Murad Muradov: “Görülən işlərin davamlı olması yerli vergilərin yığım səviyyəsindən birbaşa asılıdır”
Safıkürd kəndində sakinlərin rahat və təhlükəsiz hərəkətinin təmin olunması, mövcud problemlərin aradan qaldırılması istiqamətində abadlıq və quruculuq işləri davam etdirilir. Bələdiyyənin yerli büdcəsinə daxil olan vergi və digər ödənişlər hesabına kəndin infrastrukturunun yaxşılaşdırılmasına xüsusi diqqət yetiririk.
Son günlər sakinlərin müraciəti əsasında kəndarası yolların
vəziyyəti bələdiyyə iclasında müzakirə olunub və problemin aradan qaldırılması
ilə bağlı müvafiq tədbirlər həyata keçirilib. Belə ki, iki kilometr uzunluğunda
yol sahəsinə çınqıl materialı tökülərək yayılıb, hamarlanma və bərkitmə işləri
aparılıb. Bununla yanaşı həmin ərazidə avtobus dayanacağı da quraşdırlımışdır.
Bu barədə Safıkürd bələdiyyəsinin sədri Murad Muradov
bildirib ki, bələdiyyənin əsas fəaliyyət istiqamətlərindən biri sakinlərin
müraciətlərinə həssaslıqla yanaşmaq və onların gündəlik həyatına təsir edən
problemlərin həllinə nail olmaqdır.
Murad Muradov qeyd edib: “Bizim üçün əsas məsələ kənd sakinlərinin qayğı və ehtiyaclarını diqqətdə saxlamaq, imkanlarımız daxilində qaldırılan problemlərin həlli üçün əməli addımlar atmaqdır. Bələdiyyəyə müraciət edən heç bir sakinin problemini diqqətdən kənarda qoymamağa çalışırıq. Son görülən yol təmiri işləri də sakinlərin müraciətinin nəzərə alınması nəticəsində həyata keçirilib.
Təbii ki, bu işlərin davamlı olması maliyyə imkanlarımızdan, xüsusilə də yerli vergilərin yığım səviyyəsindən birbaşa asılıdır. Vergi daxilolmalarının artırılması kənddə daha geniş abadlıq işlərinin görülməsinə, sakinləri narahat edən məsələlərin daha operativ həllinə şərait yaradır. Məqsədimiz mövcud imkanlardan səmərəli istifadə etməklə kəndimizin infrastrukturunu yaxşılaşdırmaq və sakinlərin rifahına töhfə verməkdir”, – deyə Murad Muradov vurğulayıb.
Belediyye.info
Rəylər
0 Rəy