İcra hakimiyyətləri ləğv edilir – İdarəetmə dəyişir, mexanizm yenilənir və sürətlənir
Qarabağın işğaldan azad edilməsindən sonra bölgənin idarəetmə sistemi xüsusi səlahiyyətli nümayəndələr vasitəsilə həyata keçirilməyə başlanıldı. 2021-ci ilin fevralında isə “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə” təsdiq olundu. Əsasnamənin ikinci bəndində qeyd edilir ki, “mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumları Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi təşkil edilmiş müvafiq ərazilərdə fəaliyyətlərini Azərbaycan Respublikası Prezidentinin müvafiq ərazidəki xüsusi nümayəndəsi ilə əlaqələndirilmiş qaydada həyata keçirirlər”. Bu fərmandan sonra Prezidentin səlahiyyətli nümayəndəsinin təyinatı Naxçıvan bölgəsində də gerçəkləşdi. Prezident İlham Əliyev əvvəllər də bildirib ki, yeni idarəetmə modeli gələcəkdə ölkənin digər bölgələrində də tətbiq oluna bilər: “Bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu model təkcə azad edilmiş ərazilərin deyil, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcək”. Dövlət başçısı çıxışlarında mövcud regional idarəetmə modelinin sovetlər dövründən qaldığını və zamanın tələblərinə cavab vermədiyini dəfələrlə vurğulamışdı. Yeni idarəetmə sistemi artıq özünü doğruldur və ölkənin digər regionlarında tətbiqi ilə bağlı müzakirələr genişlənir. Bəs bu model bütün regionlarda tətbiq olacaqmı? Bu idarəetmə hansı perspektivləri verəcək? Yeni dəyişikliklər bələdiyyələrin funksiyalarına, digər məsələlərə necə təsir edəcək?
Crossmedia.az məsələ ilə
bağlı mütəxəssislər arasında araşdırma aparıb...
Milli Məclisin deputatı,
siyasi elmlər doktoru Hikmət Babaoğlu: “Azərbaycanda prezidentin səlahiyyətli
nümayəndələri formasında idarəetmə modelinin tətbiqinin artıq beş illik təcrübəsi
mövcuddur. Bu müddət ərzində bir sıra mühüm məsələlər öz aydınlığını tapıb. Təcrübə
göstərir ki, geniş və ağır inzibati aparat olmadan da səlahiyyətli nümayəndələr
icraedici funksiyaları effektiv şəkildə yerinə yetirə bilirlər. Çoxsaylı
bürokratik prosedurlar və məmur-vətəndaş təması yaranmadan problemlər operativ
həll olunur, vətəndaş müraciətləri vaxtında və adekvat şəkildə cavablandırılır.
Eyni zamanda, mərkəzi icra hakimiyyəti orqanlarının mövqeyinin icrası üçün məsələlərin
optimal vaxt çərçivəsində həlli mümkün olur. Bütün bu amillər prezidentin səlahiyyətli
nümayəndəsi idarəetmə formasının institutlaşması üçün ciddi əsaslar yaradır. Məhz
bu praktiki təcrübəyə əsaslanaraq Azərbaycan Prezidenti bu idarəetmə modelinin
gələcəkdə ölkənin bütün ərazisinə şamil oluna biləcəyini istisna etməyib.
Bununla yanaşı, belə bir yanaşma inzibati ərazi vahidlərində daha genişmiqyaslı
idarəetmə formasına — əyalət idarəetmə modelinə keçidi də mümkün edir. Diqqət
yetirsək görərik ki, prezidentin səlahiyyətli nümayəndələri hazırda konkret
rayonlar üzrə deyil, daha geniş ərazi vahidləri üzrə təyin olunur. Məsələn,
Qarabağ, Şərqi Zəngəzur, Şuşa və Naxçıvan üzrə səlahiyyətli nümayəndələr ayrıca
müəyyən edilib. Bu isə klassik rayon tipli inzibati idarəetmədən fərqli olaraq,
əyalət tipli idarəetmə modelinə daha yaxın bir yanaşma kimi qiymətləndirilə bilər”.
Deputat həmçinin bildirib
ki, əslində bu model, ölkədə mövcud olan iqtisadi rayonlaşmanın gələcəkdə idarəetmə
rayonlaşması ilə uzlaşdırılması imkanını yaradır: “Məsələn, Dağlıq Şirvan,
Aran, Gəncə-Qazax kimi iqtisadi zonalar üzrə prezidentin səlahiyyətli nümayəndələrinin
təyin olunması mümkün ssenarilərdən biri kimi dəyərləndirilə bilər. Bu halda
iqtisadi rayonlaşma ilə inzibati idarəetmə arasında daha effektiv uyğunluq təmin
edilə bilər. Bu baxımdan, Azərbaycan Prezidentinin bu istiqamətdə səsləndirdiyi
müsbət fikirləri şərh edərkən demək olar ki, növbəti mərhələdə bir çox qonşu
ölkələrdə və dünya praktikasında mövcud olan əyalət idarəetmə modelinin Azərbaycanda
da tətbiqi istisna edilmir. Əlbəttə ki, bu proses mərhələli şəkildə və mövcud
idarəetmə mexanizmlərinin effektivliyi nəzərə alınmaqla həyata keçirilə bilər.
Bununla yanaşı, Azərbaycanda islahatların davamlı xarakter daşıdığı və bu
prosesdə Prezidentin ən optimal variantları əsas götürərək qərarlar verdiyi də
nəzərə alınmalıdır. Məhz bu səbəbdən, əyalət idarəetmə modelinə keçid ehtimalı
mümkün variantlardan biri kimi qiymətləndirilə bilər”.
Konsititusiya
Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev: “Mən bunu konkret
inzibati qərardan daha çox idarəetmə fəlsəfəsinə dair verilən mesaj kimi qiymətləndirirəm.
Cənab Prezidentin vurğuladığı əsas məqam ondan ibarətdir ki, bu gün dövlət üçün
prioritet məsələ forma deyil, nəticədir. Qarabağ və Şərqi Zəngəzurda tətbiq
olunan xüsusi nümayəndəlik modeli də məhz bu məntiqə əsaslanır. Bu yanaşmanın əsasını
operativ qərarvermə, çeviklik və məsuliyyətin dəqiq bölüşdürülməsi təşkil edir.
Bu modelin ölkənin digər ərazilərində tətbiqi tam realdır, lakin bunun kütləvi
və mexaniki şəkildə baş verəcəyini düşünmürəm. Daha çox strateji əhəmiyyət
daşıyan iri infrastruktur və investisiya layihələrinin icra olunduğu, yaxud
klassik icra mexanizmlərinin yetərincə çevik işləmədiyi ərazilərdə bu yanaşmaya
ehtiyac yarana bilər. Burada söhbət inzibati xəritənin dəyişdirilməsindən
deyil, idarəetmənin funksional şəkildə yenilənməsindən gedir. Cənab Prezident
çıxışında xüsusi olaraq qeyd etdi ki, struktur dəyişiklikləri vacibdir, lakin hər
şeydən öncə əsas məsələ kadr amilidir. Ləyaqətli və peşəkar kadrların seçilib
düzgün yerlərə təyin edilməsi idarəetmədə keyfiyyətli nəticələr əldə etmək üçün
həlledici faktordur. Eyni zamanda, dövlət başçısı struktur dəyişikliklərinin gələcəkdə
baş verməsini də istisna etmədi və xüsusi nümayəndəlik modelinin ölkə üzrə tətbiqi
imkanlarının mövcud olduğunu bildirdi”.
Hüquqşünas qeyd edib ki,
xüsusi nümayəndəliklərin yaradılması idarəetmədə bir sıra mühüm dəyişikliklərə
səbəb ola bilər: “İlk növbədə qərarvermə prosesinin sürətlənməsi, bürokratik əngəllərin
azalması və məsuliyyətin daha dəqiq müəyyənləşməsi bu modelin əsas üstünlüklərindəndir.
Mövcud sistemdə qərarların müxtəlif strukturlar arasında razılaşdırılması bəzən
ciddi ləngimələrə gətirib çıxarır və bu da geniş bürokratiya yaradır. Xüsusi
nümayəndəlik modeli isə vahid koordinasiya mərkəzi formalaşdırmaqla bu problemi
aradan qaldırmağa xidmət edir. Burada məqsəd məmur sayının sadəcə azaldılması
deyil, təkrarlanan səlahiyyətlərin və paralel strukturların aradan
qaldırılması, idarəetmənin daha rasional qurulmasıdır. Bununla belə, nəzərə
almaq lazımdır ki, hazırda xüsusi nümayəndəlik institutu əsasən layihə mərhələsində
fəaliyyət göstərir. Məskunlaşma prosesi davam etsə də, bu modelin əhali ilə
birbaşa işləmə mexanizmləri hələ tam formalaşmayıb. Məhz buna görə də bu
modelin daha geniş miqyasda tətbiqindən öncə praktik nəticələrinin diqqətlə izlənilməsi
vacibdir. Məskunlaşmadan sonra bu idarəetmə modelinin necə işləyəcəyi mühüm əhəmiyyət
kəsb edir. Təcrübə toplandıqca və proses analiz edildikcə, uğurlu nəticələrin gələcəkdə
ölkənin digər bölgələrində tətbiqi mümkün ola bilər. Ümumilikdə bu yanaşma
klassik icra hakimiyyətlərinin tamamilə ləğvindən daha çox, onların rolunun
yenidən düşünülməsi kimi qiymətləndirilməlidir. Düzgün tətbiq olunduğu təqdirdə,
bu model mərkəzləşmiş, lakin çevik, nəticəyönümlü və səmərəli idarəetmə
sisteminin formalaşmasına xidmət edə bilər. Dünya təcrübəsi də göstərir ki,
müasir idarəetmədə əsas prinsip nəticəyönümlü yanaşmadır və ümid etmək olar ki,
ölkəmizdə tətbiq olunan yeni model də bu istiqamətdə mühüm mərhələ olacaqdır”.
İqtisadçı alim Aqil
Eyvazov: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda
tətbiq olunan xüsusi nümayəndəlik idarəetmə modelinin digər regionlarda da
mümkünlüyü ilə bağlı açıqlaması məsələnin iqtisadi tərəfinə diqqəti artırır. Bu
modelin əsas üstünlüyü qərarvermə proseslərinin mərkəzləşməsi, operativliyin
yüksəlməsi və idarəetmə xərclərinin azalmasıdır. İqtisadi baxımdan bu,
regionlarda dövlət layihələrinin daha sürətli icrasına, investisiya mühitinin
sadələşdirilməsinə və bürokratik maneələrin azalmasına şərait yarada bilər.
Xüsusilə infrastruktur, regional inkişaf və investisiya layihələrinin həyata
keçirilməsində çevik idarəetmə modeli resurslardan daha səmərəli istifadəni təmin
edir. Daha az məmurun iştirak etdiyi, məsuliyyətin isə daha aydın
bölüşdürüldüyü sistemdə həm vaxt itkisi, həm də koordinasiya problemləri
minimuma enir. Bu yanaşma tətbiq olunduğu halda, regionlarda iqtisadi
dinamikanın artması, yerli biznes fəallığının canlanması və dövlət-investor
münasibətlərinin daha funksional qurulması mümkündür. Düşünürəm ki, modelin ölkə
üzrə tətbiqi regional xüsusiyyətlər də nəzərə alınmaqla mərhələli şəkildə həyata
keçirilə bilər”.
Bələdiyyə eksperti Vüqar
Tofiqli: “Bu gün istənilən sahədə — istər idarəetmə, istər hər hansı müəssisə,
istərsə də proqramda — fəaliyyət varsa, onun mütəmadi şəkildə yenilənməsinə
və təkmilləşdirilməsinə ehtiyac yaranır. İdarəetmə strukturları da bu baxımdan
istisna deyil. Bütün hallarda bu yenilənmələrin və struktur dəyişikliklərinin əsas
məqsədi vətəndaş məmnunluğunun təmin edilməsi, idarəetmənin sadələşdirilməsi və
bürokratik əngəllərin aradan qaldırılması olmalıdır. Bu istiqamətdə artıq xeyli
müddətdir ki, cənab Prezidentin sərəncamları ilə müəyyən proseslər icra olunur,
idarəetmədə bir sıra təkmilləşdirmələr və yeniliklər həyata keçirilir. Şübhəsiz
ki, bu günədək icra strukturlarında müəyyən müsbət dəyişikliklər baş verib.
Lakin eyni zamanda yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində daha əsaslı
və sistemli islahatlara ehtiyac olduğu da açıq şəkildə hiss olunur. Artıq bu
prosesə ilkin start verilib: müəyyən ixtisarlar aparılıb, struktur dəyişiklikləri
və birləşmələr həyata keçirilib, sektorlaşma prosesi başlayıb. Bu addımlar həm
idarəetmədə operativliyin artırılmasına, həm də büdcə xərclərinin azaldılmasına
xidmət edir ki, mövcud şəraitdə bu amil xüsusi əhəmiyyət daşıyır. Cənab
Prezident də son çıxışlarında vurğulayıb ki, əsas diqqət kadr hazırlığına yönəldilməli,
paralel olaraq idarəetmə sistemində struktur dəyişiklikləri aparılmalıdır. Mən
də dəfələrlə qeyd etmişəm ki, bu prosesin əsas istiqaməti regional idarəetməyə
keçid olmalıdır. Nümayəndəlik institutunun yaradılması da məhz az sayda
kollektivlə daha səmərəli və çevik idarəetmənin mümkünlüyünü göstərir”.
Ekspert əlavə edib
ki, hazırda atılan bu addımlar regional idarəetməyə keçid proqramının
ilkin mərhələsi kimi dəyərləndirilə bilər: “Perspektivdə, cənab Prezidentin də
qeyd etdiyi kimi, nümayəndəlik sisteminin tətbiqi və 14 iqtisadi rayon üzrə
regional idarəetməyə keçid daha məqsədəuyğun olar. Regional idarəetməyə keçid
eyni zamanda bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsini də zəruri
edir. Çünki vətəndaşlarla birbaşa təmasda olan, seçkili və özünüidarəetmə
orqanları məhz bələdiyyələrdir. Son dövrlərdə bələdiyyələrin cəmiyyətdə nüfuzu
və çəkisi artmaqdadır. Pilot layihələr vasitəsilə regional idarəetmə modelinin
tətbiqi və bələdiyyələrə daha geniş səlahiyyətlərin verilməsi vətəndaş müraciətlərinin
daha operativ həllinə imkan yaradar. Bu yanaşma real işlərin görülməsini sürətləndirə,
idarəetməyə ayrılan büdcə xərclərini əhəmiyyətli dərəcədə azalda bilər. Yəni az
xərclə daha böyük nəticələr əldə etmək mümkündür. Məsələn, rayonlarda kommunal
xidmət sahələrinin mərhələli şəkildə bələdiyyələrin idarəçiliyinə verilməsi
pilot layihə kimi sınaqdan keçirilə bilər. Hazırda bu sahəyə dövlət büdcəsindən
ciddi vəsait ayrılır və eyni zamanda vergi toplanır. Bu modelin bələdiyyələrə
ötürülməsi daha səmərəli idarəetməyə yol aça bilər. Hesab edirəm ki, bu
addımlar kompleks şəkildə həyata keçirildiyi təqdirdə daha məqsədəuyğun nəticələr
əldə edilə bilər. Görünən odur ki, cənab Prezident bu prosesə mərhələli şəkildə
start vermək niyyətindədir və icra hakimiyyəti orqanlarında aparılan ixtisarlar
artıq həmin mərhələnin başlangıcıdır”.
https://crossmedia.az/az/article/64410
Rəylər
0 Rəy