Firdövsi Calalov: “Masazır bələdiyyəsi sakinlərin hər bir müraciətinə həssaslıqla yanaşır”
Masazır bələdiyyəsi olaraq fəaliyyətimizin əsas istiqamətlərindən biri sakinlərin müraciət və təkliflərini diqqətlə dinləmək, onların gündəlik həyatında qarşılaşdıqları problemlərin həlli istiqamətində operativ və məqsədyönlü tədbirlər görməkdir. Hesab edirəm ki, yerli özünüidarəetmə orqanının uğurlu fəaliyyəti, ilk növbədə, sakinlərlə sıx əməkdaşlıqdan və onların ehtiyaclarına vaxtında reaksiya verməkdən asılıdır.
Bu günlərdə Hüseyn Cavid küçəsində yaşayan sakinlərin müraciəti
bələdiyyənin iclasında ətraflı müzakirə olunub, qaldırılan məsələlərin aradan
qaldırılması ilə bağlı müvafiq qərar qəbul edilib. Müraciətdə küçənin məişət
tullantılarından təmizlənməsi, antisanitar vəziyyət yaradan ərazilərin qaydaya
salınması, ətraf mühitin sağlamlaşdırılması və ümumi abadlığın təmin edilməsi əsas
tələblər kimi önə çəkilib.
Bu fikirləri Abşeron rayonu, Masazır bələdiyyəsinin sədri Firdövsi
Calalov deyib.
Sədr qedy edib ki, məsələnin həllini gecikdirmədən, qısa
müddət ərzində ərazidə müvafiq işlərə başlanılıb. Görülən tədbirlər nəticəsində
küçənin böyük bir hissəsi bərk məişət tullantılarından təmizlənib, antisanitar
vəziyyətin aradan qaldırılması istiqamətində işlər həyata keçirilib. Eyni
zamanda, sakinlər arasında ətraf mühitin qorunması, tullantıların müəyyən
edilmiş yerlərə atılması və təmizliyə riayət olunması ilə bağlı maarifləndirici
söhbətlər aparılıb. Küçənin uzun müddətdir yararsız vəziyyətdə olan hissəsində
isə asfalt örtüyü salınaraq hərəkətin və ərazidən istifadənin daha rahat olması
üçün şərait yaradılıb.
Sədr daha sonra qeyd
edib: “Biz yaxşı anlayırıq ki, abadlıq yalnız ərazinin təmizlənməsi və yolların
təmirindən ibarət deyil. Bu, həm də sakinlərdə təmizlik mədəniyyətinin
formalaşdırılması, ictimai məsuliyyətin artırılması və hər kəsin yaşadığı məhəlləyə
sahib çıxması deməkdir. Bu baxımdan, həyata keçirilən işlərlə yanaşı, əhali ilə
maarifləndirici görüşlərin davam etdirilməsini də vacib hesab edirik.
Hüseyn Cavid küçəsində görülən işlərin sakinlər tərəfindən
razılıq və rəğbətlə qarşılanması bizi daha da ruhlandırır. Bu münasibət göstərir
ki, sakinlərin ehtiyaclarına uyğun həyata keçirilən hər bir təşəbbüs cəmiyyət tərəfindən
yüksək qiymətləndirilir.
Bir daha qeyd etmək istəyirəm ki, Masazır bələdiyyəsi bundan sonra da vətəndaş müraciətlərini diqqətdə saxlayacaq, qəsəbəmizin küçə və məhəllələrinin abadlaşdırılması, təmizliyin qorunması, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcək.”
Belediyye.info
Rəylər
0 Rəy