Mingəçevir təmsilçiləri Özbəkistanda səfərdə olub
Mingəçeviri təmsil edən nümayəndə heyəti Özbəkistanın Namanqan şəhərində keçirilən “Namangan Flowers-2024” 63-cü beynəlxalq gül festivalında iştirak ediblər.
İyunun 20-də açılış mərasimi keçirilən festivalda Özbəkistanın mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov, Azərbaycan, Niderland, Türkiyə, Rusiya, Qırğızıstan, Tacikistan, Türkmənistan, Cənubi Koreya və digər ölkələrdən gələn mədəniyyət rəhbərləri, incəsənət nümayəndələri, professional gülçülər, landşaft dizaynerləri, tanınmış şəxsiyyətlər qatılıblar.
Hər il ənənəvi olaraq keçirilən gül festivalında Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının müavini Hikmət Kərimov, şəhər Bələdiyyəsinin sədr müavini Əli Əliyev, Mingəçevir Toxuculuq fabrikinin direktoru Əli Əsədov, Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Soltan iştirak ediblər.
Nümayəndə heyəti Namanqan şəhərində fəaliyyət göstərən Mədəniyyət Evi, Namanqan Dövlət Dram Teatrı, Kukla Teatrının rəhbər heyəti ilə görüş keçiriblər.
Nümayəndə heyəti həmçinin fabriklərin fəaliyyəti, avadanlıqlarla yerində tanış olaraq, Mingəçevir şəhəri ilə Namanqan şəhərinin mədəni iqtisadi inkişafına yüksək töhfə verən bu fabriklərin birgə inkişafının artırılması istiqamətində müzakirələr aparıb.
Özbəkistanın Daşkənddən sonra ikinci ən çox əhalisi olan Namanqan şəhərində keçirilən festival maşınlarının paradını, şəhər sakinləri və qonaqlar alqışlarla qarşılayıblar.
Qeyd edək ki, Mingəçevirlə Özbəkistanın Namanqan şəhəri qardaşlamış şəhərlərdir.
Rəylər
0 Rəy