“Masallı Zəfər qaçışı 2026” yarımarafonu keçirilib: TƏŞKİLATÇILAR ARASINDA BƏLƏDİYYƏLƏR DƏ VAR
07 noyabr 2026-cı il tarixində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş 21 kilometrlik “Masallı Zəfər qaçışı 2026” yarımarafonu keçirilib.
Yarımarafon
Masallı Rayon İcra Hakimiyyətinin, Masallı, Ərkivan və Qəriblər bələdiyyələrinin
təşkilatçılığı, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və “Bakı
Marafon Klubu”nun tərəfdaşlığı ilə təşkil olunub.
Tədbir
iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini
ehtiramla yad edərək abidələri önünə tər güllər düzüblər.
Yarımarafonun
start nöqtəsində iştirakçıları salamlayan Masallı Rayon İcra Hakimiyyətinin
başçısı Araz Əhmədov ölkəmizdə idmana göstərilən dövlət qayğısından, Prezident
İlham Əliyevin rəhbərliyi ilə idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin
əhəmiyyətindən danışıb. O, bu kimi kütləvi idman tədbirlərinin sağlam həyat tərzinin
təşviqində, gənclərin idmana marağının artırılmasında və Zəfər ruhunun
yaşadılmasında mühüm rol oynadığını vurğulayıb.
Şəhidlərin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Azərbaycan Respublikasının
Dövlət Himni səsləndirildikdən sonra yarımarafona start verilib.
İştirakçılar
Masallı Rayon İcra Hakimiyyətinin qarşısındakı meydandan start götürərək
Masallı şəhəri, Ərkivan qəsəbəsi və Qəriblər kəndindən keçən marşrut üzrə hərəkət
ediblər. 21 kilometrlik məsafəni qət edən idmançılar yarışı Masallı şəhərində
yerləşən Heydər Əliyev Parkında başa vurublar.
Yarışın sonunda
qaliblərə Masallı Rayon İcra Hakimiyyəti tərəfindən kuboklar, Fəxri fərmanlar və
pul mükafatları təqdim olunub. Marşrutu tam başa vuran digər iştirakçılar isə
medal və sertifikatlarla təltif ediliblər.
“Masallı Zəfər qaçışı 2026” yarımarafonu Zəfər Gününün mənəvi dəyərlərinin təbliği, şəhidlərimizin əziz xatirəsinin yaşadılması, eləcə də rayonda idmanın və sağlam həyat tərzinin təşviqi baxımından əlamətdar idman tədbiri kimi yadda qalıb.
Rəylər
0 Rəy