20 Yanvar Azərbaycan xalqının qanı ilə yazılmış qəhrəmanlıq səhifəsidir
20 Yanvar Azərbaycan xalqının tarixində azadlıq, müstəqillik və milli iradə uğrunda canlarından keçmiş şəhidlərin qanı ilə yazılmış qəhrəmanlıq səhifəsidir. 1990-cı il yanvarın 20-də sovet imperiyasının silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı törədilən bu qanlı faciə xalqımızın iradəsini sındıra bilməmiş, əksinə, müstəqillik arzusunu daha da gücləndirmişdir.
Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verərək demişdir: “20 Yanvar hadisəsi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin zirvəsidir.” Məhz onun qətiyyətli mövqeyi nəticəsində bu qanlı hadisəyə beynəlxalq səviyyədə diqqət çəkilmiş, şəhidlərin xatirəsi daim uca tutulmuşdur.
Ali Baş Komandan, Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, “20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.” Bu gün müstəqil və qalib Azərbaycan dövləti şəhidlərimizin arzularının gerçəkləşdiyini bütün dünyaya nümayiş etdirir.
20 Yanvar şəhidlərinin müqəddəs qanı ilə bərqərar olan müstəqilliyimiz bu gün güclü ordu, möhkəm dövlətçilik və xalq–iqtidar birliyi ilə qorunur. Biz bu hüznlü gündə şəhidlərimizin xatirəsini dərin ehtiramla anır, onların əziz ruhları qarşısında baş əyirik.
Rəylər
0 Rəy