Adları yüksək tribunalardan səslənən Sumqayıt və Xətai bələdiyyələri
Bu günlərdə Milli Məclisin Regional məsələlər komitəsinin təşkilatçılığı ilə keçirilən konfransda deputatların bələdiyyələrin fəaliyyəti ilə bağlı səsləndirdikləri fikirlər yerli özünüidarəetmə orqanlarının cəmiyyətdəki nüfuzu və onlara münasibətin dəyişməsi baxımından diqqət çəkirdi. Çıxışlarda bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, yerli problemlərin həllində rolunun artırılması və vətəndaşlarla münasibətlərinin gücləndirilməsi məsələləri ön plana çəkilirdi.
Milli Məclis
sədrinin birinci müavini Əli Əhmədovun konstruktiv fikirləri ilə yanaşı,
deputatlar Tahir Mirkişili və Vüqar Rəhimzadənin təmsil etdikləri ərazilərdə fəaliyyət
göstərən Sumqayıt və Xətai bələdiyyələrinin işinə verdikləri yüksək qiymət də
xüsusi diqqət çəkirdi. Bu fikirlər həmin bələdiyyələrin öz inzibati ərazilərində
gördükləri işlərin, yerli problemlərin həllinə yanaşmalarının və sakinlərlə əməkdaşlıqlarının
parlament səviyyəsində də diqqət mərkəzində olduğunu göstərirdi.
Belə ki,
Sumqayıt Bələdiyyəsi ötən illərdə olduğu kimi, cari ilin ilk doqquz ayında da
büdcə daxilolmaları sahəsində əldə etdiyi mövqeyi qorumağa çalışır. Xətai Bələdiyyəsi
də yerli vergilərin yığılması istiqamətində müsbət nəticələr əldə edir. Hər iki
bələdiyyə öz inzibati ərazilərində abadlıq və quruculuq işlərinin dəstəklənməsi,
sosial təşəbbüslərin həyata keçirilməsi, aztəminatlı ailələrə və həssas əhali
qruplarına diqqətin artırılması istiqamətində gördüyü işlərlə seçilir.
Bu nəticələrin
əldə olunmasında müasir idarəçilik prinsiplərinin tətbiqi, rəqəmsallaşma
imkanlarından istifadə, vergi və uçot sisteminin daim təkmilləşdirilməsi, eləcə
də iş prosesində şəffaflığın və operativliyin artırılması mühüm rol oynayır.
Bütün bunlar bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə,
ictimai nüfuzunun artmasına və vətəndaşlarla münasibətlərinin möhkəmlənməsinə
töhfə verir.
Bələdiyyələrin
fəaliyyətini səciyyələndirən əsas məqamlardan biri də vətəndaş müraciətlərinə
münasibətdir. Sakin bələdiyyəyə müraciət edərkən probleminin dinlənilməsini,
mümkün həll yollarının araşdırılmasını və ona konkret cavab verilməsini gözləyir.
Bu baxımdan, vətəndaş müraciətlərinin diqqətlə araşdırılması, bələdiyyənin səlahiyyətlərinə
aid məsələlərin həlli üçün çevik tədbirlərin görülməsi, səlahiyyətlərinə daxil
olmayan problemlərlə bağlı isə aidiyyəti qurumlarla əlaqələrin qurulması və məsələnin
həllinə dəstək göstərilməsi xüsusi əhəmiyyət daşıyır. Belə yanaşma vətəndaş məmnunluğunun
artmasına və bələdiyyələrə olan etimadın möhkəmlənməsinə xidmət edir.
Əlbəttə,
bu nəticələrin arxasında kollektiv fəaliyyət, əməkdaşlıq və ortaq məqsədlər
naminə birgə çalışma dayanır. Son illərdə formalaşmış peşəkar iş mühiti, əməkdaşların
səylərinin əlaqələndirilməsi və qarşıya qoyulan vəzifələrin vahid komanda şəklində
yerinə yetirilməsi Sumqayıt və Xətai bələdiyyələrinin fəaliyyətində mühüm amillərdəndir.
Bu yanaşma onların yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlığında da özünü
göstərir. Bələdiyyələrin ərazilərdə həyata keçirilən layihələrə dəstək verməsi,
yerli problemlərin həllində təşəbbüskar mövqe nümayiş etdirməsi və sakinlərin
ehtiyaclarının müəyyənləşdirilməsində iştirakı birgə fəaliyyətin əhəmiyyətini
artırır.
Sumqayıt və
Xətai bələdiyyələrinin yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlığı, sakinlərlə
görüşlərin təşkilində iştirakı və vətəndaş məmnunluğunun təmin edilməsinə yönələn
təşəbbüsləri onların fəaliyyətinin ictimai müstəvidə daha geniş müzakirəsinə zəmin
yaradır. Bu gün həmin bələdiyyələrin adlarının Milli Məclis səviyyəsində səsləndirilməsi
də onların fəaliyyətinə göstərilən diqqətin ifadəsi kimi dəyərləndirilə bilər.
Təbii ki,
hər bir bələdiyyənin qarşısında həllini gözləyən məsələlər və təkmilləşdirilməli
sahələr var. Bununla belə, müsbət təcrübənin öyrənilməsi, uğurlu idarəçilik
modellərinin tətbiqi, rəqəmsal həllərin genişləndirilməsi və vətəndaşlarla açıq
dialoqun gücləndirilməsi bütün bələdiyyələrin inkişafına töhfə verə bilər.
Sumqayıt və
Xətai bələdiyyələrinin fəaliyyəti bir daha göstərir ki, yerli özünüidarəetmədə
nəticə əldə etmək üçün təşəbbüskarlıq, məsuliyyət, şəffaflıq və əməkdaşlıq
vacib şərtlərdir. Əsas məqsəd isə təkcə büdcə göstəricilərini yaxşılaşdırmaq
deyil, həm də sakinlərin gündəlik problemlərinin həllinə real töhfə vermək,
onların etimadını qazanmaq və yerli özünüidarəetmənin cəmiyyətdəki rolunu gücləndirməkdir.
Digər bələdiyyələrin
də bu təcrübədən yararlanması, uğurlu yanaşmaları öz fəaliyyətlərinə
uyğunlaşdırması və yerli problemlərin həllində daha fəal mövqe tutması məqsədəuyğun
olardı. Çünki güclü bələdiyyə, ilk növbədə, sakinlərinin etimadını qazanan,
onların səsini eşidən və problemlərinin həlli üçün ardıcıl çalışan bələdiyyədir.
Hər halda,
həmin konfransda iki bələdiyyənin adının deputatlar tərəfindən çəkilməsi təsadüfi
deyildi. Bununla belə, hazırda ölkəmizdə fəaliyyət göstərən 685 bələdiyyə
arasında təcrübəsi öyrənilməyə və yayılmağa layiq olan onlarla bələdiyyə var. Nərimanov,
Binəqədi, Səbail, Nəsimi, Nizami və Yasamal rayonlarının, eləcə də Gəncə şəhərinin
Kəpəz və Nizami rayonlarının bələdiyyələrin, eləcə də bir çox qəsəbə və kənd bələdiyyələrini
bu sıraya aid etmək olar.
Bu və digər
ərazilərdən seçilən deputatların təmsil etdikləri ərazilərdəki bələdiyyələrin fəaliyyəti
ilə yaxından tanış olmaları, onların qarşılaşdıqları problemlərə diqqət yetirmələri
və zəruri hallarda bu problemlərin həllinə dəstək vermələri vacibdir.
Deputatlarla bələdiyyələr arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı fikir
mübadiləsinin aparılması və birgə təşəbbüslərin dəstəklənməsi yerli özünüidarəetmənin
inkişafına müsbət təsir göstərə bilər.
Yalnız birgə əməkdaşlıq və əlaqələndirilmiş fəaliyyət sayəsində ölkə başçısının qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə, vətəndaş məmnunluğunun təmin olunmasına və yerli özünüidarəetmə orqanlarının cəmiyyətdəki rolunun gücləndirilməsinə daha sanballı töhfə vermək mümkündür.
Vüqar Tofiqli
Rəylər
0 Rəy