MİRAS İctimai Birliyinin “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğuna məktəbli arxeoloji ekspedisiyası təşkil edilmişdir
04 noyabr 2023-cü il tarixində PİCASP layihəsi çərçivəsində MİRAS İctimai Birliyinin cari il üzrə Tədbirlər Planına əsasən S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının 6A sinif şagirdləri, “Tarix Kubu”nun üzvləri, müəllim və valideyn heyəti (Gülnarə İsgəndərova, Yasin Cəbizadə, Həsən Osmanov, Səidə Əliyeva, Məleykə Hüseynova) üçün “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğuna məktəbli arxeoloji ekspedisiyası təşkil edilmişdir. Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli ilk olaraq tədbir iştirakçılarına Qoruq haqqında ümumi məlumat verdikdən sonra arxeoloji tədqiqatların aparılması, aşkar edilən daşınar və daşınmaz arxeoloji tapıntıların qorunması və saxlanması, konservasiya məsələləri və s. barədə onları məlumatlandırmışdır. Fariz Xəlillinin rəhbərliyi ilə şagirdlər arxeoloji qazıntıda bilavasitə iştirak etmiş, arxeoloji qazıntının aparılması qaydalarını yerindəcə öyrənmiş, ekspertlərin təlimatlarına əsasən qruplar şəklində onlar üçün ayrılmış sahələrdə arxeoloji qazıntı aparmış, tapdıqları eksponatları sənədləşdirmiş və aidiyyəti üzrə təhvil vermişlər. Daha sonra iştirakçılar üçün Orta əsr Ağsu şəhəri üzrə geniş ekskursiya təşkil edilmiş, qədim şəhərin tarixi, həmçinin qoruqda aşkar olunmuş sahələr (məscid, qədim hamam yeri, buzxana, su anbarı, şəhər meydanı və s.) haqqında ətraflı məlumat verilmişdir.
Tədbirin ikinci hissəsində iştirakçılar Ağsu rayonu Gəgəli kəndində yaradılan “Tərəkəmə Yurdu” folklor turizmi məkanını ziyarət etmiş, burada tərəkəmə həyat tərzi ilə tanış olmuş, hətta kənd sakini olan həmyaşıdları ilə komandalar şəklində qədim milli oyunlarlımızdan olan “Çilingağac” oyunu oynamışlar.
Tədbir iştirakçılarda, xüsusilə balaca “arxeoloqlar”da xoş təəssüratlar yaratmış, onlarda arxeologiya sahəsinə, o cümlədən milli tarixi irsimizə böyük maraq oyatmışdır. Onlar bu cür maarifləndirici ekskursiya və tədbirlərin keçirilməsinin, ənənəvi turistik gəzintilərlə yanaşı məktəblilər üçün fərqli tematik gəzintilərin təşkil olunmasının böyük əhəmiyyətini qeyd etmişlər.
Qeyd edək ki, 2021-ci ildən etibarən MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Avropa Komissiyasının ERASMUS+ Proqramı çərçivəsində maliyyələşdirilən PİCASP (“Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisələri üzrə pilot kurslar”) layihəsinin tərəfdaşıdır. Layihənin əsas məqsədi yeni öyrənmə vasitəsi olan açıq ödənişsiz onlayn kursların (MOOCs) tətbiqi ilə nəzəriyyə və təcrübəni birləşdirən pilot kurslar əsasında kiçik və orta biznes sahəsində müəllimlərin kompetensiyalarının artırılması, yeni metodologiya və tədris vasitələrinin təqdim olunması, mədəni irsin qorunması sahəsində kadr hazırlığı səviyyəsinin yüksəldilməsi, xüsusilə təhsil müəssisələrində potensialın gücləndirilməsindən ibarətdir. Bu məqsədlə il ərzində MİRAS İctimai Birliyi tərəfindən təhsil müəssisələrinin müəllim və tələbə heyətlərinin iştirakı ilə müvafiq mövzularda seminarlar, tanışlıq turları, təlimlər və ekspedisiyalar təşkil edilir.