Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-10-2026 , 20:08

155

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Adları yüksək tribunalardan səslənən Sumqayıt və Xətai bələdiyyələri

Bu günlərdə Milli Məclisin Regional məsələlər komitəsinin təşkilatçılığı ilə keçirilən konfransda deputatların bələdiyyələrin fəaliyyəti ilə bağlı səsləndirdikləri fikirlər yerli özünüidarəetmə orqanlarının cəmiyyətdəki nüfuzu və onlara münasibətin dəyişməsi baxımından diqqət çəkirdi. Çıxışlarda bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, yerli problemlərin həllində rolunun artırılması və vətəndaşlarla münasibətlərinin gücləndirilməsi məsələləri ön plana çəkilirdi.

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun konstruktiv fikirləri ilə yanaşı, deputatlar Tahir Mirkişili və Vüqar Rəhimzadənin təmsil etdikləri ərazilərdə fəaliyyət göstərən Sumqayıt və Xətai bələdiyyələrinin işinə verdikləri yüksək qiymət də xüsusi diqqət çəkirdi. Bu fikirlər həmin bələdiyyələrin öz inzibati ərazilərində gördükləri işlərin, yerli problemlərin həllinə yanaşmalarının və sakinlərlə əməkdaşlıqlarının parlament səviyyəsində də diqqət mərkəzində olduğunu göstərirdi.

Belə ki, Sumqayıt Bələdiyyəsi ötən illərdə olduğu kimi, cari ilin ilk doqquz ayında da büdcə daxilolmaları sahəsində əldə etdiyi mövqeyi qorumağa çalışır. Xətai Bələdiyyəsi də yerli vergilərin yığılması istiqamətində müsbət nəticələr əldə edir. Hər iki bələdiyyə öz inzibati ərazilərində abadlıq və quruculuq işlərinin dəstəklənməsi, sosial təşəbbüslərin həyata keçirilməsi, aztəminatlı ailələrə və həssas əhali qruplarına diqqətin artırılması istiqamətində gördüyü işlərlə seçilir.

Bu nəticələrin əldə olunmasında müasir idarəçilik prinsiplərinin tətbiqi, rəqəmsallaşma imkanlarından istifadə, vergi və uçot sisteminin daim təkmilləşdirilməsi, eləcə də iş prosesində şəffaflığın və operativliyin artırılması mühüm rol oynayır. Bütün bunlar bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə, ictimai nüfuzunun artmasına və vətəndaşlarla münasibətlərinin möhkəmlənməsinə töhfə verir.

Bələdiyyələrin fəaliyyətini səciyyələndirən əsas məqamlardan biri də vətəndaş müraciətlərinə münasibətdir. Sakin bələdiyyəyə müraciət edərkən probleminin dinlənilməsini, mümkün həll yollarının araşdırılmasını və ona konkret cavab verilməsini gözləyir. Bu baxımdan, vətəndaş müraciətlərinin diqqətlə araşdırılması, bələdiyyənin səlahiyyətlərinə aid məsələlərin həlli üçün çevik tədbirlərin görülməsi, səlahiyyətlərinə daxil olmayan problemlərlə bağlı isə aidiyyəti qurumlarla əlaqələrin qurulması və məsələnin həllinə dəstək göstərilməsi xüsusi əhəmiyyət daşıyır. Belə yanaşma vətəndaş məmnunluğunun artmasına və bələdiyyələrə olan etimadın möhkəmlənməsinə xidmət edir.

Əlbəttə, bu nəticələrin arxasında kollektiv fəaliyyət, əməkdaşlıq və ortaq məqsədlər naminə birgə çalışma dayanır. Son illərdə formalaşmış peşəkar iş mühiti, əməkdaşların səylərinin əlaqələndirilməsi və qarşıya qoyulan vəzifələrin vahid komanda şəklində yerinə yetirilməsi Sumqayıt və Xətai bələdiyyələrinin fəaliyyətində mühüm amillərdəndir. Bu yanaşma onların yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlığında da özünü göstərir. Bələdiyyələrin ərazilərdə həyata keçirilən layihələrə dəstək verməsi, yerli problemlərin həllində təşəbbüskar mövqe nümayiş etdirməsi və sakinlərin ehtiyaclarının müəyyənləşdirilməsində iştirakı birgə fəaliyyətin əhəmiyyətini artırır.

Sumqayıt və Xətai bələdiyyələrinin yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlığı, sakinlərlə görüşlərin təşkilində iştirakı və vətəndaş məmnunluğunun təmin edilməsinə yönələn təşəbbüsləri onların fəaliyyətinin ictimai müstəvidə daha geniş müzakirəsinə zəmin yaradır. Bu gün həmin bələdiyyələrin adlarının Milli Məclis səviyyəsində səsləndirilməsi də onların fəaliyyətinə göstərilən diqqətin ifadəsi kimi dəyərləndirilə bilər.

Təbii ki, hər bir bələdiyyənin qarşısında həllini gözləyən məsələlər və təkmilləşdirilməli sahələr var. Bununla belə, müsbət təcrübənin öyrənilməsi, uğurlu idarəçilik modellərinin tətbiqi, rəqəmsal həllərin genişləndirilməsi və vətəndaşlarla açıq dialoqun gücləndirilməsi bütün bələdiyyələrin inkişafına töhfə verə bilər.

Sumqayıt və Xətai bələdiyyələrinin fəaliyyəti bir daha göstərir ki, yerli özünüidarəetmədə nəticə əldə etmək üçün təşəbbüskarlıq, məsuliyyət, şəffaflıq və əməkdaşlıq vacib şərtlərdir. Əsas məqsəd isə təkcə büdcə göstəricilərini yaxşılaşdırmaq deyil, həm də sakinlərin gündəlik problemlərinin həllinə real töhfə vermək, onların etimadını qazanmaq və yerli özünüidarəetmənin cəmiyyətdəki rolunu gücləndirməkdir.

Digər bələdiyyələrin də bu təcrübədən yararlanması, uğurlu yanaşmaları öz fəaliyyətlərinə uyğunlaşdırması və yerli problemlərin həllində daha fəal mövqe tutması məqsədəuyğun olardı. Çünki güclü bələdiyyə, ilk növbədə, sakinlərinin etimadını qazanan, onların səsini eşidən və problemlərinin həlli üçün ardıcıl çalışan bələdiyyədir.

Hər halda, həmin konfransda iki bələdiyyənin adının deputatlar tərəfindən çəkilməsi təsadüfi deyildi. Bununla belə, hazırda ölkəmizdə fəaliyyət göstərən 685 bələdiyyə arasında təcrübəsi öyrənilməyə və yayılmağa layiq olan onlarla bələdiyyə var. Nərimanov, Binəqədi, Səbail, Nəsimi, Nizami və Yasamal rayonlarının, eləcə də Gəncə şəhərinin Kəpəz və Nizami rayonlarının bələdiyyələrin, eləcə də bir çox qəsəbə və kənd bələdiyyələrini bu sıraya aid etmək olar.

Bu və digər ərazilərdən seçilən deputatların təmsil etdikləri ərazilərdəki bələdiyyələrin fəaliyyəti ilə yaxından tanış olmaları, onların qarşılaşdıqları problemlərə diqqət yetirmələri və zəruri hallarda bu problemlərin həllinə dəstək vermələri vacibdir. Deputatlarla bələdiyyələr arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı fikir mübadiləsinin aparılması və birgə təşəbbüslərin dəstəklənməsi yerli özünüidarəetmənin inkişafına müsbət təsir göstərə bilər.

Yalnız birgə əməkdaşlıq və əlaqələndirilmiş fəaliyyət sayəsində ölkə başçısının qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə, vətəndaş məmnunluğunun təmin olunmasına və yerli özünüidarəetmə orqanlarının cəmiyyətdəki rolunun gücləndirilməsinə daha sanballı töhfə vermək mümkündür.

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər