Şabran bələdiyyəsi aztəminatlı ailələrin övladlarına məktəb ləvazimatları təqdim edib
Yeni tədris ilinin başlanması münasibətilə Şabran Bələdiyyəsinin ərazisinə daxil olan şəhər və kəndlərdə yaşayan aztəminatlı ailələrin məktəbli övladlarına məktəb çantaları və zəruri məktəb ləvazimatları hədiyyə olunub.
Sosialyönümlü təşəbbüs çərçivəsində həyata keçirilən tədbirin
əsas məqsədi aztəminatlı ailələrə dəstək göstərmək, onların övladlarının yeni tədris
ilinə hazırlıq prosesinə töhfə vermək və məktəblilərin təhsil almaq üçün bərabər
imkanlarının dəstəklənməsinə xidmət etməkdir.
Bu təşəbbüs dövlətimizin həyata keçirdiyi ardıcıl və məqsədyönlü
sosial siyasətin, əhalinin sosial rifahının yüksəldilməsinə, aztəminatlı və həssas
kateqoriyalardan olan ailələrə diqqət və qayğının artırılmasına yönəlmiş tədbirlərin
yerli səviyyədə dəstəklənməsinin nümunəsidir.
Azərbaycan Respublikasında sosial siyasətin əsas istiqamətlərindən
biri əhalinin, xüsusilə də sosial müdafiəyə ehtiyacı olan ailələrin dövlət
qayğısı ilə əhatə olunması, uşaqların hüquqlarının və onların keyfiyyətli təhsil
imkanlarının təmin edilməsidir. Şabran Bələdiyyəsi də öz fəaliyyətində dövlətimizin
bu istiqamətdə müəyyən etdiyi prioritetləri rəhbər tutaraq sosial məsələlərin həllinə,
aztəminatlı ailələrə və onların övladlarına mümkün dəstəyin göstərilməsinə
xüsusi diqqət yetirir.
Məktəb ləvazimatlarının və çantaların təqdim edilməsi ilə
yanaşı, bələdiyyə tərəfindən həyata keçirilən bu cür sosial təşəbbüslər cəmiyyətimizdə
həmrəylik, qarşılıqlı dəstək və sosial məsuliyyət prinsiplərinin daha da möhkəmləndirilməsinə
xidmət edir.
Şabran Bələdiyyəsi bundan sonra da dövlətimizin sosial siyasətinə
uyğun olaraq əhalinin sosial rifahının yaxşılaşdırılması, aztəminatlı ailələrə
dəstək göstərilməsi və uşaqların hərtərəfli inkişafına əlverişli şərait
yaradılması istiqamətində fəaliyyətini davam etdirəcək.
Yeni tədris ilinin başlanması münasibətilə bütün məktəbliləri təbrik edir, onlara möhkəm cansağlığı, təhsildə uğurlar və yüksək nailiyyətlər arzulayırıq!.
Şabran bələdiyyəsi
Rəylər
0 Rəy