Ədliyyə Nazirliyi bələdiyyələrə metodoloji dəstəyi davam etdirir
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsində martın 5-də “Bələdiyyələrdə idarəetmənin təkmilləşdirilməsi: metodoloji dəstək və xarakterik nöqsanların müzakirəsi” mövzusunda seminar-müşavirələr keçirilib. Tədbirlərdə Bakı bələdiyyələrinin, Bələdiyyələrin Milli Assosiasiyalarının nümayəndələri və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri iştirak ediblər.
Seminarlar zamanı 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli”
elan edilməsi ilə bağlı təsdiq olunmuş Tədbirlər Planından, həmçinin “Azərbaycan
Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər
üçün Fəaliyyət Planı”ndan irəli gələn məsələlər müzakirə edilib. Bu çərçivədə
yerli özünüidarəetmə orqanlarında texnoloji potensialın gücləndirilməsi, əməkdaşların
rəqəmsal bacarıqlarının artırılması və fəaliyyətin dövlət səviyyəsində müəyyən
edilmiş rəqəmsal inkişaf prioritetlərinə uyğun qurulmasının vacibliyi
vurğulanıb.
Bununla yanaşı, “2025-ci il üzrə bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə”nin Milli Məclisdə
müzakirəsinin nəticələri, deputatlar tərəfindən səsləndirilən təkliflər və
görüləcək tədbirlər barədə məlumat verilib.
Eyni zamanda, inzibati nəzarət və metodoloji yardımın nəticələrinin
təhlili əsasında bələdiyyələrdə vergilərin düzgün hesablanması, büdcələrin
proqnozlaşdırılması və icrası ilə bağlı qanunvericiliyin tələblərinə riayət
olunmasının, risk yaradan halların qarşısının alınmasının, vətəndaş məmnunluğunun
artırılmasının və etik davranış qaydalarına əməl edilməsinin əhəmiyyəti diqqətə
çatdırılıb.
Tədbirlərdə 56 nəfər iştirak edib.
https://belediyye.gov.az/news/canli-1
Rəylər
0 Rəy