Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-08-2023 , 17:14

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

İcra başçılarının səyyar görüşləri: real vəziyyətdən irəli gələn təkliflər


Etiraf edim ki, son bir neçə il ərzində  ondan artıq icra hakimiyyəti başçısının və  əməkdaşlarının  rüşvət üstündə həbs edilməsi bütünlükdə icra strukturlarına olan inamımı bir xeyli sarsıtmış oldu. Özü də tək mənim yox. Həbs olunanlar arasında ara-sıra bələdiyyə sədrlərinin olması da hər halda təsadüfü deyildi. Həbslərdən nəticə çıxaranlarda oldu, çıxarmayanlarda.

Onu da etiraf etməliyəm ki, bu gün yerində olan, sakini heç olmasa dinləməyi bacaran məmurlar da az deyil. Mərkəzi icra orqanlarının regional idarəetməyə keçid etdiyi və “əlində” əvvəlki səlahiyyətlərinin olmadığı bir vaxtda ortalığa iş qoymağı bacaran, habelə bələdiyyə-icra münasibətlərini sivil şəkildə tənzimləyən icra başçıları da bu gün az deyil. Onu da qeyd edim ki, hazırda bələdiyyələrlə əməkdaşlıq etməyə maraqlı olan, əslində onlarla tərəfdaş kimi davranan siyasi rəhbərlər də  var.

Ancaq bütün bunlarla yanaşı, təəssüf edirəm ki, bu gün bələdiyyə iclasında sədr seçilən şəhid anasına ögey münasibət bildirən həm məmur, həm də siyasi rəhbər də var.  Adını çəkmək istəmədiyim başçının rəhbərlik etdiyi rayonun icra hakimiyyətinə etdiyim müraciətə  çox çətinliklə də olsa 84 gündən sonra cavab almağımı isə təəccüblə baxmıram.  Çünki siyasi rəhbər yerində olsaydı, yəqin ki, RİH-də çalışan məmurda qanunlarımıza hörmətlə yanaşar, vətəndaşla danışanda isə onu  “borclu” çıxarmağa çalışmazdı.  Nə isə.

***

İstər Bakı, istərsə də regionlarda fəaliyyətdə olan RİH-lərin müəyyən bir qismi hazırda bələdiyyələrin fəaliyyətini diqqətdə saxlamaqla yanaşı, onlara dəstək verməyi unutmur. Bu siyahıda paytaxtın Nərimanov, Xətai, Sabunçu, Səbail, Yasamal rayonları həqiqətən nümunə gətirilə biləcək səviyyədədir. Bəzi rayonlarda isə əvvəlki illərdə formalaşmış siyasi rəhbərlərin “hökmranlığına”, ötən illərdəki tək olmasa da, indi də  rast gəlinir.

Fikrimizcə, bələdiyyə-icra münasibətlətinin bu gün  hansı səviyyədə olmasını icra başçılarının səyyar görüşlərində iştirak etməklə müəyyən etmək olar. Yəni səyyar görüşlərdə icra başçısının bələdiyyə sədrlərinə göstərdiyi münasibəti əyani şəkildə  görmək olar. Təəssüf ki,  bu görüşlərdə bəzən bələdiyyə sədrləri icra başçları tərəfindən artıq yerə “yüklənir” və çıxılmaz vəziyyətə salınırlar. 

Məhz bu məqama aydınlıq gətirmək üçün icra başçılarının səyyar görüşlərində iştirak etmək qərarına gəldim.

***

Son iki ay ərzində Hacıqabul RİH başçısının Atbulaq kəndində, Cəlilabad RİH başçısının Çinarlı kəndində və Səbail RİH başçısının “20-ci sahə” yaşayış massivində  keçirdiyi  səyyar vətəndaş qəbullarında, bundan əvvəlki aylarda isə Sabunçu, Nərimanov və Xəzər RİH başçılarının görüşlərində iştirak etmişdim.  Yazılarımda əvvəlki iştirak etdiyim üç görüşə ətraflı şəkildə şərh vermişəm. Odur ki, bu dəfə yalnız bəzi məqamlara müqayisəli şəkildə toxunacağam.

Öncədən qeyd edim ki, görüşlərin hər biri barəsində məlumatı, Xəzər RİH istisna olmaqla, sosal media üzərindən  və yaxud RİH-lərin saytından əldə etmişdim. Xəzər RİH başçısının səyyar görüşü barəsində məlumatı isə əslində çox çətinliklə əldə edə bilmişdim. Bu görüşlərdən gəldiyim bəzi nəticələri diqqətə çatdırmaq istərdim.

Onu da əlavə edim ki, icra başçılarının səyyar görüşlərinin qrafikinin əvvəlcədən açıqlanmaması, görüş vaxtının məxvi saxlanılması məsələsi artıq müəyyən mənada keçmişdə qalıb. Son aylarda bu görüşlər barəsində məlumatlar həm sosial media platformalarında, həm də RİH-lərin saytında yer almaqdadır. Paytaxtın bir sıra mərkəz rayonlarının da bu ənənəyə qoşulması təqdirəlayiq hal olardı. 

Bəzi RİH-lərdə çalışan məmurların heç bir  yeniliyə çan atmaması, təşəbbüsə qoşulmaması, sakinlərlə görüşlərin daha kreativ formada keçirilməsinə maraq göstərməməsi hər halda qəbul  edilən deyil. Üstəlik səyyar görüşlərdə eyni adamların iştirakı, eyni sualların verilməsi, vətəndaşın qəbula yazılmasıyla bağlı əvvəlcədən sorğu-suala tutulması da, birmənalı olaraq, yolverilməzdir. 

***

Son üç görüşdə siyasi rəhbərlərin vətəndaşların qaldırdığı məsələlərə həssaslıqla yanaşması, Hacıqabul RİH başçısı Rüstəm Xəlilovun  vətəndaşın müraciətiylə bağlı icra nümayəndəsinin tutduğu mövqeyə dərhal  reaksiya verməsi, Səbail RİH başçısı Vüqar Zeynalovun görüşə gələn hər bir vətəndaşın ən xırda məsələsinə belə münasibət bildirməsi, Cəlalabad RİH başçısı Rafiq Cəlilovun görüşdən əvvəl qısa şəkildə rayonda həyata keçirilən layihələr barəsində sakinləri məlumatlandırması diqqətimdən qaçmadı.

Əlavə edim ki, təcrübəli kadr kimi Rüstəm Xəlilovun müəyyən məsələlərin həllinə sərt reaksiya verərək  nəticədə həllinə nail olması,  Vüqar Zeynalova müraciət edən vətəndaşın “sizdən bir xahişim var” deməsinə, “iki xahişini de” soyləməsi,  Cəlalabad RİH başçısı Rafiq Cəlilovun vətəndaşların hər bir müraciətini, hətta təkrar söylənilsə belə,  səbrlə dinləməsi həm mənim, həmdə iştirakçıların  ürəyindən xəbər vermiş oldu və razılıqla qarşılandığının şahidi oldum.

Beləliklə, iştirakçısı olduğum bu görüşlərdən hansı nəticəyə gəlmək olar. Maraqlı bir məqam onda idi ki,  Sabunçu və Xəzər rayonlarında keçirilən görüşlərdən fərqli olaraq digər,  iştirak etdiyim dörd görüşdə  mənə bir kimsə yaxınlaşıb heç nə soruşmadı. Bu isə ondan xəbər verir ki,  görüşlərin təşkilində müəyyən hazırlıq hiss olunsa da,  istənilən maraqlı şəxs bu görüşlərdə iştirak edib fikrini bildirməkdə sərbəst idi. Yəni istənilən vətəndaş görüşdə iştirak edərək öz sözünü deyə bilərdi və buna heç kim mane olmayacaqdı.

Ancaq onu da etiraf edək ki, görüşlərdə rayonların bütün kommunal  sahələrini rəsmi şəxslər təmsil etsələr də, onlar sözü olan məsul vəzifə sahibi olmadıqlarından vətəndaşa bir çox hallarda konkret cavab verə bilmirdilər və onlara verilən sualları sadəcə yola verməklə cavab verirdilər.  Yəni  hazırda icra başçılarının regional idarəetmə orqanının rəhbərinə birbaşa müraciət etmək şansları yoxdur. RİH başçısı rayon üzrə məsul olan sektor müdirinə müraciət etməsi isə hələ məsələnin həlli demək deyil.

Müşahidələr göstərir ki, bu gün regional idarəetmə orqanları rayonlarda yaranan problemin sürətli həllini sanki ləngidən orqan təəsüratını yaratmaqdadır. Əvvəl şöbə statusunda olan orqanın bu gün sektor kimi səlahiyyətsiz qurum olaraq fəaliyyət göstərməsi  hər halda vətəndaşın problemin həllini də sual altına qoyur.

Beləliklə, RİH başçılarının səyyar görüşləri vətəndaş narahatlığını bir növ qarşısını almış olsa da, problemi tam və kökündən həll etmək qüdrətində olmaması göz önündədir. Bir çox hallarda vətəndaşın problemlərinin həllinə  siyasi rəhbərin şəxsi təcrübəsi və bacarığı  kara gəlir.  

Nəhayət yekun olaraq qeyd edim ki, idarəetmədə yeniliyin tətbiq edilməsi, məsələlərin həllinə çevik və operativ şəkildə baxılması üçün, həmçinin qurumlar arası əlaqələrdə operativliyin artırlması üçün mütləq şəkildə regional idarəetməyə keçid prosesi sürətləndirilməlidir.

Bu arada isə seçkili orqan olaraq bələdiyyələrin həm statusuna, həm də sayçoxluğuna yenidən baxılmalı, növbəti seçki prosesinədək bu məsələlər öz həllini tapmalıdır. Ən əsası isə regional idarəetməyə keçid zamanı məsuliyyət paylaşılmalıdır. Yəni səlahiyyətin və məsuliyyətin bir hissəsinin bələdiyyələrin üzərinə qoyulması əslində vətəndaşın da məsuliyyət hissini artırmış olacaqdır.

İnanıram ki, ölkə başçısının bir müddət öncə idarəetmədə aparılacaq islahatlarla bağlı verdiyi anonslar tezlikllə öz həllini tapacaqdır.

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyin sədri

 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Ədliyyə naziri qəbul keçirib

Gündəlik Xəbərlər
24-07-2024

QHT Qax rayonunda növbəti görüş keçirib

Gündəlik Xəbərlər
29-06-2024

Qax bələdiyyəsində növbəti görüş

Gündəlik Xəbərlər
28-06-2024

Şəxsiyyət

Gündəlik Xəbərlər
28-06-2024