Anar Adıgözəlov: “Bələdiyyənin gəlirlərini artırmağın ən sağlam yolu... ”
“Bələdiyyənin maliyyə dayanıqlığı yalnız xərcləri azaltmaqla deyil, vergi-uçot sistemini düzgün qurmaq və yığım sistemini peşəkar təşkil etməkdən asılıdır”- bu fikirləri Sabunçu rayonu, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov deyib.
Sədr hesab edir ki, düzgün qurulmuş bələdiyyə işi: “gəlir → plan → yığım → nəzarət → xidmət”
prinsipi ilə işləməlidir. Bələdiyyə öz ərazisində olan bütün gəlir mənbələrini
vahid uçota almalıdır.
Sədr qeyd edir ki, əsas məsələ: bələdiyyə “nə qədər
vergi yığa bilərik?” sualından əvvəl “ərazimizdə neçə vergi ödəyicisi və neçə
vergi obyekti var?” sualına cavab verməlidir. Ərazi üzrə tam vergi bazası
yaradılmalı və bələdiyyə təxmini deyil, rəqəmlərlə idarə olunmalıdır. Vergi
yığımı “vətəndaş müraciət edəndə” prinsipi ilə aparılmamalıdır. Peşəkar
sistemdə bələdiyyə özü vergi bazasını formalaşdırmalıdır. Ərazidə nə vergi
ödəyicisi varsa, onların uçot vəziyyəti məlum olmalı, uçot vəziyyəti daimi
nəzarətdə saxlanılmalı dəyişiklik olduğu halda yenilənməlidir.
Ödənişdən yayınan şəxslər üzrə qanunvericilikdə
nəzərdə tutulan tədbirlər ardıcıl və sənədləşdirilmiş şəkildə həyata
keçirilməlidir.
Hər bir əmlak üzrə: nədir → haradadır → hüquqi
statusu nədir → kim istifadə edir → hansı müqavilə əsasında istifadə edir →
bələdiyyəyə nə qədər gəlir gətirir suallarının cavabı olmalıdır.
Sahibkarlıq obyektlərinə xüsusi diqqət olmalıdır.
Belə ki, mağazalar; restoranlar; emalatxanalar; xidmət obyektləri; anbarlar; digər
kommersiya obyektləri üzrə ayrıca məlumat bazası olmalıdır.
Burada məqsəd sahibkarı əsassız ödənişə cəlb etmək
deyil. Əksinə, obyektin hüquqi statusu və qanuni vergi öhdəliyi dəqiq müəyyən
edilməli və yalnız qanunla nəzərdə tutulan ödəniş tələb edilməlidir.
Gəlirin artması ilə yanaşı, xərclərə sərt nəzarət
lazımdı. Yüksək gəlirli bələdiyyə maliyyə cəhətdən sağlam bələdiyyə demək
deyil.
Aylıq olaraq: planlaşdırılan gəlir – faktiki gəlir
– yığılma faizi – xərclər – borclar – bankdakı vəsait müqayisə edilməlidir.
Xüsusilə əməkhaqqı ilə bağlı vergi, sosial sığorta
və digər məcburi ödənişlər vaxtında yerinə yetirilməlidir ki, gəlir toplandığı
halda yeni borc yaranmasın.
Sədr qeyd edib ki, işçilərin fəaliyyəti hər rübdə qiymətləndirilməlidir. Məsələn, hər
bir vergi əməkdaşının aylıq göstəriciləri: neçə yeni ödəyici uçota alınıb; neçə
obyekt müəyyən edilib; neçə borclu ilə iş aparılıb; nə qədər borc yığılıb; neçə
uçot məlumatı yenilənib; neçə problemli iş həll olunub üzrə qiymətləndirilə
bilər. Yəni qısası, işə gəldi-getdi yox, nəticə əsaslı idarəetmə olmalıdır.
Ən düzgün idarəetmə modeli: ərazi
inventarlaşdırılır, bütün vergi
ödəyiciləri və obyektlər elektron bazaya daxil edilir, hər ödəyici üzrə öhdəlik
hesablanır, ödənişlər gündəlik/aylıq izlənilir, borclular ayrıca qruplaşdırılır,
borcların alınması üzrə qanuni tədbirlər görülür, bələdiyyə əmlakının gəlir
potensialı qiymətləndirilir, aylıq gəlir planı və illik büdcə icra olunur və hər
ay nəticələr bələdiyyə rəhbərliyi tərəfindən təhlil edilir.
Bələdiyyənin gəlirini artırmağın ən sağlam yolu yeni ödənişlərin tətbiqinə nail olmaq yox; əslində mövcud qanuni gəlir mənbələrinin 100 faizə yaxın uçota alınmasını və qanuni yığımını təmin etməkdir.
Belediyye.info
Rəylər
0 Rəy