Qaradağın bu bələdiyyələrində irəliləyiş niyə hiss olunmur? CİDDİ
Bu artıq az vaxt ərzində Qaradağ bələdiyyələrinin fəaliyyətinə həsr etdiyim üçüncü yazıdır. Əvvəlki iki yazıda rayonda formalaşan yeddi bələdiyyənin fəaliyyətinə ötəri bir nəzər yetirmişdim. Əldə etdiyim məlumata görə, yazılarda qaldırılan məsələlərlə bağlı hələ ki, adıçəkilən bələdiyyələrdə irəliləyiş hiss olunmur. Yəqin başları bərk qarışıqdır…Nə isə…
İndi isə əldə etdiyim bəzi məlumatları oxucuların diqqətinə
çatdırmaq istərdim.
Ən diqqəti çəkən məqam ondadır ki, ötən il ərzində fəaliyyəti
hiss olunmayan beş bələdiyyədən ikisinin büdcə gəlirlərində üç dəfəyədək artım
olub. Belə ki, 2024 -cü ildə il ərzində 121.927 manat əldə edən Lökbatan bələdiyyəsinin
ötən il nə az nə-çox düz 340.021 manat
büdcə gəliri olub. Eyni irəliləyiş Müşfiqabad bələdiyyəsində müşahidə olunub.
Belə ki, 2024-cü ildə il ərzində 10.723 manat əldə etdiyi halda, ötən il bu rəqəm
35.533 manat olub. Yəni hər iki bələdiyyənin il ərzində büdcə gəlirlərində
artım üç dəfəyədək olub. Sual olunur, bu iki bələdiyyənin büdcə gəlirlərində bu
qədər irəliləyişin olmasını kimsə bilirdimi? Və yaxud əldə edilən vəsait
hesabına qəsəbə ərazisində hansı bir irihəcmli layihə icra olunub. Bilən varmı?
Yüzminlik büdcə gəliri olarkən Lökbatan bələdiyyəsi ən müasir “Mərasim evi”
inşa etmişdi, üstəlik lizinqlə çox profilli traktor alaraq büdcəyə əlavə vəsait
cəlb edə bilmişdir. Üstəlik RİH tərəfindən tövsiyə olunan məsələlərin icrası həyata
keçirilirdi. Bəs bu gün 350 min büdcəsi olan bələdiyyə “Mərasim evi”ni və ya
traktoru necə istifadə edir. Bilən varmı? Və yaxud əlavə olaraq dayanıqlı
maliyyə mənbəyi yarada bilibmi? Traktor əslində
büdcəyə əlavə vəsaitin cəlb edilməsi üçün alınsa da, onun kənar qəsəbələrdə
qanunsuz tikintilərin söküntüsündə sədrin bilavasitə iştirakı ilə istifadə edilməsi nə qədər məntiqə uyğundur, cənablar?
Bu əslində yolverilməz bir addımdır. Konkret…
Sədrin diqqətinə çatdırmaq istərdim ki, bir gün ortaya bir nəfər
çıxa bilər və konkret sual verər- bələdiyyənin
balansında olan traktorun qonşu bələdiyyələrin ərazisində həyata keçirilən “söküntü” əməliyyatlarındakı iştirakından bələdiyyə büdcəsinə hər hansı vəsait daxil olubmu? Ümumiyyətlə, il ərzində
traktorun istifadəsindən bələdiyyə büdcəsinə nə qədər vəsait daxil olub. Və
yaxud on il əvvəl yüksək səviyyədə
istifadə verilmiş “Mərasim evi”nin istifadəsindən bələdiyyə büdcəsinə nə qədər
vəsait daxil olub. Maraqlıdır, cavab nə olacaq. Bilən varmı?
Və yaxud iri vergi ödəyicilərindən nəqd şəklində alınan
vergilərin hansı BAMS-a otuzdurulub? Hər
halda bu ehtimalda həqiqət payı da var. Nə isə….
Mən Muşfiqabad bələdiyyəsinin fəaliyyətinə bir o qədər də dərindən toxunmaq istəmirəm. Çünki bələdiyyənin
formalaşdığı ilk on il ərzində bu bələdiyyəyə
rəhbərlik etmiş şəxslər oranı elə vəziyyətə salıblar ki, vəziyyəti düzəltmək
üçün o bilsin illər lazım olsun. Bank hesabı bağlı olan, üstəlik kifayət qədər
DSMF borcu olan bələdiyyədən hər hansı işin və ya layihənin icrasını tələb etmək məntiqsizdir. Ancaq bu
demək deyil ki, fəaliyyət dayanmalıdır. Bu gün ölkə bələdiyyələrinin ümumi DSMF
borcunun 18 faizədək hissəsi Biləcəri bələdiyyəsinin payına düşür. Ancaq bələdiyyə
bu gün fəaliyyətdədir. Aylıq ödənişlərlə yanaşı, bələdiyyə rəhbərliyi tərəfindən
ümumi borcun silinməsi ilə bağlı ciddi addımlar atılır. Hər halda bələdiyyə yerində saymır.
Və yaxud bundan əvvəlki beşillik dövrdə Sahil bələdiyyəsinin
kollektivinin birgə fəaliyyəti sayəsində 40 min manata yaxın borc silindi. Hətta
bələdiyyənin bu addımı Ədliyyə Nazirliyinin toplantısında da xüsusi
vurğulanmışdı. Demək bələdiyyə kollektivində, sədr başda olmaqla fəaliyyət üçün məqsəd varsa, demək fəaliyyət
də olacaq, borcda bağlanacaq və layihələrdə icra olunacaqdır.
Görünən odur ki, digər üç bələdiyyənin Ələt, Qızıldaş və Səngəçal
bələdiyyələrində ötən dövr ərzində hər hansı irəliləyiş hiss olunmayıb. Hiss
olunmayıbsa, demək işdə görülməyib. Və yəqin ki, borclanmada artıb. Ancaq bu ehtimal olsa da, həqiqətə daha
yaxındır. Nəticədə Səngəçal bələdiyyəsinin
sədri vəzifəsindən istefa verib. Nə isə…
Bizim məqsədimiz Qaradağ rayonunda formalaşan bələdiyyələrdəki
ətaləti aradan qaldırmaq, hərəkətə gətirmək, onların ərazilərində vətəndaş məmnunluğunun
təmin edilməsinə yardımçı olmaqdır.
Güman edirəm ki, Qaradağ RİH rəsmiləri də, bizim səsimizə səs verib mövcud problemlərin aradan
qaldırılmasına öz tövsiyələrini verəcəklər.
P.S. Bütün hallarda adları çəkilən bələdiyyələrin fikirlərini
resursda verməyə hazırıq.
(Ardı var…)
Vüqar Tofiqli
Rəylər
0 Rəy