Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-06-2026 , 20:32

105

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Milli Qəhrəmanın yaşadığı binada xatirə lövhəsinin açılışı olub

Nizami rayonunda Azərbaycanın Milli Qəhrəmanı İqor Kşnyakinin yaşadığı binada xatirə lövhəsinin açılış tədbiri keçirilib.

Tədbirdə qonaqlar, Rayon İcra Hakimiyyətinin, Azərbaycan Hava Yollarının (AZAL) əməkdaşları, Nizami və Keşlə bələdiyyələrinin və ictimai təşkilatların nümayəndələri, İqor Kşnyakinin ailə üzvləri, yaxınları və gənclər iştirak ediblər.

İqor Kşnyakinin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Rasim Musabəyov, AZAL-ın vitse-prezidenti İlham Əmirov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov  və Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev çıxış ediblər.

Qeyd olunub ki, İqor İvanoviç Kşnyakin 2024-cü il dekabrın 25-də Rusiya hava hücumundan müdafiə qüvvələrinin zenit raket kompleksi ilə vurulan Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsinin kapitanı olmuş, hadisə nəticəsində bütün idarəetmə sistemlərinin sıradan çıxmasına baxmayaraq yüksək peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirərək təyyarəni Xəzər dənizi üzərindən Aktau Beynəlxalq Hava Limanına yaxın əraziyə yönləndirmiş, öz həyatı bahasına onlarla insanın həyatını qorumağa müvəffəq olmuşdur. İqor Kşnyakin 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunmuş və Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Çıxış edənlər İqor Kşnyakinin yüksək peşəkarlığı, fədakarlığı, soyuqqanlı qərarvermə qabiliyyəti, insansevərlik və vətənpərvərlik kimi ali keyfiyyətləri barəsində danışıblar.

Vurğulanıb ki, təcrübəli komandir, səriştəli pilot İqor Kşnyakin Azərbaycan aviasiyası üçün böyük nüfuz və etibar simvoluna çevrilib. Onun qəhrəmanlığı daim xatırlanacaq, əziz xatirəsi hörmətlə yad olunacaq, insanlara qarşı mərhəməti böyük örnək olacaqdır.

Açılış tədbirində həmçinin İqor Kşnyakinin həyat yoldaşı İana Volkova çıxış edərək dövlətimiz tərəfindən verilən böyük dəyərə, onun ailəsinə göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya ailəsi adından dərin təşəkkürlərini bildirib.

Tədbirin sonunda xatirə lövhəsinin açılışı həyata keçirilib, xatirə lövhəsinin önünə gül dəstələri qoyulub.




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər