kədərləri
və duaları özünə
çəkir. Tərk edilmiş
kəndlərin “ruhları” dediyimiz
şey, əslində orada yaşamış insanların
buraxdığı enerji izləridir.
Boş qalmış bir
beşik və ya
paslanmış bir qapı kilidi,
bizə keçmişin hekayəsini
danışan simvollardır. Biz
o kəndlərdə gəzərkən
əslində öz köklərimizlə,
unudulmuş “mən”imizlə qarşılaşırıq.
İnsan bir məkanı tərk etdikdə, təbiət öz haqqını geri alır: Bitki
kökləri divarların arasından
sızaraq betonu və
daşı parçalayır. Damların arasından ağaclar boylanır. Daşların arasını mamırlar örtür. Küçələri
vəhşi bitkilər işğal edir.
İnsan səsi kəsilən yerdə quşların və
heyvanların səsi daha uca gəlir. Bu, təbiətin memarlığıdır.
Bu proses bizə
mühüm bir fəlsəfi
dərsi xatırladır: Biz təbiətin sahibi
deyil, sadəcə müvəqqəti qonaqlarıyıq. Biz gedəndə təbiət heç
nə olmamış kimi öz işinə davam edir. Platonun ideyalar dünyası ilə əlaqələndirsək,
tərk edilmiş kəndlər ideallıqdan maddi dünyaya, oradan isə yenidən təbiətin
ilkin xaosuna qayıdışın təsviridir.
Bəs niyə bu xarabalıqlar
bizi bu qədər
kədərləndirir, həm də özünə çəkir?
-
Çünki insan
ruhu tərk edilmiş
yerlərdə qəribə bir
hüzur tapır. Biz o kəndlərdə, o
boş küçələrdə öz keçmişimizi görürük.
Hər şeyin bir sonu olduğunu
anlasaqda, amma o sonun içindəki gözəlliyi
və yaşanmışlığı hiss
etmirik. Cəmiyyəti bir arada
tutan
bağlar zəiflədikdə, məkanlar da öz cazibəsini itirir. Müasir şəhərləşmə bizə daha rahat həyat
vəd etsə də,
ruhumuzu o qədim
kəndlərin kollektiv istiliyindən məhrum
qoyur. Bu gün boş qalan kəndlər, müasir insanın tənhalığına açılan bir
pəncərədir. Zaman insanın
sahib olduğu tək
şeydir. Kəndlərini tərk edən
insanlar əslində zamanın
bir hissəsini orada
qoyub gedirlər.
Tərk edilmiş kəndlərin
ruhları — sönmüş ocaqların külü deyil, gələcək nəsillər üçün bir xəbərdarlıq və
bir mirasdır. Onlar
bizə öyrədir ki,
bir məkanı “vətən” edən
onun daşı-divarı deyil,
oradakı insan münasibətləri və
sevgi enerjisidir.
Baxdığım hər küncdə bir sükut var, amma bu sükut boş deyil.
O, qəribə hissi oyadır: həm çox doğma, həm də qorxulu dərəcədə yad. Bir
küncdə qalmış, rəngi solmuş bir uşaq ayaqqabısı və ya paslanmış bir çaydan mənə
bəşəriyyətin ən böyük həqiqətini pıçıldayır.
Bir vaxtlar uşaq səsi
gələn, ocaq çatılan
otaqların indi boş
olması insanın öz ölümünü, öz faniliyini
xatırladır. Amma bu kədər həm də təmizləyicidir. O bizə maddiyyatın
müvəqqəti, ruhun isə əbədi olduğunu pıçıldayır.
İsmayıllının o sapsarı payız dumanında boğulan kəndin hər qarışında
sanki bir “fəryad sükutu” var. Uca
dağlar arasında tərk
edilmiş bu kənd,
sanki kainatın qara dəliyinə
bənzəyir; hər şeyi udur – xatirələri, ümidləri və hətta ölülərin
hüzurunu. Burada zaman sadəcə dayanmayıb,
həm də çürüyür.
İnsan nəfəsi dəyməyən
məscid, insanların qayıdışını
intizarla gözləyən dəyirman,
bir vaxtlar ruhların
təmizləndiyi hamam və uşaq səsinə həsrət qalan məktəb binası...
Kəndin mərkəzində ucalan məscid, indi insan nəfəsinə həsrət qalan bir
ruh kimidir. Bir vaxtlar minarəsindən ucalan azan
səsi bu dağların əks-sədası ilə birləşib
insanın daxili aləminə hüzur daşıyardı.
Kəndin məscidi indi Allaha yalvaran tənha bir dərviş kimi durur. İnsan nəfəsi dəyməyən
o minarə artıq azan deyil, sükut
carçısıdır. Yanındakı məktəb binası isə
şagird həsrətindən divarları
çatlamış bir qocanı
xatırladır.
İslam dünyasının ən böyük mütəffəkirlərindən biri ilahiyyatçı və
filosofu İman Qəzali deyirdi ki, “Qəlb
boş qalanda ora vəsvəsə dolar.” Amma bu məscidin
boşluğu fərqlidir; ora ilahi bir sükut dolub. İndi bu məkanın “camaatı” pəncərədən
süzülən günəş şüaları
və divarlarda yuva
quran qaranquşlardır. İnsan enerjisi və təmiri çəkilən kimi, rütubət və
zaman daşın molekulyar quruluşuna sızır. Amma mənim gördüyüm,
o daşların hələ də bir
dua kimi dik
dayanmasıdır.
Bir
vaxtlar uşaq gülüşləri
ilə döyünən məktəb
binası indi şagird
həsrəti ilə nəfəs alan bir nəhəngə bənzəyir. Divardakı çatları mən
şagirdlərin illər öncə qaçarkən buraxdığı izlərin zamanla böyümüş yaraları kimi görürəm. Elm bura “təhsil səviyyəsinin
aşağı düşməsi” deyə bilər, amma
ruhum bura gələcəyin
keçmişdə dustaq qalması”
deyir. Məktəb binasının
soyuq dəhlizlərində indi sadəcə
külək qaçdı-tutdu oynayır. Bəlkə də kəndin ən ağır dərdi bu binanın pəncərələrində
gizlənib. Boş qalmış partalar, rəngi solmuş
lövhə və dəhlizlərdəki
o ağır sükut. Siniflərdəki qara
lövhədə təbaşir iziylə
yarımçıq qalmış bir cümlə, bir vaxtlar burada olan gələcəyin necə
“keçmişdə” dustaq qaldığını
göstərır. Sanki bu kəndin
taleyinin yarımçıq qalmış hökmüdür.
Burada işıq var,
amma o işığa
baxacaq gözlər çoxdan şəhərin süni
işıqlarına köçüb.
Kəndin bir küncündə su xətti
partlamış, divarları nəm çəkmiş köhnə hamam binası durur. Köhnə
hamam binasının partlamış
su xətləri binanın divarlarından yaş kimi süzülür. Sanki hamamın
divarlarından sızan su, binanın öz daxili qanıdır. Su bir vaxtlar təmizlik və dirilik rəmzi idisə, indi
bu kimsəsizliyin içində
daşı-daşın üstündən ayıran,
binanı daxildən çürüdən
bir yaradır. Hamam sadəcə
yuyunma yeri deyil,
kəndin daxili ünsiyyət damarı idi. Artıq
o damar partlayıb
və kəndin həyat enerjisi
o su ilə
birgə torpağa qarışıb.
Hamamlar qədim kənd strukturunda sadəcə
yuyunma yeri deyil, ən böyük sosial kommunikasiya mərkəzləri idi. Bu partlamış
borular, əslində qırılmış insan əlaqələrinin, dağılmış qonşuluq
münasibətlərinin əyani göstəricisidir.
Burada su artıq təmizləmək üçün deyil,
yox etmək üçün
axır.
Dəyirmanın ağır daşları illərdir eyni tempdə fırlanır, amma indi bu hərəkət
bir iş deyil, bir ayindir. O, hər dövrəsində
sanki “Gələcəklər...” deyə pıçıldayır.
Dəyirmançı gedib, amma suyun inadkar axını çarxı hələ də fırladır. Daşın daşa dəyib
çıxardığı o qığılcım və səs, kəndin
üfüqündə görünəcək ilk insana verilən
bir siqnaldır.
Daşın üzərindəki dərin cizgilər
arasında qalmış sonuncu un tozları, bir zamanlar bərəkətlə dolub-daşan çuvalların xatirəsidir. O, indi boş fırlansa
da, özünü hələ də o isti çörək qoxusuna
borclu hiss edir. Divarlar çat
verib, damı ot basıb, amma dəyirman daşı dayanmır. Çünki o bilir ki, insan
qayıdanda ilk olaraq çörəyə, yəni ona gələcək. Dəyirman daşı sadəcə buğda
üyütmür, o həm də zamanı üyüdür. İnsanların gedişi ilə yaranan
o böyük boşluğu öz səsi ilə doldurmağa çalışır. O, kəndin tərk edilmiş deyil, sadəcə “müvəqqəti
unudulmuş” olduğunu
sübut etmək üçün fırlanır.
O, hər səhər günəş doğanda
tozlu pəncərəsindən yola baxır; bir gün bir əlin dəstəyi tutub, ilk buğda ovucunu onun bağrına tökəcəyi günü gözləyir.
Kənd klubunun qapısı küləyin ixtiyarı ilə qıcırdayaraq açılır. İçəridə
zamanın “muzeyləşmiş” kədəri var.
Divarda asılı qalmış
köhnə afişalar, insanların
bir vaxtlar burada necə
güldüyünü, necə birgə
olduğunu xatırladır. Səhnədə
artıq nə tar səsi, nə
xalq mahnıları, nə alqış
sədaları, nə də pərdə arxası
həyəcan var. İndi burada
sadəcə toz zərrəciklərinin günəş işığında rəqs edən sükutu hakimdir.
Divarlardakı rütubət ləkələri
sanki keçmişin xəritəsidir.
Sosiologiya buna “kollektiv
yaddaşın silinməsi” deyir;
bina çökmür, əslində bir xalqın ortaq ruhu dağılır.
Kitabxanadakı rəflər isə
bir-birinə söykənib mürgüləyən
qocalar kimi titrəyir. Rəflərdə vərəqləri
saralmış, rütubətdən bir-birinə
yapışmış kitablar arasında
qalmış bir qurumuş
gül və ya
qeyd kağızı sanki
öz talelərinə ağlayır. Bu kəndin intellektual intiharıdır. Borges
deyirdi: “Cənnəti həmişə bir növ kitabxana kimi təsəvvür etmişəm.” Burası
isə cənnətin tərk edilmiş bir guşəsidir. Heç kimin oxumadığı bu
kitablar, heç kimə
çatmayan biliklər — əslində
ölmüş bir fikirdir.
Bir evin küncündə
boynu bükük qalmış
odun sobası və
üstündə unudulmuş bir
çaydan... Onun paslanmış
boruları bir vaxtlar
göyə istilik və
ümid püskürərdi. O soba kəndin ürəyi
idi. Ətrafında nağıllar danışılar, soyuq qış gecələrində kainatın mərkəzi o
istilik olardı. İndi isə o, soyuq bir dəmir parçasıdır. Sobanın yanında
unudulmuş bir cüt
köhnə başmaq, sanki sahibinin bir anlıq çıxıb qayıdacağını gözləyir.
Amma o
qayıdış sosioloji olaraq
imkansız, fəlsəfi olaraq isə bir möcüzədir. Küncdə
qalan köhnə beşik
bəşəriyyətin ən ağır mənzərəsidir. Bir vaxtlar
gələcəyin yelləndiyi o
beşikdə indi sadəcə toz
yatır.
Və ən ağrılısı:
kəndin kənarındakı o qərib məzarlıqdır.
Bura artıq ölümün hüzur tapdığı
yer deyil, unudulmağın vəhşətidir.
Baş daşlarını alaq otları bürüyüb, yazılar silinib. Baxımsızlıqdan və torpaq sürüşmələrindən
parçalanmış baş daşları, sökülmüş məzarlar
elə bir mənzərə yaradır
ki, sanki insanlar buradan
sadəcə dirilərini deyil,
sanki ölülərini də tərk
edib gediblər. Məzarlardakı
çatların arasından görünən
o bəmbəyaz sümüklər
elmin gözündə sadəcə
fiziki qalıq olsa
da, mənim üçün torpağın
bağrından boylanıb öz
doğmalarını haraylayan sonsuz
bir həsrətin obrazıdır.
Bu, əslində ölülərin
həsrətdən torpağın altından
bayıra çıxaraq sevdiklərinə
qovuşmaq üçün etdiyi sonuncu və ən çarəsiz
çağırışdır.
İnsan iki dəfə
ölür: bir fiziki olaraq, bir də xatırlanmayanda. Bu qəbiristanlıqdakı insanlar
ikinci dəfə ölürlər, çünki onların məzarlarını ziyarət edəcək, daşındakı tozu
siləcək kimsə qalmayıb. Ölüm hər yerdədir, amma unudulmaq ən böyük ölümdür.
Bu qəbiristanlıq unudulmağın fiziki formasıdır.
XIX əsrin Böyük Fransız dramaturqu Viktor Hüqo deyirdi: “Xarabalıqlar zamanın
gülümsəməsidir.” Həqiqətən də, bu boş evlərə baxanda zamanın bizimlə necə
zarafat etdiyini görürəm. Biz elə bilirik ki, qurduğumuz şəhərlər əbədidir,
amma bu kənd mənə göstərir ki, biz
sadəcə keçici bir
mehik.
Bu kənd bizə bir şeyi öyrədir: İnsan getdisə, həyatın bütün qatları
çökməyə məhkumdur. Daş divar dözər, amma ruh dözmür. İsmayıllının bu dumanlı kəndində
mən sadəcə xarabalığı
deyil, bütöv bir nəslin həsrətdən
parçalanmış cəsədini görürəm.
Azərbaycan ədəbiyyatının “təbiət
şairi” kimi tanınan, poeziyada təbiətin
fəlsəfəsini yaradan nadir sənətkarlardan biri
olan Musa Yaqub bu kədəri sanki illər öncədən görüb o möhtəşəm
misralarına köçürüb:
“Yaxın gəl, bu ocaq, bu köz mənimdir,
Bu duman, bu
bulud, bu göz mənimdir.
Mən burda
qalsam da, izim itəcək,
Yiyəsiz
yurdumda bayquş ötəcək...”
Nəticə etibarilə, mənim
gördüyüm bu mənzərə bir məğlubiyyət deyil, insanın təbiətlə olan əbədi rəqsidir.
İnsan geri çəkildikcə, təbiət öz mamırları və ağacları ilə binaları qucaqlayır,
onları sığallayır və ağrılarını dindirməyə çalışır. Bu, hər şeyin daimi bir axın içində olduğunun canlı sübutudur. İnsan gedir, əşya köhnəlir, təbiət qayıdır, amma o məkanın
“ruhu” - yəni bizim oraya qoyduğumuz
sevgi və əmək
- əbədi bir enerji olaraq kainatın yaddaşına həkk olunur. Mən bu
kənddən çıxanda anlayıram ki, tərk edilmiş olan kənd deyil, əslində bu gözəlliyi
görməkdən məhrum olan müasir insanın ruhudur.
Təbiət evi dağıtdıqca, evin ruhu daha da
azad olur. Divarlar yıxıldıqca, oradakı yaşanmışlıq artıq dörd divara sığmır,
havaya, küləyə və torpağa qarışır.
XIX əsrin məhşur Alman
Filosofu Nitsşe deyirdi: “Özündən bir şey
qatmadığın hər yer sənə yaddır.” Bu kənd
bizə yad deyil, çünki burada hələ də bizim ulu babalarımızın alın təri, duaları
və ilk əlifba sədaları var. Mən bu kənddən çıxanda anlayıram ki, əslində tərk
olunmuş olan bu binalar deyil; tərk olunmuş olan bizim öz köklərimizə qayıtmaq
qorxumuzdur. Bu ruhlar bizi unutmayıb, sadəcə onların dilini yenidən öyrənməyimizi gözləyirlər.
Tərk edilmiş qədim kəndlərin ruhları bizə deyir ki, heç bir
həyat izsiz qalmır. Bir gün bizim qurduğumuz şəhərlər də eyni sükuta qərq ola bilər. Bu kəndlər
bir son deyil; onlar zamanın necə qat-qat yığıldığını göstərən canlı tarix
kitablarıdır. Onları qorumaq və anlamaq, əslində özümüzü və gələcəyimizi
anlamaq deməkdir. Çünki keçmişi tərk edilmiş bir cəmiyyətin,
gələcəyi qurmaq üçün
bünövrəsi olmaz. Bir kənd boşalanda orada sadəcə
insanlar getmir, oranın gələcəyi
də keçmişinə çevrilir.
Bu sətirlər sadəcə oxunmaq üçün deyil, hər birimizin içindəki
o gizli “vətən” ağrısını oyatmaq, qaysaq bağlamış yaraları qanatmaq və bizi
yenidən özümüzə qaytarmaq üçündür.
Ey bu sətirləri oxuyan, şəhərin beton qəfəslərində
səs-küyə boğulan insan! İndi bir
anlıq gözlərini yum və İsmayıllının o uca dağlarından gələn küləyin səsini dinlə. O külək
sadəcə hava deyil; o, tərk etdiyin babanın səsidir, o, damı çökmüş məktəbin pıçıltısıdır, o, həsrətdən
qəbri yarılan əcdadının ahıdır.
Nə qədər uzağa getsən də, nə
qədər modern binalarda yaşasan da, ruhunun bir parçası o sönmüş odun sobasının
külündə qalıb. Biz şəhərlərdə “yaşayırıq” sanırıq, amma əslində hər gün bir az daha köksüzləşirik. Köksüz ağac
isə ilk fırtınada yıxılmağa məhkumdur.
İndi təsəvvür et...
Sən o kəndə qayıdırsan. Paslanmış kilidi çevirirsən və illərdir həbs
qalan o doğma qoxu səni qarşılayır. Sən gələn kimi ocağı çatırsan. O sönmüş,
soyuq odun sobasından yenidən göyə doğru mavi, ümid dolu bir tüstü yüksəlir. O
tüstü kəndin səmalarına yazılan bir bəyannamədir: “Mən qayıtdım!”
Məktəbin dəhlizlərində yenidən qaçışan uşaqların gülüşü eşidilir. O
çatlamış divarlar artıq kədərdən deyil, şagird
sevincindən titrəyir.
Kitabxananın rütubətli vərəqlərinə bir gəncin əli toxunur, o saralmış sətirlər
yenidən bir beyində həyat tapır.
Məscidin minarəsindən ucalan
azan səsi dağlara əks-səda verir,
hamamın partlamış boruları təmir olunur
və su yenidən həyat eşqi
ilə çağlayır.
Klubun pərdələri açılır, tarın simindən
qopan bir “Segah” ruhları yerindən oynadır.
Ən əsası isə... O dağılmış qəbiristanlıqdakı babalarımız, nənələrimiz rahat nəfəs alır.
Onların sümükləri artıq həsrətdən torpağın üstünə çıxmır, sən gəlib o məzarların
üstünü təmizləyəndə, bir ovuc su səpəndə onlar da yenidən hüzura qovuşurlar.
Çünki insan unudulmayanda ölmür.
Qayıt, qardaşım, qayıt bacım! Ata-baba yurdunun sənə ehtiyacı var. O binaların işığı yanmalıdır. O kəndlərin “ruhları”
artıq ağlamamalıdır. Şəhərin süni parıltısını burax, gəl öz həqiqi nuruna.
Çünki vətən sadəcə torpaq deyil, vətən sənin qayıtmağını gözləyən o sönmüş ocaqdır.
Böyük şairimiz Musa Yaqub
elə bil bu gün üçün
deyirdi:
“Mən burda
qalsam da, izim itəcək,
Yiyəsiz yurdumda bayquş ötəcək...
Amma sən gələndə
bülbüllər ötər,
Ocağın başında ümidlər bitər!"
Qoy kəndlərimizin
işığı yansın, qoy yurdumuzun nəfəsi yenidən isinsin. Hər şey sənin bir addımınla başlayır.
Keçmişinizi ziyarət edin. Çünki tərk edilmiş bir kəndin küçəsində gəzərkən
tapacağınız şey sadəcə qədim əşyalar deyil, müasir dünyanın səs-küyündə
itirdiyiniz öz daxili sükutunuzdur.
Samir
Zülfiyev
Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi yanında Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin
İsmayıllı rayonu üzrə baş mütəxəssisi.
Rəylər
0 Rəy