Qərbi Azərbaycan İcması İdarə heyətinə yeni seçilən üzvlər sırasında Təmraz Tağıyev də var
QƏRBİ AZƏRBAYCAN İCMASI İDARƏ HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB
03 fevral 2026-cı il
tarixində Qərbi Azərbaycan İcması İdarə Heyətinin növbəti iclası keçirilib.
İclasda İcmanın 2025-ci il
üzrə fəaliyyəti qiymətləndirilib, struktur və kadr məsələlərinə baxılıb,
həmçinin 2026-cı il üçün Tədbirlər Planı müzakirə edilərək təsdiqlənib.
İclası giriş sözü ilə Qərbi
Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli açaraq 20
dekabr 2025-ci il tarixində keçirilmiş Ümumi Yığıncağın yekunları barədə
ətraflı məlumat verib. O bildirib ki, qəbul edilən qərarlar İcmanın
fəaliyyətinin institusional əsaslarının möhkəmləndirilməsinə və qarşıdakı
mərhələdə işlərin daha sistemli qurulmasına xidmət edir.
İclasda İdarə Heyətinin və
Şuraların tərkibində aparılan dəyişikliklər müzakirə olunub. Qeyd edilib ki,
bir şəxsin eyni zamanda iki idarəedici qurumda təmsil olunmaması prinsipi əsas
götürülərək müəyyən yenilənmələr aparılıb və nəticədə İdarə Heyətinin
tərkibində ümumilikdə 8 dəyişiklik edilib.
İdarə Heyətinin yeni
üzvləri: Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov
rayon bələdiyyəsinin sədri, Qərbi Azərbaycan İcması Nərimanov rayon nümayəndəsi
Təmraz Tağıyev; Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru, dosent Asiman
Həsənov; Qərbi Azərbaycanın Paşalı rayon icmasının sədri, Əkinçilik Elmi
Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Faiq
Xudayev; Bakı Dövlət Universitetinin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin
direktoru, siyasi elmlər doktoru, Əməkdar jurnalist Xalid Niyazov; Prezident
Kitabxanasının müdiri, professor Afət Abbasova; Qərbi Azərbaycanın Barana rayon
icmasının sədri Osman Hacıyev iclas iştirakçılarına təqdim olunub.
Daha sonra Qərbi Azərbaycan
İcması Şuralarının tərkibi təsdiqlənib. Bildirilib ki, Ziyalılar Şurasında 144,
Ağsaqqallar Şurasında 97, Qadınlar Şurasında 126, Gənclər Şurasında isə 141
nəfər üzv təmsil olunur. Şuraların formalaşdırılmasında regional balans və
təmsilçilik əsas meyar kimi götürülüb.
Gündəliyin növbəti məsələsi
kimi Qərbi Azərbaycan İcmasının 2026-cı il üçün Tədbirlər Planı müzakirəyə
çıxarılıb. Qeyd olunub ki, plan ilkin variantdır və İdarə Heyətinin üzvlərinin
təklifləri nəzərə alınmaqla təkmilləşdiriləcək. Plan çərçivəsində rayon
icmaları ilə işin gücləndirilməsi, maarifləndirmə tədbirlərinin
genişləndirilməsi, elmi-tədqiqat və nəşr fəaliyyətinin artırılması, arxiv
materiallarının toplanması və beynəlxalq müstəvidə Qərbi Azərbaycan
həqiqətlərinin təbliği əsas prioritetlər kimi müəyyənləşdirilib.
İclasda çıxış edən İcmanın
Hüquq Komissiyasının sədri, hüquq elmləri doktoru, professor Zahid Cəfərov
rayon icmalarının fəaliyyətinin genişləndirilməsinin vacibliyini vurğulayıb. O,
rayon icmalarında mütəmadi görüşlərin keçirilməsini təklif edib.
Tədqiqatçı-alim, kimya üzrə
fəlsəfə doktoru Nazir Əhmədli Qərbi Azərbaycanla bağlı tarixi sənədlərin üzə
çıxarılması baxımından arxivlərlə işin genişləndirilməsinin xüsusi əhəmiyyət
daşıdığını bildirib.
Azərbaycan Şəhər
Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov rayon bələdiyyəsinin
sədri, Qərbi Azərbaycan İcması Nərimanov rayon nümayəndəsi Təmraz Tağıyev
İcmanın 2025-ci il fəaliyyətini yüksək qiymətləndirərək Qərbi Azərbaycan
həqiqətləri sırasında Qərbi Azərbaycan kökənli şəxsiyyətlərin öyrənilməsini,
təbliğini də vacib amil kimi xüsusi qeyd edib.
Prezident Kitabxanasının
direktoru Afət Abbasova yaşlı qərbi azərbaycanlıların xatirələrinin toplanaraq
arxivləşdirilməsini və bu materialların xarici dillərə tərcümə olunaraq
beynəlxalq ictimaiyyətə təqdim edilməsini təklif edib.
İdarə Heyətinin sədri,
millət vəkili Əziz Ələkbərli çıxışında Təhsil Nazirliyi ilə birgə məktəblərdə
keçirilən maarifləndirici tədbirlərdən bəhs edərək, bu işlərin qarşıdakı dövrdə
daha da genişləndiriləcəyini bildirib. Və sözü 2025-ci ildə bu sahədə uğurlu
layihələrə imza atan Keşkənd rayon İcmasının sədri, ADPU-nun beynəlxalq
əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovaya verib. Mahirə xanım
maarifləndirmə işinin, xüsusilə rayonlarda yaşayan qərbi azərbaycanlılarla
görüşlərin intensivləşdirilməsinin vacibliyini vurğulayıb, orta məktəblərdə
Qərbi Azərbaycanla bağlı maarifləndirmə işinin əhəmiyyətindən bəhs edib.
İclasda Milli Məclisin
deputatları İlham Məmmədov, Aydın Mirzəzadə, Elşad Musayev, AMEA Tarix
İnstitutunun şöbə müdiri Cəbi Bəhramov, tanınmış ictimai xadim Rauf Zeyni və
digərləri çıxış edərək müzakirə olunan məsələlər barədə öz rəy və təkliflərini
bildiriblər.
İclasın sonunda gündəlikdə duran bütün məsələlər üzrə qərarlar qəbul olunub.
Rəylər
0 Rəy