Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-11-2025 , 20:50

1294

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Məqsədimiz dəyişməzdir: məmurlar bütün hallarda  xalqın xidmətçisi olmalıdır

 Məlum olduğu kimi, Siyəzən rayonu 11 fevral 1940-cı ildə təsis edilib. Lakin 1959-cu ildə ləğv edilərək Şabran rayonunun  tərkibinə verilsə də, 1992-ci ildə yenidən Şabran rayonundan ayrılaraq Siyəzən rayon yaradılmışdır.

1999-cu ildən isə şəhərdə bələdiyyə formalaşdırılıb . Ən maraqlı məqam  Siyəzən bələdiyyəsinin  özünə məxsus inzibati binaya sahib olan azsaylı bələdiyyələr sırasında olmasıdır. İnzibati bina 25 il bələdiyyəyə sədrlik edən Azər Babayevin fəaliyyətinin ilkin dövründə inşa edilib. Hazırda isə bələdiyyənin sədri vəzifəsinə gənc və perspektivli üzv Nicat Səmədzadə seçilib. Beləliklə, estafet artıq gənclərə verilib. 

Sədrin bacarıqlı, işgüzar və gənc kadr olaraq az müddət ərzində bələdiyyənin fəaliyyəti ilə yaxından tanış olması, artıq hər bir məqam barəsində sözünü deməyi  bacarması söhbət zamanı bizim də diqqətimizdən qaçmadı.  Artıq cari ildə ikinci dəfə idi ki, Siyəzən bələdiyyəsini ziayrət edirdim. Hər kəsin iş başında olması və ən əsası öz işi ilə məşğul olması hər halda bələdiyyə formalaşan ənənənin davam etdiyindən xəbər verirdi.  Müşahidələrdən belə qənaətə gələ bilərəm ki, ərazisinə və üzvlərin sayına görə kiçik bələdiyyə olsa da Siyəzən bələdiyyəsinin problemləri kifayət qədərdir.

Görüşdə bələdiyyənin sədr müavini və bələdiyyə qulluqçuları da iştirak edirdi. Çox ciddi fikir mübadiləsi aparıldı. Sözsüz ki, fürsətdən istifadə edib məndə öz təkliflərimi verdim.  İki saata yaxın davam edən müzakirələərdə ciddi məqamlardan danışıldı.

*****

Söhbət zamanı belə məlum oldu ki, son beş il ərzində bələdiyyə tərəfindən Əmlak Məsələləri Dövləti Xidmətinin müvafiq qurumlarına ünvanlanan məkrublara, xüsusən də qiymətləndirmə ilə bağlı rəy məktubunun hər birinə imtina cavabı verilib. Təsəvvür edin ki, beş ildə bələdiyyə tərəfindən göndərilən  34 rəy məktubuna imtina cavabı verilib. Hətta ərazidə “sürüşmə” aparılması ilə bağlı məqama da imtina verilməsi heç bir məntiqə sığmır. Bələdiyyə ərazilərinin xəritəsini tərtib edərkən ƏMDX-nin əməkdaşları tərəfindən yaradılan anlaşılmaz “sürüşmələri” düzəltməyə niyə maraqlı görünmməmələri təəssüf doğurur.  Heç olmasa öz yaratdığınız səhvi düzəldib bir savab işə imza atsanız nə olardı?  Hətta belə bir vaxtda  iki şəhid və qazi üçün ayrılması nəzərdə tutulan məktublara çox maraqlı cavab verilməsi də  hər halda təsadüfü görünmür. 

Məktubdan əsas məqamı oxucularında diqqətinə çatdırmaq istərdim:

“Əmlak Məsələləri  Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinin məktubuna istinadən bildiririk ki, ƏMDX-nın  torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsi tərəfindən qeyd edilmişdir ki,  “Azərbaycan Respulikasının ərazi bütovlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər  haqqında“ Azərbaycan Prezidentinin 25 yanvar 2021-ci  tarixli 2449 nömrəli Sərəncamının 1.2  bəndinə uyğun olaraq əlavə torpaq sahəsinin ayrılması üçün vətəndaş ... yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınaraq yerli icra hakimiyyəti orqanı tərəfindən Əmək və Əhalinin social müdafisəi nazirliyinə müraciət etməlidir. Qeyd olunan səbəbdən işin icrası mümkün olmamışdır.”

Buradan belə bir sual yaranır. Yəni Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 13-1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri onların mülkiyyətinə bələdiyyə tərəfindən  bir dəfə pulsuz verilir.

Sual olunur, 2014-cü ilədək münaqişə vəziyyətində olduğumuz vaxtda şəhidlik zirvəsinə ucalan qəhrəman  və qazi ailələri nə etməlidirlər? Onlar hansı siyahıya düşməli idilər.  ƏMDX -nın istinad etdiyi hüquqi sənəddə isə qeyd edilir.

Belə ki, Azərbaycan Prezidentinin 25 yanvar 2021-ci  tarixli 2449 nömrəli Sərəncamının

“1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;

1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.”

Buradan qeyd edilən rəqəm istər-istəməz sual yaradır. 2014-2023 cü illər arası və bir də 2020-2023 -cü illər dedikdə, ondan əvvəlki müharibədə və sərhədəyanı bölgələrdə şəhid və qazil olan insanlar yaşayış üçün torpaq sahəsinin ayrılması sual altında olmalıdırmı?

Bütün hallarda  bələdiyyələr bilavasitə öz ərazisində yaşayan şəhid və qazi ailələrinə ehtiyat fond torpağından, əgər varsa, qanunla müəyyən edilmiş  qaydada pulsuz verməlidir və verirlər. Bu məqam qanunla tənzimlənir.  Özü də bir dəfə olmaq şərti ilə. İndiyədək onlarca bələdiyyə belə bir adımı atıb. Məsələ ondadır ki, bələdiyyə şəhid və qazi ailələrinə nəzərdə tutduğu  sənədi özününküləşdirdiyi halda ƏMDX-nin müvafiq qurumlarına rüsumları mütləq şəkildə ödəməlidir. Maraqlıdır, bələdiyyə qanunvericilik qaydasında şəhid və qazi ailələrin torpağı pulsuz verirsə, bu rüsümunu kim ödəməlidir?  Bu qədər güzəstin tətbiq edildiyi halda ƏMDX özü güzəştə getməsə belə olmazmı bu sənədləri qanunun tələblərinə uyğun vaxtda təhvul versin. Olar. Niyə də olmasın. 

*****

Maraqlı olan ikinci bir məqam isə tariflərin son illərdə dəfələrlə artırlmasıdır. Ən diqqətiçəkən  məqam isə Daşınmaz Əmlakın Kadastr və Reyestr Xidmətinin Publik Hüquqi Şəxsə çevrilməsidir. Yəni PHŞ olaraq xidmət tarifləri müvafiq oalraq Tarif Şurası tərəfindən deyil, daxili  əmrlə  özləri müəyən edirlər. Məhz bu qərarın nəticəsidir ki, çıxarışın alınması əvvəlcə 50, xidmət haqqı 30 manata idisə , sonradan çıxarışın alınması 125 manat,  xidmət haqqı 70 manata , hazırda isə çıxarışın alınması 125 manatda saxlanılsa da özlərinin xidmət haqqları 370 manatadək artırmağa nail ola biliblər.  Maraqlı məqam  isə 370 manatın hara və necə xərclənməsidir ki, onun haqqında heç kimin məlumatı yoxdur. Qısası şəffaflığın təmin edilməməsi göz önündədir.

Vəziyyətdə çıxış yolu olaraq Ədliyyə Nazirliyi tərəfindən 16.02.2021-ci il tarixdə bələdiyyələrə şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının müraciətlərinə baxılması zamanı onlara xüsusi həssaslıqla yanaşılması, müraciətlərində qeyd olunan məsələlərin həlli barədə onlara lazımi izahat və düzgün istiqamət verilməsinə maksimum səy göstərilməsi ilə bağlı “Vətəndaş müraciətlərinə baxılmasına xüsusi diqqət və qayğı ilə yanaşılması barədə” tövsiyə göndərilmişdir.

Tövsiyədə xüsusi olaraq qeyd olunur ki, ərazi bütövlüyümüz uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid olanların ailəsinə bələdiyyələr tərəfindən pulsuz torpaq sahələri ayrılması qanunvericilikdə təsbit olunsa da, müvafiq torpaqayırma sənədlərinin hazırlanması üçün lazımı xərclər “həmin şəxslərin” yəni şəhid və qazi ailələrinin  üzərinə düşür.

Həmin Əsasnamənin 20-ci bəndinə əsasən yerquruluşu işləri və ayrılacaq torpaq sahəsinin planı və ölçüsünün hazırlanması bilavasitə bələdiyyə qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün torpaq ayrılması hallarında torpaq sahəsi ayrılması nəzərdə tutulan şəxslərin, digər hallarda bələdiyyənin vəsaiti hesabına aparılır.

Bu baxımdan, şəhid ailələri və müharibə əlilləri üçün torpaq sahələri ayrılarkən yerquruluşu işləri, plan və ölçünün hazırlanması xərclərinin bələdiyyələr tərəfindən ödənilməsi yuxarıda qeyd olunan şəxslərə diqqət və qayğının daha da artırılması istiqamətində təqdirəlayiq bir addım olar.

Göstərilənlərə əsasən, bələdiyyə büdcəsinin imkanları daxilində ərazi bütövlüyümüz uğrunda həlak olanların ailəsinə və əlil olmuş şəxslərə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri ayrılarkən torpaqayırma sənədlərinin hazırlanması üçün zəruri olan xərclərin bələdiyyələr tərəfindən qarşılanması barədə məsələnin bələdiyyə iclasının müzakirəsinə çıxarılması tövsiyə edilir.

Bu tövsiyə məktubu əslində ƏMDX -nin rüsumun ödənilməsinin tələbi ilə bağlı olması göz önündədir. Yəni müvafiq orqan çıxış yolunu bu şəkildə görərək öz tövsiyəsini verib.  Maraqlıdır bəs bu addıma ƏMDX-nın müvafiq qurumu hansı reaksiyanı verib, ya veribmi? Görünən odur ki, bir sənədin öz həllini tapması illərlə davam edirsə demək müvaqif qurum vətəndaş məmnunluğunun təminatında maraqlı görünmür.

*****

Xatırladaq ki, bu günlərdə əməlyyat keçirilən Qaradağ RİH-də həbs edilənlər sırasında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini  olması da təəcüblü deyildi. Bu son beş ildə həbs edilən sayca  23 rəsmi şəxsdir, yanılmıramsa

Beləliklə, hansı nəticəyə gələ bilərik:

1) Prosesin icrasında şəffaqlıq konkret olaraq təmin edilmir.

2) Sənədləşdirmə işlərinin aylarla və illərlə davam etməsi ücbatında vətəndaşla – bələdiyyə üz- üzə qalır. Və bu müddətin azaldılması üçün ƏMDX müvafiq qurumu hər hansı addım atmır, ya buna niyyəti yoxdur, ya da ki bacarmır. Konkret

3) Belə deyirlər ki, sənədləşdirmə prosesinin onlayn şəkildə icrasına start verilib. Verilibsə niyə nəticə yoxdur. Niyə qurumun yerlərdəki idarə və şöbələri ötür-ötür oyununu davam edirir.  Niyə prosesin  icrasında bir pəncərə sistemi tətbiq edilmir. Bir vaxtlar bəh-bəhlə yaradılan Əmlak Xidmətləri Məkanından indi  xəbər belə yoxdur. Axı layihənin icrasına kifayət qədər vəsait xərclənmişdir. Nə isə….

4) Qiymətləndirmə ilə bağlı məsələlərə əslində ƏMDX -nin müdaxilə etməsi və bu səbəblə  imtina verməsi, fikrimcə, qanuna da ziddir və bu addım heç də bələdiyyəyə istəkdən isrəli gəlmir, deyəsən. Nə isə….

*****

Əlavə edim ki, bu bələdiyyədə etdiyimiz müzakirə demək olar ki, bütün bələdiyyələrdə rast gəlinir.

Ancaq yaxşı məqam ondadır ki, Adminstrasiyanın bələdiyyələrlə iş sektorunun dəstəyi ilə BAMS-ın Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə qoşulması, bələdiyyələrə xidmət göstərən sistemin (BAMS) yenilənməsi, bu sahədə bələdiyyələrdə şəffaflığın təmin edilməsi üçün həm BAMS-da yeniliklərin tətbiq edilməsi, həm də elektron bələdiyyə sisteminin istifadəyə verilməsi nəticə etibari ilə büdcə gəlirlərində cari ildə Siyəzən bələdiyyəsində 18 fazilik artıma səbəb olub. Bu söhbət zamanı yadda qalan ən müsbət məqam idi.

Ancaq  bütün hallarda bizim məqsədimiz dəyişməyib. İstər dövlət, istərsə də bələdiyyə məmuru olsun, onların hər biri ölkə başçısının söylədiyi kimi, xalqın xidmətçisidirlər. Konkret. Əgər xalqa layiqincə xidməti bacarmırlarsa, onda çəkilsinlər kənara.

Bu gün seçkili orqan olaraq bələdiyyəyə şərait yaratmayıb, ancaq  ondan iş tələb ediriksə, onda bu qurumun problemlərin də həllinə çalışmalı və hər birimiz öz töhfəmizi verməliyik.

Vüqar Tofiqli

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər