Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-04-2023 , 18:42

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyə fəaliyyətinin səmərəliliyi artırılır

Demokratiyanın, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ən mühüm inkişaf şərtlərindən olan yerli özünüidarəetmə orqanlarının - bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, ölkənin sosial, iqtisadi, siyasi və mədəni inkişafında iştirakının genişləndirilməsi üzrə tədbirlər davam etdirilir.

Yerli özünüidarəetmə orqanları özünəməxsus inkişaf yolu keçərək ölkəmizdə aparılan hərtərəfli quruculuq işlərində, o cümlədən sosial, iqtisadi, ekoloji və digər layihələrin, çoxsaylı regional proqramların reallaşmasında önəmli rol oynayırlar.

Səmərəli yerli özünüidarəetmənin təşkili, bələdiyyələrin qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətlərinin həyata keçirilməsi üçün kifayət qədər maliyyə imkanlarının olması vacib şərtlərdəndir. Bu məsələ Ədliyyə Nazirliyinin diqqət mərkəzində olmuş, yerli büdcə gəlirlərinin artırılması istiqamətində son illər gücləndirilmiş tədbirlər həyata keçirilmişdir (vergi tutma obyektlərinin uçotunun dəqiqləşdirilməsi, yerli vergi və ödənişlərin düzgün hesablanması və ödənilməsi, torpaq icarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılması, icarə haqlarının yerli büdcələrə tam ödənilməsi və s.).

Bəzi statistik rəqəmlərin müqayisəli təhlili göstərir ki, bu tədbirlər nəticəsində son illərdə nəzərə çarpacaq dərəcədə müsbət irəliləyişlər əldə olunmuşdur.

Belə ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatı əsasında 2022-ci ildə ümumi büdcə gəlirləri 47,4 milyon manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 5,7 milyon manat (14%) çoxdur. O cümlədən yerli vergilərdən daxil olmalar 20,5 milyon manat təşkil etmişdir ki, bu da 2021-ci illə müqayisədə 1,5 milyon manat (8%) çoxdur.

Son iki ildə (2021 və 2022-ci illər) isə ümumi yerli büdcə gəlirləri 2020-ci illə müqayisədə 12,4 milyon manat (35%), yerli vergilərdən daxil olmalar isə 6 milyon manat (43%) artmışdır.

Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələr üzrə isə 2022-ci ildə ümumi büdcə gəlirləri 14,3 milyon manat, əvvəlki illə müqayisədə 2,8 milyon manat (24%), yerli vergilərdən daxil olmalar isə 10,6 milyon manat, əvvəlki illə müqayisədə 1,9 milyon manat (22%) çox olmuşdur.

Bakı bələdiyyələri üzrə son iki ildə ümumi büdcə gəlirləri 5,3 milyon manat (58%), o cümlədən yerli vergilərdən daxil olmalar 4,5 milyon manat (73%) artmışdır.

Ümumilikdə 2022-ci il üzrə büdcə gəlirləri 2014-cü ildən etibarən ən yüksək göstəricidir. Son 12 ildə (2021 və 2022-ci illər istisna olmaqla) ümumi büdcə gəlirləri yalnız 2013-cü və 2014-cü illərdə 40 milyon manatdan çox olmuşdur (2013-cü ildə 47,2 milyon manat, 2014-cü ildə isə 49 milyon manat). Lakin 2013 və 2014-cü illərdə ümumi büdcə gəlirlərinin müvafiq olaraq 23 milyon manatını (48,8%-ni) və 20 milyon manatını (41,8%-ni) torpaq satışından daxil olan vəsait təşkil etmişdir. Halbuki, 2022-ci ildə bu mənbədən daxil olan vəsait müsbət hal kimi əsaslı şəkildə azalaraq ümumi büdcə gəlirlərinin 19%-ni (9,1 milyon manat) təşkil etmiş, yerli büdcə gəlirlərindəki əsaslı artım vergilərin toplanması, debitor borcların yığılması və s. mənbələr hesabına əldə edilmişdir.

Bələdiyyələrin maliyyə vəziyyətində baş verən müsbət dəyişikliklər onların yerli özünüidarəetmənin mahiyyətinə uyğun daha səmərəli fəaliyyət göstərmələrinə şərait yaradır.

https://justice.gov.az/news/3508


Rəylər

0 Rəy


Rəy yaz