Anar Adıgözəlov: “Maştağa bələdiyyəsi bundan sonra da qəsəbə ərazisində infrastrukturun inkişaf etdirilməsini davam etdirəcəkdir”
“Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə Maştağa bələdiyyəsi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində qəsəbənin Baloğlan Bağırov küçəsi ilə Xanlar küçəsini birləşdirən 1-ci döngədə əsaslı təmir və asfaltlama işləri aparılmışdır”- bu məlumatı Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Anar Adıgözəlov deyib.
Sədr
bildirib ki, qeyd olunan yol uzun müddət istismar müddətini başa vurduğundan və
texniki vəziyyəti qənaətbəxş olmadığından nəqliyyat vasitələrinin və
piyadaların hərəkətində ciddi çətinliklər yaradırdı. Xüsusilə
yağıntılı havalarda yol örtüyünün dağılması, çala-çuxurların əmələ gəlməsi təhlükəsizlik
baxımından risklər formalaşdırırdı. Sözügedən yolun ətrafında təhsil müəssisələrinin,
iaşə və xidmət obyektlərinin yerləşməsi onun strateji əhəmiyyətini daha da
artırırdı.
Sakinlərin kollektiv müraciəti nəzərə alınaraq,
Maştağa bələdiyyəsi tərəfindən müvafiq tədbirlər görülmüş, yolun əsaslı təmiri
həyata keçirilmişdir. Aparılan işlər çərçivəsində ümumilikdə 1250 kvadrat metr
sahədə yol örtüyü müasir norma və standartlara uyğun şəkildə hazırlanmış,
asfaltlama işləri tam şəkildə başa çatdırılmış, yol səthi müasir qaydalara
uyğun olaraq rənglənmə işləri aparılmaqla tamamlanmışdır.
Görülmüş işlərin nəticəsi olaraq yolun istismar
keyfiyyəti yüksəldilmiş, nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və
rahat hərəkəti təmin edilmişdir. Təmir və asfaltlama işləri Yeni ilin ilk günlərində
yekunlaşdırılaraq yol Maştağa bələdiyyəsi tərəfindən qəsəbə sakinlərinin
istifadəsinə verilmişdir.
Sədr sonda qeyd edib ki, Maştağa bələdiyyəsi bundan sonra da qəsəbə ərazisində infrastrukturun inkişaf etdirilməsi, sakinlərin müraciət və ehtiyaclarının mərhələli şəkildə həlli istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy