Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-06-2024 , 08:55

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

Azərbaycan Respublikasında yerli özünüidarənin inkişafının  yol xəritəsi və onun vəzifələri

Azərbaycan Respublikasında yerli özünüidarə sisteminin təşkili ilə əlaqədar olaraq 1999-2001-ci illərdə Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi altında həyata keçirilmiş sürətli normayaradıcılıq prosesinin nəticəsində yerli özünüidarə hüququnun standartlaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir. Həmin illərdə qəbul edilmiş və Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış “Bələdiyyələrin statusu haqqında” (02.07.2001-ci il), “Bələdiyyələrin mülkiyyətinə əmlakın verilməsi haqqında” (07.12.1999-cu il), “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” (27.12.2001-ci il), “Yerli özünüidarə haqqında Avropa Xartiyasının təsdiq edilməsi barədə” (25.12.2001-ci il) Azərbaycan Respublikası qanunları ilə beynəlxalq hüququn çərçivə normalarının milli qanunvericilik səviyyəsində implementasiyası təmin edilmiş və bələdiyyə fəaliyyətinin standartlaşdırılması üçün hüquqi baza yaradılmışdır.

 Azərbaycan Respublikasında yerli hakimiyyətin yenidən qurulması və yerli özünüidarənin inkişaf etdirilməsinin ümumi konsepsiyası çərçivəsində yerli özünüidarənin standartlaşdırılması bələdiyyə problemlərinin həlli üçün Forsayt metodlarından istifadə edilməsinə imkanlar yaradır. Xüsusilə, yol xəritələri metodologiyasının köməyi ilə yerli özünüidarənin inkişafını ləngidən maneələrin aradan qaldırılması üzrə tədbirlər müəyyənləşdirilir, bələdiyyə sektorunun vahid inkişaf strategiyasının işlənib hazırlanması mümkün olur.

 Azərbaycan Respublikası üzrə yerli özünüidarənin yol xəritəsinin işlənilib hazırlanmasının zəruriliyi aşağıdakılarla şərtləndirilə bilər:

 1. Konstitusiya hüququnda yerli özünüidarənin xalq hakimiyyətinin forması kimi Konstitusiya ilə təsbit edilməsi ilə bağlı qeyri-müəyyənliyin mövcud olması;

 2. Yerli hakimiyyətin və səlahiyyətlərin yerli icra hakimiyyəti orqanları ilə bələdiyyələr arasında bölünməsinə dair qanunvericiliyin müddəalarında paralelliyin olması;

 3. Qanunvericiliyin dövlət əmlakının bələdiyyələrin mülkiyyətinə verilməsinə dair normalarının icra olunmaması;

 4) Yerli özünüidarə səviyyələrinin fərqləndirilməsi və onların arasında qarşılıqlı əlaqələrin tənzimlənməsinin zəruriliyi;

 5) Avropa Xartiyasının keyfiyyət xarakteristikalarının qiymətləndirilməsi, onun normalarının quruluşuna xas olan qüsurların aşkar edilməsi və tanınması;

 6) Demokratiya və hakimiyyətin əks-mərkəzləşməsi prinsiplərinə əsaslanan yerli özünüidarə sisteminin yaradılmasının zəruriliyi.

 Yerli özünüidarə sahəsində mövcud olan problemlər yerli özünüidarənin inkişafını ləngidən maneələrin konstitusion – hüquqi qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilir. Aparılan tədqiqat 2000-2024-cü illərdə yerli özünüidarə sahəsində mövcud vəziyyətin müfəssəl GZİT təhlilinin nəticələrinin yerli özünüidarənin yaxın və orta müddətli inkişafının perspektivlərini və prioritetlərini əks etdirən yol xəritəsinin işlənilməsi üçün elmi mənbə rolu oynadığını təsdiq edir. Yol xəritəsi üçün cari vəziyyətin təhlilinin əhəmiyyəti onunla müəyyən edilir ki, bu tədqiqat metodologiyasının köməyi ilə 2000-2024-cü illərdə yaranmış vəziyyət təsvir edilir, inkişaf prosesinin güclü və zəif cəhətləri aşkar edilir, mövcud imkanlar və təhlükələr qiymətləndirilir, arzuolunan yerli özünüidarə modelinin qurulması üçün istiqamətlər əsaslandırılır, yol xəritəsinin realizəsi prosesində problemlərin və maneələrin aradan qaldırılmasının yolları göstərilir və yol xəritəsinin icrasının qiymətləndirilməsi meyarları və göstəriciləri müəyyənləşdirilir.

 Azərbaycan Respublikasında yerli özünüidarənin inkişafı perspektivlərini və prioritetlərini müəyyənləşdirən yol xəritəsinin hazırlanması prosesi aşağıdakı mərhələlərdən ibarətdir:

 1. 2000-2024-cü illərdə Azərbaycan Respublikasında yerli özünüidarə sisteminin yaranması və həyata keçirilməsi üzrə fəaliyyətin nəticələrinin qiymətləndirilməsi;

 2. Yerli özünüidarənin inkişafı perspektivləri və prioritetlərinin əsaslandırılması;

 3. Yaxın və orta müddətli perspektivdə yerli hakimiyyətin həyata keçirilməsinin təşkilati-hüquqi formaları və onların qarşılıqlı əlaqələrinin hüquqi tənzimlənməsi;

 4. Vətəndaşların yerli özünüidarə hüququnun təmin edilməsi;

 5. Bölgə mərkəzlərində (rayonlarda) yerli özünüidarənin təşkili sisteminin təkmilləşdirilməsi;

 6. Şəhərlərdə bələdiyyə idarəetməsinin inkişaf etdirilməsi;

 7. Paytaxt şəhərinin yerli özünüidarə sisteminin yenidən qurulması;

 8. Yol xəritəsinin monitorinqi və gözlənilən nəticələrin təsviri.

 Müasir dövrdə Azərbaycan Respublikası üçün yerli özünüidarənin inkişafının yol xəritəsinin hazırlanması 2000-2024-cü illərdə bələdiyyə quruculuğu sahəsində yaranmış vəziyyətin qiymətləndirilməsindən və proqnozlaşdırılan yerli özünüidarə konstruksiyasının “karkas elementi”nin müəyyənləşdirilməsindən başlanır. Yerli özünüidarənin inkişafını ləngidən maneələrin təsnifatının tərtib olunması istiqamətində tərəfimizdən aparılan tədqiqat 2000-2024-cü illərdə respublikada bələdiyyə quruculuğu sahəsində yaranan real vəziyyətin qiymətləndirilməsinin kəmiyyət və keyfiyyət göstəricilərini əsaslandırmağa imkan verir. Həmin göstəricilərin yerli özünüidarənin inkişafının istiqamətlərinin proqnozlaşdırılması üçün nəzərə alınması zəruridir.

 Azərbaycan Respublikasında yerli özünüidarə sisteminin inkişafını ləngidən maneələrin aşkara çıxarılması və aradan qaldırılması ilə bağlı problemlərin Forsayt metodologiyasına əsaslanan yol xəritəsindən istifadə edilməklə həll edilməsi aşağıdakı məqsədlərin realizə edilməsi ilə şərtləndirilir:

 -         Yerli özünüidarənin təşkili sahəsində mövcud vəziyyətin retrospektivdə qiymətləndirilməsi;

 -         Yerli özünüidarəyə dair beynəlxalq hüquq və milli hüquq normalarının təkmilləşdirilməsi və konvergensiyasının təmin edilməsinə yönəldilən təkliflərin və tövsiyələrin əsaslandırılması;

 -         İnzibati-hüquqi maneələrin aradan qaldırılması;

 -         Yerli əhalinin özünüidarə hüququnun realizə edilməsi qaydalarının, vasitələrinin və üsullarının təkmilləşdirilməsi;

 -         Bələdiyyə-dövlət və bələdiyyə-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsi;

 -         Bələdiyyə idarəetməsinin səmərəliliyin yüksəldilməsi;

 -         Yerli özünüidarənin inkişafı üzrə yol xəritəsinin monitorinqi və qiymətləndirilməsi.

  Sahil Hüseynov

 Milli Aviasiya Akademiyasının  “Hüquq” kafedrasının müdiri, h.f.d.                      

Rəylər

0 Rəy


Rəy yaz