Bir icra başçısına töhmət verildi - Digərinə xəbərdarlıq edildi
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin
başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti
müşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən
“Qafqazinfo”ya verilən məlumata görə, müşavirədə şəhərin sanitar təmizliyinin və
onun yaz-yay mövsümünə hazırlığının vəziyyəti, əsaslı təmir, abadlıq və
yaşıllaşdırma işləri və o cümlədən qanunsuz tikintilərlə bağlı məsələlər
müzakirə olunub.
İclasda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Eldar Əzizov bildirib ki, Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən
siyasəti sayəsində Azərbaycan özünün müasir tarixində çiçəklənmə və tərəqqinin
yüksək zirvəsinə çatıb. Vurğulanıb ki, qazanılan uğurların əsasında məhz dövlət
başçısının siyasi dahiliyi və onun
xalqla möhkəm birliyi durur ki, bu da Azərbaycanın bu günkü və gələcək
inkişafının təminatıdır.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı qeyd edib ki, rayon
icra hakimiyyəti başçıları rayonlarda olan nöqsanları operativ şəkildə aşkar edib
aradan qaldırmalı, məsuliyyət və təşəbbüskarlığın bu gün zamanın tələbi
olduğunu yadda saxlamalıdırlar.
Eldar Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında təsərrüfat
məsələlərinin vəziyyətini kəskin tənqid edərək, bu rayonların bəzi qəsəbələrinin
ümumşəhər standartlarından geri qaldığını qeyd edib. Yol verilən nöqsanlara görə
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin
başçısına isə şifahi xəbərdarlıq elan edilib. Şəhər rəhbəri rayon başçılarından
yerlərdə vəziyyəti yaxşılaşdırmaq üçün təcili tədbirlərin görülməsini tələb
edib. Töhmət alan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış
edərək bütün çatışmazlıqların bir ay ərzində aradan qaldırılacağına söz verib.
Toplantıda paytaxt rayonlarında təmizlik, abadlıq və
yaşıllaşdırma ilə bağlı məsələlər müzakirə olunub. Əldə edilən nəticələr qənaətbəxş
hesab edilib, Novruz bayramına hazırlıq və işlərin daha da təkmilləşdirilməsi
üçün tapşırıqlar verilib.
https://qafqazinfo.az/news/detail/bir-icra-bascisina-tohmet-verildi-digerine-xeberdarliq-edildi-499145
Rəylər
0 Rəy