Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-12-2024 , 18:04

206

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Habil Qurbanov: “İslahatlar həmkarlar təşkilatlarının fəaliyyət səmərəliliyinin daha da artırılmasına dəqiq hesablanıb”


Bu gün ölkəmizdə bütün sahələrdə həyata keçirilən əsaslı, mütərəqqi islahatlar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) strukturlarından da yan keçməyib. Əlbəttə, həmkarlar təşkilatlarının fəaliyyətinə dövlət müdaxilə etmir. Buna görə də dövlət səviyyəsində müxtəlif sahələrdə həyata keçirilən islahatların birbaşa həmkarlar ittifaqlarına tətbiq olunmasından söhbət gedə bilməz. Digər tərəfdən isə, AHİK işçilər və müəssisələr arasındakı münasibətlərdə işçilərin maraqlarını müdafiə edən bir qurum kimi, fəaliyyətinin yeni dövrün tələblərinə uyğun, daha effektiv şəkildə təşkilinə nail olmaq üçün özü öz daxilində müəyyən islahatlar apara bilər və bu gün biz bu prosesin getdiyini görürük.

Oxucularımızın həmkarlar ittifaqlarında gedən proseslərə hər zaman böyük maraq göstərdiklərini nəzərə alaraq, aia.az AHİK və onun tərkibində olan qurumların fəaliyyətilə bağlı Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanovdan müsahibə alıb. Müsahibəni sizlərə təqdim edirik.

- Habil müəllim, ilk növbədə istərdik ki, rəhbərlik etdiyiniz Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqının da üzv olduğu Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı barədə qısa ümumi məlumat verəsiniz. Elə bilirəm ki, bu məlumatlar müsahibəmizin davamında bəhz edəcəyimiz müəyyən məqamların daha aydın şəkildə açıqlanması baxımından önəmli ola bilər.

- Tamamilə düzgün yanaşmadır. Çünki hər hansı bir təşkilatın fəaliyyəti barədə danışarkən, həmin qurumun ilk növbədə funksional strukturu, vəzifə və səlahiyyətləri və bir sıra digər məsələlər barədə ən azı ümumi məlumata malik olmaq lazımdır. Bu baxımdan deyə bilərəm ki, Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşə, ərazi, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının ümumölkə birliyidir. Hər bir həmkarlar təşkilatında olduğu kimi, ATİAHİ-nin də fəaliyyətində könüllülük, üzvlərin bərabərliyi, şəffaflıq prinsipləri əsas götürülür. İttifaq müstəqil, qeyri-kommersiya və qeyri-siyasi təşkilatdır. Xüsusi olaraq vurğulamaq istərdim ki, İttigaqın fəaliyyətində gəlir əldə etmək və bu gəlirləri öz üzvlərinin arasında bölmək əsas məqsəd kimi nəzərdə tutulmur. Həmçinin bu fəaliyyətə dövlət və təsərrüfat orqanları, sahibkarlar, onların birlikləri, ictimai və siyasi təşkilatlar tərəfindən nəzarət olunmur. İttifaq öz fəaliyyətini Azərbaycan Konstitusiyasına, Həmkarlar ittifaqları haqqında qanuna və digər qanunvericilik aktlarına, eləcə də ölkəmizin qoşulduğu beynəlxalq müqavilələrə, qurumun öz Nizamnaməsinə, həmkarlar ittifaqının bağladığı müqavilələrə əsasən həyata keçirir. Təbii ki, ATİAHİ Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür və onun Nizamnaməsini tanıyır.

- Çox gözəl, Habil müəllim. Bu, həqiqətən maraqlı və dəyərli bir məlumat oldu. İndi isə istərdim ki, hazırda həmkarlar təşkilatlarında həyata keçirilən islahatlar barədə danışaq. Nə durur bu yeniliklərin mahiyyətində?

- Bəli, bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bütün üzv təşkilatlarında mütərəqqi islahatlar həyata keçirilir. Lakin burada bir məqamı xüsusi nəzərə almaq lazımdır ki, həmkarlar ittifaqları dövlət qurumu deyillər və dövlət ölkə qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla həmkarlar təşkilatlarının fəaliyyətinə müdaxilə etmir. Buna görə də həmkarlar ittifaqlarında keçirilən islahatları bu gün dövlətimiz tərəfindən ölkənin müxtəlif sahələrində həyata keçirilən əsaslı islahatların tərkib hissəsi kimi nəzərdən keçirmək düzgün olmaz. Bu islahatlar sırf həmkarlar ittifaqlarının daxili məsələlərini əhatə edir və təşkilatların fəaliyyətlərini daha effektiv etmək məqsədi daşıyır. Yəni bu yeniliklərin mahiyyətində həmkarlar təşkilatı üzvlərinin hüquqlarının daha effektiv şəkildə müdafiə olunması, onların istirahətlərinin daha səmərəli təşkili kimi məsələlərin həlli dayanır.

- Elə isə, bu dediklərinizə bir qədər daha konkret misallar üzərində aydınlıq gətirə bilərsinizmi?

- Artıq qeyd etdiyim kimi, həmkarlar təşkilatlarının əsas funksiyalarından biri də işçilərin, yəni təşkilat üzvlərinin səmərəli istirahətlərini təşkil etməkdir. Məhz bu məqsədlə 1992-ci ildə Həmkarlar İttifaqlarının Kurortlarının idarə edilməsi üzrə Azərbaycan Respublikası Şurasının bazasında “Kurort” Səhmdar Cəmiyyəti təsis edilmişdir. Qeyd edim ki, bu istiqamətdə işlərin mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsi məqsədilə “Azərbaycan Kurortları” Dövlət Proqramı (2007-2017-ci illər) və 2007-ci ildə təbii müalicə resursları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanun və Dövlət Proqramı cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamla qüvvəyə minmişdir. Digər tərəfdən isə AHİK-in tərkibində son vaxtlar daha çox xarici turistlərin qəbulu üzrə ixtisaslaşmış “Turizm və Ekskursiyalar” Şurası da fəaliyyət göstərirdi. Məhz bu iki qurumun birləşdirilməsini və onların bazasında Kurort-Turizm Mərkəzinin yaradılmasını hazırda AHİK strukturlarında həyata keçirilən islahatlardan biri kimi göstərmək olar. Bu birləşmə nəticəsində Sanatoriya və istirahət mərkəzlərinə yollayışların alınması daha çox əlçatan olmuşdur. Belə ki, artıq həmkarlar təşkilatlaına üzv olan əməkdaşlar Mərkəzə birbaşa müraciət edərək asanlıqla yollayışlar əldə edə bilərlər. Əvvəllər yollayışların alınması zamanı, xüsusilə yay vaxtları Respublika Komitəsində çoxsaylı növbələr yaranırdı. İndi isə, aparılan islahatlar nəticəsində əməkdaşların müraciətləri Respublika Komitəsinin elektron poçtlarına göndərilir və poçt vasitəsi ilə yollayışları asanlıqla alırıq. Bunu da deyim ki, payız-qış-yaz mövsümlərində yollayışlara 20% güzəştlər tətbiq olunub və üzv-əməkdaşlar ümumi məbləğin 15%-ni ödəməklə 7-14 günlük yollayışlarla operativ təmin edilirlər.

- Habil müəllim, bayram günlərində necə, əməkdaşların kollektiv şəkildə istirahətlərini təşkil etmək üçün hansısa addımlar atılırmı?

- Əlbəttə, şəxsən bizim Təsil İşçiləri Azad Həmkarlar İttifaqının rəhbərliyi bu kimi məsələlərə xüsusi diqqətlə yanaşır. Məsələn, cari ilin 7-13 noyabr tarixlərində ATİAHİ Respublika Komitəsinin sədri Araz müəllim Paşayevin təşəbbüsü və təşkilatçılığı ilə bizim 100 nəfər əməkdaşımız “Zəfər” bayramı münasibəti ilə Nabranda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Alimlərin zəfər düşərgəsi” adlı tədbirdə iştirak və istirahət etdilər. Əməkdaşlarımızı və bədii hissəni aparacaq gənc incəsənət adamlarını istirahət mərkəzinə rahat şəkildə çatdırmaq üçün 3 ədəd komfortlu avtobus ayrılmışdı. Səfər əsnasında isə Xaçmaz şəhərində Ulu öndər Heydər Əliyevin adını daşıyan Park və Şəhidlər Xiyabanı da ziyarət olunmuşdur. İstirahət mərkəzində əməkdaşlarımız üçün 7 gün ərzində müxtəlif mədəni-kütləvi tədbirlər, Xaçmaz-Quba-Qusar rayonlarına gəzintilər, idman tədbirləri təşkil olunmuşdur. Bu tədbirlərin hamısını Azərbaycan Təsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin işçiləri təşkil etmişdilər. İlk dəfə idi ki, belə bir tədbir payız-qış mövsümündə təşkil olunmuşdur. Bu cür tədbirlərin davamlı olması Respublika Komitəsi tərəfindən planlaşdırılır. Bunu da diqqətinizə çatdırım ki, Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı tərəfindən yenə də 8 Noyabr Zəfər Günü münasibətilə Birinci və İkinci Qarabağ müharibələri qazilərinin və şəhid ailələrinin iştirakı ilə böyük bir bayram tədbiri keçirilmişdi. Həmin tədbirdə 81 nəfər qazi və şəhid ailə üzvləri iştirak etmiş və onların hər birinə pul mükafatı da hədiyyə olunmuşdur. Yeni il bayramı günlərində də əlbəttə ki, Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqına üzv olan bütün təşkilatlarda kütləvi tədbirlər keçiriləcək. Üzv əməkdaşların azyaşlı uşaqları və nəvələrinin bayram şənliklərində iştirak etmələri üçün artıq 2000 ədəd pulsuz bilet və eyni sayda da hədiyyələr nəzərdə tutulub. Bundan başqa ATİAHİ Respublika Komitəsi şəhid ailələrinin, qazilərin və ucqar rayonlarda işləyən müəllimlərin və onların ailələrinin Nabranda yerləşən “Təhsil” İstirahət Mərkəzində istirahətini təşkil etməyi planlaşdırır.

- Habil müəllim, Sizə ətraflı və dolğun müsahibənizə görə minnətdarlığımızı bildiririk və işlərinizdə yeni-yeni nailiyyətlər arzulayırıq. Sağ olun.

- Siz də sağ olun, təşəkkür edirəm.

Söhbətləşdi: Azər Məmmədov

https://aia.az/98809-habil-qurbanov-islahatlar-hemkarlar-teskilatlarinin-fealiyyet-semereliliyinin-daha-da-artirilmasina-deqiq-hesablanib.html

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək

Gündəlik Xəbərlər
26-11-2024
479

Birləşmədən sonra bələdiyyələr daha effektiv olacaq

Gündəlik Xəbərlər
26-11-2024
442

MSK bələdiyyə seçkilərini bu tarixdə ELAN EDƏCƏK

Gündəlik Xəbərlər
25-11-2024
765

Bir yubileyin yaratdığı əks-səda  

Gündəlik Xəbərlər
16-11-2024
463