Adil Əhmədov: “Bələdiyyələrdə elektron sənəd dövrüyyəsinin tətbiqi ilə bağlı hazırda ciddi layihələrin üzərində iş aparılır”
“Bu gün dövlət və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində rəqəmsal texnologiyalardan istifadə bu qurumların səmərəli fəaliyyətinə əlavə üstünlük verməklə, həm də idarəetmənin səmərəliliyini artıran əsas vasitələrdən biri hesab olunur”- bu fikirləri Belediyye.infoya ABMA-nın “Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzi”nin (BRİM) direktoru Adil Əhmədov deyib.
Mərkəz direktoru qeyd edib ki, əhali ilə birbaşa təmasda
olan qurum kimi bələdiyyələrin fəaliyyətinin daha şəffaf, çevik, əlçatan və
hesabatlı təşkil edilməsi xüsusilə əhəmiyyət kəsb edir və bu həm də
qanunvericiliyin tələbidir.
Məlumdur ki, bələdiyyələrin gündəlik fəaliyyətində
çoxsaylı sənədlər, müraciətlər, qərarlar, protokollar, məktublar, arayışlar,
müqavilələr və digər məlumatlar formalaşır. Onu da etiraf edək ki, bələdiyyələrin
cəmiyyətdə çəki və nüfuzu artıqdaca bu qurumlara edilən müraciətlərin də sayı
artır. Belə bir məqamda sənəd dövrüyyəsinin yalnız kağız üzərində hazırlanması,
saxlanılması və bir struktur bölməsindən digərinə fiziki şəkildə ötürülməsi həm
vaxt itkisinə, həm əlavə xərclərə, həm də sənədlərin itməsi və ya gecikməsi
riskinə, hətta bəzi hallarda kənar təsirlərlə neqativ halların yaranmasına da yol aça bilər.
Bu baxımdan elektron sənəd dövriyyəsinin təşkili bələdiyyənin
rəqəmsal transformasiyasının əsas elementlərindən biri hesab edilə bilər.
Adil Əhmədov bildirib ki, elektron sənəd dövriyyəsi
sənədlərin yaradılması, qeydiyyata alınması, göndərilməsi, qəbul edilməsi,
razılaşdırılması, imzalanması, icrasına nəzarət və arxivləşdirilməsi proseslərinin
elektron informasiya sistemləri vasitəsilə həyata keçirilməsidir.
Nəzərə alınmalıdır ki, bu gün bələdiyyələrə təklif
edilən mövcud rəqəmsal həllər bələdiyyə fəaliyyətinin bütün aspektlərini tam əhatə etmir. Bunu nəzərə almaqla BRİM-ə müraciət
edən təşkilatlara prosesin Bələdiyyələrin Vahid İnformasiya Sistemində formalaşmış məlumatlar əsasında qurulması və digər
cari fəaliyyətlərlə bağlı müvafiq tövsiyyələr verilməkdədir.
Odur ki, elektron sənəd dövrüyyəsinin tətbiqi ilə
bağlı zəruri addımların atılması ilə
bağlı ABMA-nın “Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzi” müvafiq
qurumlar qarşısında məsələ qaldırıb. Bu ideyanın gerçəkləşdirilməsi və bu
istiqamətdə bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi üçün hazırda ciddi layihələr
icra edilməkdədir. Və nəzərə alaq ki, bələdiyyələrdə rəqəmsallaşdırma prosesinin
tətbiq ilə bağlı artıq ölkə başçısının müvafiq sərəncamı ilə vergi bildirişlərinin
artıq onlyan qaydada paylanılması nəzərdə tutulub. Növbəti ilin yanvar ayından
artıq bələdiyyələrin vergi xidmətləri vergi ödəyicilərinə bildirişləri onlyan
qaydada təqdim edəcəklər.
Düzdür, bu gün elektron sənəd dövrüyyəsinin tətbiqi
ilə bağlı bir sıra fəal bələdiyyələr müəyyən addımlar atılır və fəaliyyətlərində
tətbiq edirlər. Lakin bu proses daha təkmil, daha müasir şəkildə tətbiq edilsə, bələdiyyələrin fəaliyyətinə öz müsbət təsirini daha yaxşı göstərə bilər. Odur
ki, ABMA-nın “Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzi” bununla bağlı
ciddi və konkret layihələrin icrası ilə bağlı müzakirələrdən sonra öz təkliflərini hazırlayıb.
Güman etmək olar ki, yaxın günlərdə müvafiq qurumlar
tərəfindən ilkin hazırlanmış proqram test rejimində bir sıra bələdiyyələrdə tətbiqinə start veriləcəkdir. Test zamanı üzə çıxan əyər-əskikliklər aradan qaldırılandan sonra digər bələdiyyələrin istifadəsinə təqdim ediləcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy