Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-07-2024 , 09:33

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

“Azərpoçt” bələdiyyələrə yaratdığı gərginliyi necə aradan qaldıra bilib?

Son aylarda bələdiyyələrin “Azərpoçt” MMC-nin fəaliyyətiylə bağlı müəyyən narazılığa söykənən problemlərinin meydana gəlməsi hər kəsi, o cümlədən məni narahat etməyə bilməzdi. Bununla bağlı biz də öz növbəmizdə məsələyə aydınlıq gətirmək üçün bir sıra addımlar ataraq bələdiyyələrin fikirlərini müvafiq olaraq “Azərpoçt” MMC-nin rəhbərliyinin diqqətinə çatdırmağa nail ola bildik.

Həm Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının, həm də “Bələdiyyələrə onlyan xidmət” mərkəzinin ciddi cəhdlərindən, “Azərpoçt” MMC-nin  rəhbərliyinin isə qaldırılan məsələlərə  konkret cavab vermələri üçün assosiasiyada  görüşün təşkilinə razılıq verməsi bu qurumlar arasında yarana biləcək soyuqluğu bir qədər aradan qaldırmış oldu.

Artıq görüşün keçirilməsindən xeyli müddət keçib. İnanmaq istərdik ki, “Azərpoçt” görüşdə qaldırılan bəzi məsələlərə aydınlıq gətirərək mövcud problemlərin həlliylə bağlı addım atmaqdadır.

***

Bələdiyyələri narahat edən əsas məsələ isə yerlərdə poçt şöbələrinin bağlanmasıyla əlaqədar idi. Belə ki, fəaliyyətdə olan 1496 poçt şöbəsindən 363 rentabelsiz işlədiyinə görə bağlanılmışdı. Rahat şəkildə vergilərini ödəyən sakinlərə əlavə problem yaradılaraq bələdiyyələrlə üz-üzə qoyulmasına, sadəcə təəssüf edirəm.  Bələdiyyələrə və sakinlərə məlumat vermədən, postterminalları və “intenet bankinq” sistemini istfadəyə vermədən bu addımın atılması, konkret olaraq, yersiz idi.

Nəticə etibariylə bu optimalaşdırma nəticəsində kifayət qədər işçi həm də öz iş yerini itirmiş oldu. Bələdiyyələr isə büdcə gəlirlərindən mərhim oldular. Yəni  hər daim poçt xidmətindən yararlanan vergi ödəyicisi birdən-birə əlavə olaraq zaman və məsafə qət etməyə məcbur edildi.

Göründüyü kimi, 363 poçt şöbəsinin bağlanılması həm bələdiyyələrdə, həm də sakinlərdə narahatlıq yaratdığını  xüsusilə qeyd etməliyik. Birdən-birə bu addımın atılması nə qədər məntiqli idi? Yaranacaq problemi, gözlənilən narazılığı əvvəlcədən həll edib sonradan “optimallaşdırmaya” getmək olmazdımı? Üstəlik işsiz qalan işçilərin aqibəti də çoxsaylı suallar yaradır.

***

Belediyye.infonun“ sorğusuna “Azərpoçt”-nin cavabı belə olub: “İşdən ayrılan və ayrılmış əməkdaşların sonrakı məşğulluğu ilə bağlı bildiririk ki, “Azərpoçt”da gedən optimallaşma və regionlaşma proseslərinin nəticəsində heç də bütün əməkdaşlar işdən ayrılmır, onların bir çoxu digər şöbələrdə işlə təmin olunur və olunmaqddır. Bundan başqa, “Azərpoçt” MMC və DOST İş mərkəzi arasındakı razılaşmaya əsasən, “Azərpoçt”a ayrılmış kvotaya uyğun olaraq işsiz qalan əməkdaşlar DOST-a yönləndirilir və onların işlə təmin olunmaları həyata keçirilir.”

 “Poçt şöbələrinin bağlanması nəticəsində bələdiyyələrdə yaranan problemlərin həlli barədə hansı addımlar atılır” -Belediyye.infonun bu sualına isə “Azərpoçt”- MMC rəsmiləri belə aydınlıq gətirib.

-        Poçt şöbələrinin bağlanması və bunun bələdiyyələrin fəaliyyətinə hər hansı problem yaratması haqqında bu günə qədər heç bir bələdiyyədən bizə rəsmi şəkildə müraciət daxil olmayıb. Bununla belə bildiririk ki, əgər çətinlik yaşayan bələdiyyələrdən “Azərpoçt” MMC-yə rəsmi şəkildə müraciət edilərsə, aidiyyəti üzrə araşdırılıb onlara dəstək göstəriləcək.

Etiraf edim ki, “Azərpoçt”un  nə bu cavabı, nədə sakinlərə ünvanladıqları cavablar məni qane etmədi. Cavablarda “alovun üstünə su səpilməsi” konkret olaraq hiss olunmur. Belə olan halda sual olunur, milli bələdiyyə assosiasiyasında görüşün keçirilməsi hansı məqsədlə təşkil edilmişdi. Görüşdə mövcud problemlərin həlliylə bağlı “Azərpoçt”  rəhbərliyinin konkret proqram ortaya qoyması da məhz problemlərin həlli məqsədi daşımırdımı? Problemlərin mövcudluğu etiraf edilirsə və onun həliylə bağlı addımlar atılırsa, demək problemin olması öz təsdiqini tapır. Belə bir ciddi suala bu cür cavabın verilməsini düzgün hesab etməsəm də, hər halda görüşün təşkilindən və “Azərpoçt”  rəhbərliyinin görüşdə tutduğu mövqedən müəyyən mənada razı qaldım.

Fatmayı kəndində olan poçt şöbəsinin bağlanmasına isə“Azərpoçt” belə münasibət bildirib:

-        Fatmayi kənd poçt şöbəsinin inzibati binası şöbənin fəaliyyəti müddətində dövlət mülkiyyətində olub və bu əsasda istismar edilib. Poçt şöbəsinin fəaliyyəti dayandırıldıqdan sonra isə istifadə olunmayan əmlak kimi qaydalara uyğun olaraq inzibati binanın Əmlak Məsələləri Dövlət Xidmətinə qaytarılması nəzərdə tutulur. Şöbənin fəaliyyətinin yenidən davam etdirilməsi isə yaxın gələcəkdə nəzərdə tutulmur.

Bu məqamda əlavə edim ki, poçt şöbəsinin binası məhz bələdiyyənin maliyyə vəsaitiylə inşa edilib və fəaliyyəti dövründə bələdiyyə tərəfindən bir neçə dəfə təmir edilib. Əldə etdiyim məlumata inansaq, o binanın Əmlak Məsələləri Dövlət Xidmətinə hər hansı formada aidiyyəti yoxdur. Əgər varsa demək ortalıqda hansısa sənəd olmalıdır. Varmı o sənədlər paketi?  Müvafiq kənd bələdiyyəsinin sədri tamam əks-fikri təsdiq edir.

“Azərpoçt” rəsmiləri “cari ildə hansı yeniliklərlə sakinlərin və bələdiyyələrin qarşısına çıxmaq niyyətindədir”- sualını isə belə cavablandırıblar.

-        Bildirmək istəyirik ki, transformasiya və rəqəmsallaşma dövrünü yaşayan “Azərpoçt” bu günlərdə “İnternet bankçılıq” layihəsini istifadəyə verib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulan bu proqram müştərilərə onlayn, təhlükəsiz və rahat şəkildə bir çox bank əməliyyatlarını-  pulköçürmələrini və əməkhaqqı köçürmələrini həyata keçirmək, bütün növ bank köçürmələrini izləmək, ödəniş tapşırığı və çıxarış əldə etmək və s. yerinə yetirməyə imkan verir. Bu rəqəmsal həlldən hüquqi şəxslərlə yanaşı, bələdiyyələr də faydalana bilərlər.

***

Beləliklə, problem var və bu problem həlliylə bağlı “Azərpoçt” addım atır. Ən vacib xəbər isə bütün hallarda “İnternet bankinq” sisteminin hazır olmasıdır. Amma məsələ ondadır ki, hazır olan bir sistem barəsində bələdiyyələr məlumatlandırılmalı və bəlkə də bəzi stimullaşdırıcı addımların atılması daha məqsəduyğun hesab edilməlidir.

Hər halda mövcud problemlərin həlliylə bağlı “Azərpoçt” rəhbərliyinin operativ reaksiya verməsini təqdirəlayiq hal hesab edirəm. Belə məqamda birmənalı olaraq ləğv edilən poçt şöbələrinin fəaliyyətinin bərpasına veto qoyulması düzgün qərar deyil. Ən əsası bələdiyyələri və xüsusəndə sakinləri “Azərpoçt”dan narazı salan hər bir məqam öz həllini tapmalıdır. Konkret. Məhz bu cür olarsa “Azərpoçt”  cənab Prezidentin tələb etdiyi vətəndaş məmnunluğunu təmin etmiş olacaqdır.

Düşünürəm ki, az bir zaman kəsiyində “Azərpoçt” bələdiyyələrlə  qarşılıqlı əməkdaşlıq əlaqələri quracaq,  həyata keçirdyi layihələrlə həm bələdiyyələri, həm də vergi ödəyicilərini narahat edən məsələləri həll edərək yaranan narazılığı tezliklə aradan qaldırmış olacaqdır.

P.S. Belediyye.info tərəfindən göndərilən sorğunu opretiv şəkildə cavablandırılmasında göstərdiyi dəstəyə görə “Azərpoçt” MMC-nin mətbuat katibi Afaq İbrahimovaya təşəkkür edirəm.  

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyin sədri

 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Qax bələdiyyələri: faktlar və rəqəmlərdə

Gündəlik Xəbərlər
06-08-2024

Ədliyyə naziri qəbul keçirib

Gündəlik Xəbərlər
24-07-2024