Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-06-2026 , 23:16

250

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Qaradağın bu bələdiyyələrində  irəliləyiş niyə hiss olunmur? CİDDİ


Bu artıq az vaxt ərzində Qaradağ bələdiyyələrinin fəaliyyətinə həsr etdiyim üçüncü yazıdır.  Əvvəlki iki yazıda rayonda formalaşan yeddi bələdiyyənin fəaliyyətinə ötəri bir nəzər yetirmişdim. Əldə etdiyim məlumata görə,  yazılarda qaldırılan məsələlərlə bağlı hələ ki, adıçəkilən bələdiyyələrdə  irəliləyiş hiss olunmur. Yəqin başları bərk qarışıqdır…Nə isə…

İndi isə əldə etdiyim bəzi məlumatları oxucuların diqqətinə çatdırmaq istərdim.

Ən diqqəti çəkən məqam ondadır ki, ötən il ərzində fəaliyyəti hiss olunmayan beş bələdiyyədən ikisinin büdcə gəlirlərində üç dəfəyədək artım olub. Belə ki, 2024 -cü ildə il ərzində 121.927 manat əldə edən Lökbatan bələdiyyəsinin ötən il nə az nə-çox düz 340.021  manat büdcə gəliri olub. Eyni irəliləyiş Müşfiqabad bələdiyyəsində müşahidə olunub. Belə ki, 2024-cü ildə il ərzində 10.723 manat əldə etdiyi halda, ötən il bu rəqəm 35.533 manat olub. Yəni hər iki bələdiyyənin il ərzində büdcə gəlirlərində artım üç dəfəyədək olub. Sual olunur, bu iki bələdiyyənin büdcə gəlirlərində bu qədər irəliləyişin olmasını kimsə bilirdimi? Və yaxud əldə edilən vəsait hesabına qəsəbə ərazisində hansı bir irihəcmli layihə icra olunub. Bilən varmı? Yüzminlik büdcə gəliri olarkən Lökbatan bələdiyyəsi ən müasir “Mərasim evi” inşa etmişdi, üstəlik lizinqlə çox profilli traktor alaraq büdcəyə əlavə vəsait cəlb edə bilmişdir. Üstəlik RİH tərəfindən tövsiyə olunan məsələlərin icrası həyata keçirilirdi. Bəs bu gün 350 min büdcəsi olan bələdiyyə “Mərasim evi”ni və ya traktoru necə istifadə edir. Bilən varmı? Və yaxud əlavə olaraq dayanıqlı maliyyə mənbəyi yarada bilibmi?  Traktor əslində büdcəyə əlavə vəsaitin cəlb edilməsi üçün alınsa da, onun kənar qəsəbələrdə qanunsuz tikintilərin söküntüsündə sədrin bilavasitə iştirakı ilə  istifadə edilməsi nə qədər məntiqə uyğundur, cənablar? Bu əslində yolverilməz bir addımdır. Konkret…

Sədrin diqqətinə çatdırmaq istərdim ki, bir gün ortaya bir nəfər çıxa bilər və konkret sual verər-  bələdiyyənin balansında olan traktorun qonşu bələdiyyələrin  ərazisində həyata keçirilən “söküntü” əməliyyatlarındakı iştirakından bələdiyyə büdcəsinə hər hansı vəsait daxil olubmu? Ümumiyyətlə, il ərzində traktorun istifadəsindən bələdiyyə büdcəsinə nə qədər vəsait daxil olub. Və yaxud on il əvvəl  yüksək səviyyədə istifadə verilmiş “Mərasim evi”nin istifadəsindən bələdiyyə büdcəsinə nə qədər vəsait daxil olub. Maraqlıdır, cavab nə olacaq. Bilən varmı?

Və yaxud iri vergi ödəyicilərindən nəqd şəklində alınan vergilərin hansı  BAMS-a otuzdurulub? Hər halda bu ehtimalda həqiqət payı da var. Nə isə….

Mən Muşfiqabad bələdiyyəsinin fəaliyyətinə bir o qədər də dərindən  toxunmaq istəmirəm. Çünki bələdiyyənin formalaşdığı  ilk on il ərzində bu bələdiyyəyə rəhbərlik etmiş şəxslər oranı elə vəziyyətə salıblar ki, vəziyyəti düzəltmək üçün o bilsin illər lazım olsun. Bank hesabı bağlı olan, üstəlik kifayət qədər DSMF borcu olan bələdiyyədən hər hansı işin və ya layihənin  icrasını tələb etmək məntiqsizdir. Ancaq bu demək deyil ki, fəaliyyət dayanmalıdır. Bu gün ölkə bələdiyyələrinin ümumi DSMF borcunun 18 faizədək hissəsi Biləcəri bələdiyyəsinin payına düşür. Ancaq bələdiyyə bu gün fəaliyyətdədir. Aylıq ödənişlərlə yanaşı, bələdiyyə rəhbərliyi tərəfindən ümumi borcun silinməsi ilə bağlı ciddi addımlar atılır.  Hər halda bələdiyyə yerində saymır.

Və yaxud bundan əvvəlki beşillik dövrdə Sahil bələdiyyəsinin kollektivinin birgə fəaliyyəti sayəsində 40 min manata yaxın borc silindi. Hətta bələdiyyənin bu addımı Ədliyyə Nazirliyinin toplantısında da xüsusi vurğulanmışdı. Demək bələdiyyə kollektivində, sədr başda olmaqla  fəaliyyət üçün məqsəd varsa, demək fəaliyyət də olacaq, borcda bağlanacaq və layihələrdə icra olunacaqdır.

Görünən odur ki, digər üç bələdiyyənin Ələt, Qızıldaş və Səngəçal bələdiyyələrində ötən dövr ərzində hər hansı irəliləyiş hiss olunmayıb. Hiss olunmayıbsa, demək işdə görülməyib. Və yəqin ki, borclanmada artıb.  Ancaq bu ehtimal olsa da, həqiqətə daha yaxındır.  Nəticədə Səngəçal bələdiyyəsinin sədri vəzifəsindən istefa verib. Nə isə…

Bizim məqsədimiz Qaradağ rayonunda formalaşan bələdiyyələrdəki ətaləti aradan qaldırmaq, hərəkətə gətirmək, onların ərazilərində vətəndaş məmnunluğunun təmin edilməsinə yardımçı olmaqdır.

Güman edirəm ki, Qaradağ RİH rəsmiləri də, bizim  səsimizə səs verib mövcud problemlərin aradan qaldırılmasına öz tövsiyələrini verəcəklər.

P.S. Bütün hallarda adları çəkilən bələdiyyələrin fikirlərini resursda verməyə hazırıq.

(Ardı var…)

Vüqar Tofiqli

 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür

Bakı
07-05-2026
2974