Bu yenilik insan resurslarından effektiv istifadəsinə imkan yaradacaq: BƏLƏDİYYƏ SƏDRİ YAZIR
Zığ Bələdiyyəsində vergi daxilolmalarının artırılması əsasən yeni əldə edilmiş çıxarışlar əsasında evlərin vergi uçotuna alınması, eləcə də uzunmüddətli vergi borcu olan vətəndaşların borclarının qanunvericiliyə uyğun qaydada İcra və Probasiya Xidmətinə yönləndirilməsi hesabına mümkün olur.
Nəzərə alsaq ki, Zığ Bələdiyyəsinin inzibati ərazisinin
xeyli hissəsi neft torpaqlarından ibarətdir, bu səbəbdən torpaq vergisi üzrə
daxilolmaların əhəmiyyətli dərəcədə artacağını gözləmək məqsədəuyğun hesab
edilmir.
Növbəti ildən vergi bildirişlərinin onlayn qaydada təqdim
olunmasına başlanılmasını müsbət addım və bələdiyyə fəaliyyətində tam rəqəmsallaşmaya
keçid istiqamətində mühüm mərhələ kimi qiymətləndiririk. Bu yenilik vergi
inzibatçılığının daha səmərəli təşkilinə, iş proseslərinin
optimallaşdırılmasına və insan resurslarından daha effektiv istifadəyə imkan
yaradacaq. Eyni zamanda, bildirişlərin elektron qaydada təqdim edilməsi vergi
müfəttişlərinin iş yükünün azalmasına, gələcəkdə işçi sayının
optimallaşdırılmasına və bununla da bələdiyyənin əməkhaqqı fonduna düşən xərclərin
azaldılmasına şərait yarada bilər.
Onlayn bildiriş sisteminin tətbiqi, həmçinin vergi
inzibatçılığında şəffaflığın artırılması, vətəndaşlarla kommunikasiyanın
asanlaşdırılması və vergi öhdəlikləri barədə məlumatların daha operativ şəkildə
çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu sistemin uğurla tətbiq olunması üçün hazırda BAMS
sistemində qeydiyyatda olan vətəndaşların fərdi məlumatlarının dəqiqliyinin və
düzgünlüyünün təmin edilməsi istiqamətində ciddi hazırlıq işləri aparılır,
mövcud məlumatlar yoxlanılır və zəruri düzəlişlər edilir.
İnanırıq ki, rəqəmsal həllərin tətbiqi bələdiyyənin fəaliyyətinin
daha səmərəli və şəffaf təşkilinə, vergi inzibatçılığının təkmilləşdirilməsinə
və büdcə daxilolmalarının idarə edilməsinin daha da yaxşılaşdırılmasına töhfə
verəcək.
Arzu Aslanova
Suraxanı rayonu, Zığ Bələdiyyəsinin sədri
Rəylər
0 Rəy